Azərbaycanda uşaq ölümlərinin sayında artım olduğu bildirilir. Ötən il ilə bağlı rəsmi statistika hələ açıqlanmasa da, 2023-cü ildə 1 yaşınadək vəfat edən uşaqların sayı 2 min 39-a çatıb.
Hər 1000 diri doğulan körpə arasında 1 yaşadək ölənlərin sayı 18.1 (1.8 faiz) olub. Bu, 2022-ci illə müqayisədə 2.1 dəfə çoxdur. Həmin il 959 uşaq ölümü qeydə alınıb. 2021-ci ildə isə bu rəqəm 840 olub.
TƏBİB: "Komissiyalar yaradılıb"
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, uşaq ölümü ilə bağlı statistik göstəricilərə görə, artım yalnız Azərbaycanda deyil, bütün dünyada baş verib.
Qurumdan əlavə edilib ki, ölkədə ana və uşaq ölümləri ciddi araşdırılır: "Eyni zamanda, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində... tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə komissiyalar yaradılıb. Bakı ilə yanaşı, regionlardakı ginekoloqların, neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülür".
"Dərmanlar bahadır, türkəçarə müalicəyə üz tuturlar"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AzadlıqRadiosuna deyib ki, uşaq ölümlərinin artmasına bir neçə amil təsir göstərə bilər: "Bunlardan biri tibb işçilərinə inamın azalmasıdır. Bu mesajın getməsi bəzi hallarda həkimə müraciət etməkdən insanları çəkindirir".
Ekspertin sözlərinə görə, peyvəndlərin vaxtlı-vaxtında vurdurulmamasının da təsiri var: "Vaksinlərə qarşı təbliğat gedir".
M.Zeynalova hesab edir ki, üçüncü amil sosial problemlərdir: "Bəzi hallarda düşünürlər ki, kifayət qədər xərc gedəcək, dərmanlar bahadır və türkəçarə müalicəyə üz tuturlar. Rusiyada uşaqlar üçün bir çox sosial paketlər var, amma bizdə hələ də uşaqlar üçün sosial paket tam deyil. Aztəminatlı ailələr var ki, məhz bu xərclərə görə uşağı həkimə apara bilmir. Qadınların hamiləlik dövründə kifayət qədər müayinədən keçməməyi da uşaq ölümünə səbəb ola bilər".
Təkliflər...
Hüquq müdafiəçisi vurğulayıb ki, uşaqlar üçün icbari tibbi sığorta paketinə pulsuz dərmanlar da daxil edilməlidir: "Eyni zamanda, həkimlərə qarşı təbliğata son qoyulmalıdır. Ərazi üzrə dövlət poliklinikalarında yaxşı həkimlər var və hər hansı problem yaranarsa, dərhal həkimlərə müraciət olunmalıdır. Amma həkimlərin arasında düzgün diaqnoz qoymayıb və pis nəticələrə gətirib çıxaranlar da var".
M.Zeynalova evdə doğuş məsələsinə də toxunaraq bildirib ki, bir ara bu hallara tamamilə son qoyulsa da, hazırda yenə də buna rast gəlinir: ""İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nda da evdə doğuş məsələlərin aşkarlanması ilə bağlı ayrıca bənd var idi. Son iki ayda rayonlarda evdə doğuşun bərpası barədə xəbərlər var. Bu da ya əlavə xərclərlə, ya da erkən evliliklə bağlı olur".