Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:27

Bayden COVID-19-a aid məxfi sənədlərin açılmasına dair qanunu imzalayıb


Prezident Co Bayden martın 20-də ölkənin kəşfiyyat xidmətlərindən COVID-19 virusunun mənşəyinə dair mümkün qədər çox məxfi informasiyanın, o cümlədən pandemiya və Çinin Vuhan laboratoriyası arasında mümkün əlaqəyə dair məlumatların ictimailəşdirilməsini tələb edən qanunu imzalayıb.

Baydenin bəyanatında deyilir ki, “bizim üçün COVID-19 virusunun mənşəyinin, o cümlədən onun Vuhan virusologiya institutu ilə əlaqəsinin araşdırılması zəruridir”.

Bayden əlavə edib ki, o bu məsələdə ABŞ Konqresinin mövqeyini tamamilə bölüşür.

Lakin prezident deyib ki, heç də bütün məxfi məlumatlar açıqlana bilməz, belə ki, milli təhlükəsizliyə ziyan dəyə bilər.

Niyə Vuhandan şübhələnirlər?

Pekin iki il əvvəl bütün dünyanı bürümüş ölümcül pandemiyanı yaradan virusun Vuhan laboratoriyasından sızması versiyasını qətiyyətlə rədd edir.

Virusun laboratoriyada yetişdirilməsinə dair mülahizələr 2019-cu ildə Çinin Vuhan şəhərində insanların koronavirusa yoluxmağa başladıqları vaxtdan yaranmışdı.

Bu fərziyyənin tərəfdarları bildirirdilər ki, dünyada koronavirusları öyrənən ən böyük elmi mərkəzlərdən biri məhz Vuhan şəhərində yerləşir.

Bu laboratoriyada məsələn atipik pnevmoniya – SARS-ın virusu tədqiq olunur. SARS təbiətinə görə COVID-19 pandemiyasına səbəb olmuş koronavirusa olduqca yaxındır.

FTB-nin prioritet versiyası

Martın əvvəllərində ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey Fox News telekanalına müsahibəsində koronavirusun laboratoriyadan sızmasının ən ağlabatan versiya olduğunu demişdi.

O qeyd etmişdi ki, FTB bu versiyaya artıq xeyli vaxtdır “prioritet versiya” kimi baxır.

ABŞ-da elmi laboratoriyalar şəbəkəsinə rəhbərlik edən Enerji Nazirliyi də koronavirusun mənşəyinə dair eyni qənaətdədir.

The Wall Street Journal qəzeti isə yazır ki, iki təşkilat - FTB və nazirlik eyni nəticəyə ayrı-ayrılıqda, müstəqil şəkildə gəliblər.

Lakin ABŞ səhiyyə orqanlarının rəhbərliyi və ölkənin kəşfiyyat icması arasında virusun mənşəyinə dair fikir ixtilafı hələ də qalır.

Hazırda virusun təsadüfən yoluxmuş heyvandan insanlara keçməsi və ya Vuhandakı mərkəzdə elmi tədqiqat işləri zamanı laboratoriyadan sızmasına dair iki əsas və barışmaz versiya var.

DST-nin komissiyası

Amerika kəşfiyyatının bu barədə məxfi hesabatında deyilir ki, Vuhan laboratoriyasının işçiləri pandemiya başlanana qədər virusun sızmasından xəbərsiz olublar.

Koronavirusun mənşəyini Dünya Səhiyyə Təşkilatı (DST) da öyrənməyə cəhdlər göstərib.

DST araşdırmasının ikinci fazası fevral ayında Çində məlumatların toplanması ilə bağlı problemə görə yarımçıq dayandırılıb.

COVID-19 virusuna ilk yoluxma 2019-cu ilin sonlarında Vuhan şəhərində qeydə alınıb və bundan sonra xəstəlik başqa ölkələrə yayılıb.

2020-ci il, martın 11-də DST koronavirus pandemiyasını rəsmən elan edib.

Çin iddiaları qətiyyətlə rədd edir

DST-nin alimlərdən ibarət komissiyası 2021-ci ildə Vuhan institutuna ilk səfərdən sonra COVID-19-un laboratoriyadan sızması ehtimalının çox zəif olduğunu bildirmişdi.

Alimlər belə nəticəyə gəlmişdilər ki, xəstəlik insanlara yarasalardan keçə bilərdi.

Lakin bu versiyanın ciddi tənqidlə üzləşməsindən sonra DST rəhbərliyi razılaşmışdı ki, virusun laboratoriya mənşəli olması versiyasının üstündən xətt çəkilməsi üçün hələ çox tezdir.

Çin virusun laboratoriyadan sızması versiyasını qətiyyətlə rədd edir və bildirir ki, koronavirus ABŞ-da yaranıb, çünki orada da bu virusun elmi araşdırmaları aparılır.

Bununla belə Çin tərəfi koronavirusa yoluxan ilk şəxslərə dair məlumatları təqdim etməkdən imtina edir.

Pandemiyanın əvvəlindən bəri dünyada 700 milyon adamın bu virusa yoluxduğu bildirilir. Bunlardan 1 milyonu ABŞ-da olmaqla, 7 milyon nəfəri dünyasını dəyişib.

XS
SM
MD
LG