Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:23

Bayden: Rusiya nəyin bahasına olursa olsun dünya gücü kimi qalmaq istəyir


Vladimir Putin (solda) və Co Bayden
Vladimir Putin (solda) və Co Bayden

Baydenin sözçüsü deyib ki, Ağ ev “Rusiya ilə münasibətləri nə yenidən qurmağa, nə də gərginləşdirməyə çalışır”

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin bəyan ediblər ki, ilk görüşləri zamanı bir sıra kiçik məsələlərdə ortaq məxrəcə gələ biliblər.

İyunun 16-da Cenevrədə keçirilən üç saatlıq görüşdən sonra Bayden bildirib ki, müzakirələr bəzi hallarda son dərəcə gərgin olub.

Öz növbəsində Putin deyib ki, o bu söhbəti “konstruktiv və təcrübəli partnyorla praqmatik danışıqlar” kimi qiymətləndirir.

Görüşün yekunu olaraq qəbul edilmiş birgə bəyanatda deyilir:

"Biz, Birləşmiş Ştatların prezidenti Cosef R. Bayden və Rusiya Federasiyasının prezidenti Valdimir Putin qeyd edirik: Birləşmiş Ştatlar və Rusiya nümayiş etdirdilər ki, hətta gərginlik zamanlarında da strateji sferada proqnozlaşdırmanın təmin edilməsi, silahlı münaqişələrin və nüvə müharibəsi hədəsinin qarşısının alınması kimi ortaq məqsədlərdə tərəqqiyə nail ola bilirlər.”

Bayden bildirib ki, Putinin hərəkətləri onun ölkəsinin dünya səhnəsindəki mövqeyini sarsıdır.

ABŞ prezidenti deyib ki, Rusiya nəyin bahasına olursa olsun böyük dünya gücü olaraq qalmağa çalışır.

Putin bildirib ki, bir çox məsələlərdə iki ölkə arasında fərqlər olsa da, onun nəzərində hər iki tərəf bir-birini başa düşmək istəyini nümayiş etdirib.

Bayden tərəflər arasında 'təməl qaydalardan' danışıb

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuat konfransı keçirib.

O bundan əvvəl Putinin keçirdiyi mətbuat konfransına baxdığını etiraf edib.

Bayden bu görüşdə Rusiyada Aleksey Navalnının işi də daxil, insan haqlarının vəziyyəti məsələsini məxsusi olaraq qaldırdığını deyib.

Jurnalistlərdən biri Baydenə Putinin Aleksey Navalnı kimi opponentləri yanvarın 6-da Konqres binasına hücum edənlərlə müqayisə etdiyini xatırladıb.

Bayden bunun “axmaq müqayisə” olduğunu deyib.

Legitimlik hökumətdən yox, xalqdan gəlməlidir

ABŞ prezidenti vurğulayıb ki, silahlı qaragüruhun Konqresə basqını ilə, insanların azad və ədalətli seçki tələbi ilə nümayiş keçirməsi arasında böyük fərq var.

ABŞ prezidenti bildirib ki, Amerika “ideyalar üzərində qurulmuş” bir ölkədir və bu ölkədə “demokratik legitimlik” hökumətdən yox, xalqdan gəlir və buna görə də Amerika insan haqları məsələsini qaldırmaqda daim davam edəcəkdir.

Bayden Ukrayna barədə suallara cavab verərkən deyib ki, o bu görüş zamanı ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib.

ABŞ prezidenti görüşün ümumi tonunu “pozitiv” olaraq qiymətləndirib.

“Mən ona başa saldım ki…”

Bayden habelə jurnalistlərdən birinin Putinlə bu görüşdə kibertəhlükəsizlik məsələsini qaldırıb-qaldırmaması, Rusiyadan ABŞ-ın həyati infrastrukturuna hücum olarsa, administrasiyanın necə cavab verəcəyi barədə sualına cabab verərkən deyib:

“Mən ona başa saldım ki, bizim əhəmiyyətli kiberqabiliyyətimniz var və o bunu bilir. Mən dedim ki, onlar əgər təməl normaları pozsalar biz cavab verəcəyik”.

Bayden bildirib ki, o Rusiya prezidentinə həyati ifrastrukturun 16 həssas vahidinin siyahısını verib və bunların istər kiber, istərsə də başqa hücumlardan istisna olunmalı olduğunu deyib.

ABŞ prezidenti əmin olduğunu bildirib ki, Putin onun xəbərdarlıqlarına qulaq asacaq:

“Düşünürəm ki, onun indi ən az istədiyi soyuq müharibədir”.

Putinin qəlbi barədə

Co Bayden habelə Putinlə görüşün zəruriliyinə haqq qazandırıb. O deyib ki, üzbəüz danışığın alternativi yoxdur.

ABŞ prezidenti Putinə bildirdiyini deyib ki, iki tərəf arasında “yol hərəkətinin təməl qaydaları” müəyyənləşdirilməli və buna əməl olunmalıdır.

İki lider İranla bağlı birgə işin mümkünlüyünü, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını da müzakirə ediblər.

Media xəbərlərində deyilir ki, Bayden Putinə iki hədiyyə verib.

Bunlardan biri onun özünün də xoşladığı Aviator eynəyi, digəri isə Amerika bizonunun büllur fiquru idi.

Co Bayden Putinin “qəlbi olmaması” barədə 2011-ci ildə verdiyi şərh barədə suala cavab verməyib.

Bayden Putinlə söhbətində AzadlıqRadiosunun məsələsini qaldırıb

Prezident Co Bayden rusiyalı həmkarı ilə danışıqlarda AzadlıqRadiosunun Rusiyadakı işinin əngəllənməsi və jurnalistlərin qısnanması məsələsini də qaldırıb.

Bunu Vladimir Putin görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyada “xarici agent” elan edilmiş Amerika mediası Rusiya qanunvericiliyinə tam əməl etmir.

Rusiya prezidenti vurğulayıb ki, Rusiyada bu medialar “xarici agent” siyahısına ABŞ-da Rusiyanın RT telekanalı “xarici agent” elan edildikdən sonra salınıb.

Putin əlavə edib ki, AzadlıqRadiosunun Rusiyadakı işi ilə bağlı situasiyanı “Xarici İşlər Nazirliyi” vasitəsilə “yoluna qoymaq” mümkün ola bilər.

O məsələnin xırdalıqlarına varmayıb.

Putin Baydenlə görüşü 'xeyli konstruktiv' adlandırıb

Vladimir Putin ABŞ prezidenti Co Baydenlə görüşünün dərhal ardınca keçirdiyi mətbuat konfransında danışıqların “xeyli konstruktiv” olduğunu, “düşmənçiliyin” olmadığını bildirib.

O deyib ki, tərəflər səfirlərin Vaşinqton və Moskvadakı vəzifələrinə qayıdacaqlarına dair razılıq əldə ediblər.

Putin suallara cavab verərkən bildirib ki, iki prezident kibertəhlükəsizlik məsələlərini ayrıca müzakirə etmək barədə razılaşıblar.

Rusiya prezidenti dövlət orqanlarının kiberhücumlarla əlaqəsini inkar edib və deyib ki, Rusiya da kiberhücumlara məruz qalır.

Putin bildirib ki, danışıqlarda nüvə silahlarına nəzarətə dair müqavilənin müzakirəsinin uzadılmasına dair razılıq ifadə olunub.

Rusiya prezidenti deyib ki, tərəflər habelə Rusiya və ABŞ-da məhbus olan vətəndaşların mübadiləsi barədə müzakirələri istisna etmirlər.

Navalnı

Putin Qərbin onun ölkəsini “düşmən” adlandırmasından gileylənib.

Rusiyada Aleksey Navalnı və müxalifətə qarşı repressiyalar barədə suala cavab verərkən Putin deyib ki, Navalnı ölkə qanunlarını bilərəkdən və dəfələrlə pozub.

Putin bu suala cavab verərkən mövzunu xeyli geniş müstəviyə çıxarıb və bildirib ki, ABŞ-da da atışmalar və ölənlər olur.

Ukrayna barədə

Ukrayna barədə suallara cavab verərkən Rusiya prezidenti deyib ki, buradakı münaqişənin Minsk razılaşmaları əsasında həll olunmalı olduğunu Moskvanın opponentləri də qəbul edirlər, amma rəsmi Kiyev Minsk razılaşmaları ilə heç bir bağlılığı olamayan yeni danışıq çərçivəsi istəyir.

Putin adını çəkməsə də, 2014-cü ildə Ukraynada seçkili prezidentin devrilməsini və bunun heç də stabillik gətrimədiyini vurğulayıb.

Bayden-Putin danışıqları başa çatdı

Cenevrə şəhərində ABŞ və Rusiya prezidentləri Co BaydenVladimir Putin arasında danışıqlar başa çatıb.

Ağ Ev əvvəlcə bildirmişdi ki, ikitərəfli danışıqların ikinci dövrəsi iki hissədən ibarət olacaq.

Belə görünür ki, bu, baş verməyib, çünki geniş heyətdə görüş yalnız bir saat çəkib.

Beləliklə görüş Ağ Evin gözlədiyindən əvvəl başa çatıb.

Bayden və Putinin ayrılıqda mətbuat konfransları başlanıb.

Bayden-Putin sammitinin başlanğıcında əvvəlcə iki ölkənin xarici siyasət idarələrinin başçıları – Entoni Blinken və Sergey Lavrovun iştirakı ilə məhdud çevrədə danışqılar olub.

Bu görüş iki saatadək çəkib. Görüşdən əvvəl Bayden və Putin ayaqüstü danışıblar.

Putin ABŞ prezidentinə bu görüşü təklif etdiyinə görə təşəkkürünü bildirib.

Baydensə deyib ki, hansı sahələr üzrə birgə işləməyin mümkünlüyü müəyyən edilməlidir.

Bayden və Putinin birgə mətbuat konfransı nəzərdə tutulmayıb.

“Reuters” Bayden-Putin sammitinin başlandığını xəbər verir. Onlar əl sıxaraq İsveçrə Prezidenti Qay Parmelin ilə birlikdə sammitin keçirildiyi villaya daxil olublar. Parmelin iki lideri alqışlayaraq onlara “faydalı dialoq” arzulayıb.

Sammitdə ABŞ-ın Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və tərcüməçilər iştirak edəcəklər. Danışıqlar daha sonra daha geniş formata, aparıcı müşavirlərin iştirakıyla davam etdiriləcək, bir neçə saat çəkəcəyi gözlənir.

Bayden iyunun 15-də Cenevrəyə gedib. Putinin təyyarəsi isə iyunun 16-də səhər tezdən Soçidən Cenevrəyə çatıb.

Görüşdən bir neçə saat öncə Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinin Baydenlə danışıqları “asan keçməyəcək” və hansısa ciddi irəliləyiş gözlənilmir.

“Uzun müddət gözardı olunan, müzakirə edilməli xeyli məsələ var. Bu səbəbdən Prezident Putin sualları səmimi və konstruktiv qoyaraq onların həllini tapmağa cəhd yanaşması ilə gəlir”, – Peskov deyib.

***

İyunun 16-da ABŞ Prezidenti Co Bayden Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməlidir. Bu görüş Rusiya-ABŞ münasibətlərinin Soyuq Müharibədən bəri ən aşağı həddə düşdüyü dönəmdə keçirilir. Cəmi bir neçə ay öncə isə Bayden rusiyalı həmkarının qatil olduğuna inandığını demişdi.

Daha sərt, amma...

Putin ölkəsində siyasi sistemdə dominantlığını gücləndirir, Aleksey Navalnı kimi müxalifətçiləri sıxışdırır, sentyabrda parlament seçkiləri öncəsi müstəqil medianı və QHT-ləri sıxışdırır.

Bayden Putinlə görüşəcək dördüncü ABŞ prezidentidir. Baydenin sözçüsü deyib ki, Ağ ev “Rusiya ilə münasibətləri nə yenidən qurmağa, nə də gərginləşdirməyə çalışır”.

Ancaq Bayden sələfi Donald Trampdan fərqli olaraq Putinə qarşı daha sərt mövqe tutub. O, vəzifəyə keçəndən sonra Rusiyaya iki dəfə iqtisadi sanksiyalar tətbiq edib. Eyni zamanda Yeni START silahlara nəzarət sazişinin müddətini uzatmağa razılaşıb.

Bayden həmçinin Şimal axını-2 kəmərinin tamamlanmasını bloklamaqdan imtina edib. Bu kəmər Rusiyanın Almaniyaya qaz ixracını artıracaq, Ukraynanın kəmər şəbəkəsindən istifadəyə görə aldığı tranzit haqlarının həcmini azaldacaq.

Putin artıq 21 ildir Rusiyanın lideridir. Bugünkü sammit ondan ötrü “Böyük Güclər”in görüşünə bərabərdir, sovet qüdrəti sarıdan nostalgiyasının əksidir. O həm də yerli auditoriyaya göstərmək istəyir ki, Rusiya qlobal əhəmiyyətli məsələlərdə Birləşmiş Ştatlarla ayaqlaşır.

Putinin eyhamı

Sammitin gündəminə silahlara nəzarət, kibercinayətkarlıq və casusluq, iqlim dəyişikliyi, COVID-19-la mübarizə daxildir.

Putin insan haqları və vətəndaş cəmiyyəti ilə davranışının sammitdə tənqid olunmasına dözümlü yanaşmayacağına eyham vurub.

Bu sıraya ötən il Navalnıya qarşı sui-qəsd cəhdi daxildir. Navalnının sovet istehsalı olan sinir qazıyla zəhərləndiyini Avropanın bir sıra laboratoriyaları təsdiqləyib. Daha sonra o, Rusiyada həbs olunub. Tərəfdarları ittihamları qurama sayır.

İyunun 14-də Brüsselə səfəri zamanı Baydendən Navalnı barədə soruşublar. O deyib ki, Navalnının həbsdə ölümü “faciə olar, dünyanın qalan hissəsi və mənimlə münasibətlərə ziyan vurar”.

“Bizim siyasi sistemimizi fərqli yollarla dəyərləndirə bilərsiniz. Xahiş edirik, bizə həyatımızın bu hissəsini necə təşkil etmək hüququ verin”, – Putin isə iyunun 4-də bir neçə xəbər agentliyinin redaktoruna deyib.

Həbsdə olan vətəndaşların taleyi

Putinin xarici siyasət müşaviri Yuri Uşakov iyunun 14-də Moskvada jurnalistlərə deyib ki, sammitdə hansısa razılaşmanın imzalanacağından əmin deyil, bu görüşə praktik nikbinliklə baxır.

Ağ ev kibertəhlükəsizlik məsələsini vacib hesab edir. ABŞ kəşfiyyatının iddiasına görə, Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ-da hökumətə məxsus onlarla kompüter sisteminə müdaxilə edib.

Putin kibercinayətkarları Birləşmiş Ştatlara verə biləcəyini deyib, bir şərtlə ki Vaşinqton da eyni cür davransın.

Uşakovun sözlərinə görə, hər iki ölkənin həbsxanalarında saxlanan ABŞ və Rusiya vətəndaşlarının taleyi də müzakirə olunacaq. ABŞ keçmiş dəniz piyadaları Pol Velan və Trevor Ridin buraxılmasına çalışır, onların saxta ittihamlarla həbs olunduğunu deyir.

Rusiya isə illərdir vətəndaşlarının ABŞ-da saxlandığını bildirir. Onlar əsasən üçüncü ölkələrdə həbs olunub və Birləşmiş Ştatlara təhvil verilib.

Onların içində silah alverçisi Viktor Bout və keçmiş pilot Konstantin Yaroşenko da var.

XS
SM
MD
LG