Keçid linkləri

2025, 30 Mart, bazar, Bakı vaxtı 22:24

AzadlıqRadiosu Rusiyanın Belarusdakı gizli nüvə bazasına aid yeni sübutlar tapıb


Fotonun fonunda Belarusdakı hərbi bazada radiasiya səviyyəsini ölçən rəqəmsal monitor görünür.
Fotonun fonunda Belarusdakı hərbi bazada radiasiya səviyyəsini ölçən rəqəmsal monitor görünür.

2024-cü ilin sentyabrında internetdə paylaşılmış bir foto Belarusda Rusiyanın gizli nüvə silahları bazasını ortaya çıxaran geniş araşdırmanın bir hissəsidir. Bu foto AzadlıqRadiosunun Belarus xidmətinin araşdırması nəticəsində tapılan sübutlar mozaikasının kiçik, lakin mühüm bir parçasıdır.

Rusiya prezidenti Vladimir Putin və Belarusun avtoritar lideri Aleksandr Lukaşenko Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi barədə ictimai açıqlamalar veriblər. Lakin onlar heç vaxt bu raketlərin harada saxlanılacağı barədə danışmayıblar.

Şübhəli cihaz

Belarusun mərkəzindəki 1405-ci silah-sursat bazasında çəkilmiş foto, ola bilsin, bu raketlərin yerləşdirildiyi obyektlərdən birini üzə çıxarıb.

Fotodan görünür ki, bölmə komandiri polkovnik-leytenant Valeri Kuzmin bayram mərasimində öz adamlarını təbrik edir. Onun arxasındakı divarda hərbi bazada radiasiya səviyyəsini göstərən rəqəmsal monitor var. Amma bu baza ən yaxın nüvə stansiyasından 100 kilometrdən çox uzaqda yerləşir.

Belarusun "Atomtex" şirkətinin məhsul kataloqunda bu cihaz radiasiya mühitini izləmək üçün AT2327 siqnal göstəricisi və məlumat paneli kimi qeyd olunub.

Belə cihazların Belarusda yalnız iki hərbi hissədə istifadə edildiyi məlumdur: 8-ci Radiasiya Təhlükəsizliyi, Kimyəvi və Bioloji Müdafiə Briqadası və Belarusun şimal-qərbindəki Osrovets nüvə elektrik stansiyasını qoruyan 7434 saylı hərbi hissədə.

AzadlıqRadiosu həmçinin 1405-ci bazanın yaxınlığında gücləndirilmiş nüvə təhlükəsizliyi tədbirlərinə dair sübutlar müəyyən edib. Bu sənədlərdə nüvə obyektində qəza olarsa, qorunma məqsədilə istifadə edilən yod profilaktikası üçün kimyəvi maddələrin saxlandığı yer göstərilib.

Bu fakt 1405-ci bazanı yaxınlıqdakı Osipoviçi hərbi bazasına birləşdirən yeni dəmiryol xətti ilə bağlı sənədlərin əlavəsində qeyd edilib. "Osipoviçi" bazasının da Rusiya nüvə başlıqlarının saxlanması üçün potensial yer olduğu güman edilir.

Belarus qanunvericiliyinə görə, yod profilaktikası üçün yerlər yalnız nüvə stansiyasından və ya Çernobıl qadağa zonasından 100 kilometr məsafədəki obyektlərdə ola bilər. Ancaq 1405-ci baza bu kateqoriyaların heç birinə daxil deyil.

Fevralın 24-də peykdən çəkilmiş görüntüdə yeni tikilmiş və yenidən qurulan ərazilər narıncı, dəmiryol xətti isə ağ rəngdədir.
Fevralın 24-də peykdən çəkilmiş görüntüdə yeni tikilmiş və yenidən qurulan ərazilər narıncı, dəmiryol xətti isə ağ rəngdədir.

Osipoviçinin nüvə silahı üçün potensial obyekt olmasını ilk dəfə 2023-cü ildə Amerika Alimləri Federasiyası müəyyən edib. Bu barədə "The New York Times" da ötən ilin mayında yazıb. Burada dəmiryol tikintisinə yayın sonunda başlanılıb.

Fevralın 24-də "Planet Labs"ın çəkdiyi peyk görüntüsündən aydın olur ki, dəmiryolun çəkilməsi üçün oradakı meşəlik ərazidə təmizlik və torpaq işləri aparılıb, baza daxilində yükləmə platformalarının təməli qoyulub.

Layihə ilə bağlı sənədləri AzadlıqRadiosuna Belarusun hazırda Lukaşenko rejimi əleyhinə işləyən keçmiş təhlükəsizlik əməkdaşlarından ibarət "Belpol" təqdim edib. Sənədlər layihənin detallarını, o cümlədən mühafizə otaqlarının tikintisini ehtiva edir. Qeyd olunur ki, layihənin tikintisi 10 milyon dollar dəyərindədir və bu vəsait Müdafiə Nazirliyi tərəfindən ödəniləcək.

AzadlıqRadiosu həmçinin "Osipoviçi"nin yeni bir şəklini də əldə edib. Şəkildən aydın olur ki, oradakı işlər ötən yaydan bəri sürətlənib.

Osipoviçi. Foto fevralın 24-də çəkilib. Yeni və təmir edilmiş tikililər narıncı rənglə işarələnib.
Osipoviçi. Foto fevralın 24-də çəkilib. Yeni və təmir edilmiş tikililər narıncı rənglə işarələnib.

Bu işlər barakların, silah anbarlarının tikintisi və təmirini, Rusiyanın konvensional və ya nüvə başlıqları daşıyan "İskəndər" raketləri üçün yeni anbarların inşasını əhatə edir.

Lukaşenko 2024-cü ilin fevralında iki "İskəndər" raket kompleksinin çatdırıldığını açıqlayıb. 500 kilometr məsafəyə qədər uça bilən bu raketlər Osipoviçidən atıldıqda Latviya, Litva, Polşa və Ukraynanın əksər hissələrini hədəf ala bilər.

Hər bir "İskəndər" raket kompleksi 24 nəqliyyat vasitəsi üçün saxlama anbarlarına malik olmalıdır, bu vasitələrdən səkkizi raketləri daşıyır. 2023-cü ilə aid peyk şəkillərində belə bir tikilinin tamamlandığını və digər ikisinin təməlinin qoyulduğu əks olunmuşdu. Fevrala aid yeni peyk şəkli isə bütün tikililərin inşasının tamamlandığını göstərir.

İnfrastrukturun qurulması

Yeni fotoda digər binalar da görünür. Bunlara yaşayış binaları və idman stadionu daxildir. Martın 14-də yerli hakimiyyət orqanları bildirib ki, binalardan birindəki 72 mənzilin açarları hərbçilərə təhvil verilib.

"Binada "Osipoviçi" qarnizonunun bütün hərbi hissələrinin və bölmələrinin nümayəndələri yaşayacaq", - məlumatda bildirilib.

AzadlıqRadiosu 1405-ci silah-sursat bazasının yeni peyk şəklini əldə edib. 2024-cü ilin mayında "The New York Times" yazıb ki, bu baza Rusiya nüvə başlıqlarının saxlanılması üçün potensial obyekt ola bilər.

1405-ci sursat bazası 24 fevral tarixli peyk görüntüsündə.
1405-ci sursat bazası 24 fevral tarixli peyk görüntüsündə.

2024-cü ilin dekabrında Lukaşenko nüvə başlıqlarının Belarusa gəldiyini bildirib. "Mən bura nüvə başlıqları gətirmişəm... Onlar bura necə gətirdiyimizin fərqinə varmayıblar".

Fevrala aid yeni peyk şəklində bazada və dəmiryol yaxınlığında platformaların inşası gözə çarpır. AzadlıqRadiosunun əldə etdiyi layihə sənədlərində də belə dörd platformadan bəhs edilir.

"Yerdən yüksələn platformaların tikintisi göstərir ki, bunlar zenit müdafiə sistemlərini yerləşdirmək üçün nəzərdə tutulub", - Polşada çalışan Belarus üzrə hərbi analitik Konrad Muzıka AzadlıqRadiosuna bildirib.

"Bu, öz növbəsində göstərir ki, həmin əraziyə artan maraq var və buranı raket hücumlarından qorumaq üçün Belarus çox şey edəcək", - o əlavə edib.

"'İskəndər"lər üçün döyüş başlıqları, adi döyüş başlıqları və daha da vacibi nüvə başlıqlarını saxlayacaq anbarın təkmilləşdirilməsi mühüm bir irəliləyişdir", - Muzıka əlavə edib.

Əgər bu silahlar həqiqətən Belarusa gətirilibsə, artan sübutlar göstərir ki, "Osipoviçi" və 1405-ci baza bu silahların saxlanıldığı obyektləridir. Eyni zamanda müvafiq silahların (nüvə başlıqları) yerləşdirilməsi üçün bu obyektlərin hazırlanması ehtimalı da var.

Yazı AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Şaulyuxa və radionun aparıcı beynəlxalq müxbiri Rey Förlonq tərəfindən hazırlanıb.

XS
SM
MD
LG