Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyi gözlənir. Bu barədə yanvarın 7-də jurnalistlərlə görüş zamanı prezident İlham Əliyev danışıb.
Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.
Prezident vurğulayıb ki, son vaxtlar bir neçə metro stansiyası istifadəyə verilib. Amma bəzi ekspertlər hesab edir ki, bu proses ləng gedir. Eyni zamanda, ötən ilin sonu yeni bir stansiya istifadəyə verilməli olsa da, bu baş tutmayıb.
"...Vəsait çatışmazlığı ilə bağlıdır"
Ötən ilin sonu "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, "Bənövşəyi xətti" üzrə inşa edilən stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb və bu, vəsait çatışmazlığı ilə bağlıdır.
"Bakı Şəhərinin Baş Planı – 2040" sənədində qeyd olunur ki, hər yeni metrostansiyanın tikintisinə orta hesabla 187 milyon manat tələb olunur və 2027-ci ilə qədər altı stansiyanın tikintisinə 1 milyard 122 milyon manat lazımdır. 2040-cı ilə qədər 20 yeni metrostansiyanın tikilməsi planlaşdırılır. Bunun üçün 3 milyard 740 milyon manat tələb olunur. Plana görə, hazırda istifadə olunan 25 stansiyaların sayı 46-ya çatdırılmalıdır.
"Dövlətin pulu var"
Paytaxt Bakıda tıxac probleminə toxunan Milli Məclis deputatı Elşad Musayev "Turan"a Türkiyə təcrübəsini misal gətirir: "Problemin həll yollarından biri yeraltı nəqliyyatda stansiyaların sayının artırılmasıdır. Məsələn, İstanbulda həddindən artıq çox metrostansiya var və bu, tıxacların azalmasına kömək edir. Düşünürəm ki, bizdə də bu addım atılsa, doğru olar".
O vurğulayıb ki, bu planı həyata keçirmək üçün dövlətin pulu var və lazım olan vəsait ayrıla bilər.
"Metro genişlənməsə, ciddi fəsadlara gətirib çıxaracaq"
Nəqliyyat eksperti Ərşad Hüseynov da mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, Bakı metropolitenində işlər vəsait ayrılmadığına görə ləng gedir: "Amma ümid var ki, işlər sürətlənəcək. COP-29 zamanı beynəlxalq maliyyə təsisatlarının biri ilə Bakıda metro tikintisinə dair saziş imzalanıb. Belə başa düşülür ki, bura kreditlər cəlb olunacaq. Amma dövlətin özünün də bunu reallaşdırmaq üçün potensialı var".
Ekspertin sözlərinə görə, metro genişlənməsə, bu, ciddi fəsadlara gətirib çıxaracaq: "Fəsadlar artıq göz qabağındadır. Şəhərdə tıxaclar daha sürətli xarakter alır, insanlar yollarda daha çox vaxt itirir, yol-nəqliyyat hadisələri çoxalır. Bütün bunların ziyanını toplayıb pula çevirsən, bu, yeni metrostansiyaların tikintisi üçün lazım olan vəsaitin bir neçə qatıdır. Vəsait qoyulmasa, vəziyyət daha da pisləşəcək, çünki yerüstü nəqliyyat inkişaf etmir. Əslində biz çox gecikmişik. Bakıda indi 40 stansiya olmalı idi".