Futbol üzrə Avropa çempionatında dünənki Rusiya-İngiltərə oyunundan dərhal sonra rus fanatlar ingilis azarkeşlərin oturduğu sektora soxularaq əlbəyaxa döyüşə başlayıblar. Britaniyanın Fransadakı səfiri Julian King gecə bir neçə ingilis azarkeşin xəstəxanaya yerləşdirildiyini, Fransa hakimiyyəti ilə birgə durumu araşdırdıqlarını bildirib.
Marsel şəhərində keçirilən oyun 1-1 hesabı ilə heç-heçə başa çatıb. Hesabı 73-cü dəqiqədə ingilislər açsa da, oyuna əlavə olunmuş sonuncu dəqiqədə ruslar cavab topunu vura biliblər.
İki ölkənin fanatları arasında toqquşmalar hələ cümə günündən başlayıb və bütün şənbə davam edib. Fransız polisinin məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, o, armaturla başından zərbə alıb.
“Onu xəstəxanaya yerləşdiriblər. Həmin şəxs əməliyyat ediblər. Ancaq həyatı təhlükə altında qalmaqda davam edir”, -- deyə rayon polis idarəsinin rəisi Loran Nunes bildirib.
Toqquşmalarda 31 nəfər yaralanıb
Bütövlükdə Marseldəki toqquşmalar nəticəsində 31 nəfər yaralanıb. Onlardan 4-nün durumu ciddidir. Daha 3 polis əməkdaşı yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Sabitliyi pozan azarkeşləri dağıtmaq üçün polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməli olub.
Rus-ingilis azarkeşlərin “dostluğu” oyundan sonra da davam edib. Hakimin fitindən dərhal sonra rus fanatlar ingilis azarkeşlərin oturduğu sektora soxularaq əlbəyaxa davaya başlayıblar. Şahidlərin çoxunun dediyinə görə, iki ölkə fanatlarının oturduğu sektorlar bir-birindən lazımi qədər təhlükəsiz təcrid olunmayıbmış. “Rusiya yığması qol vuran kimi rus fanatlar maneədən sel kimi aşaraq ingilislərin üzərinə cumublar”, -- İngiltərə azarkeşlərindən biri BBC-yə belə deyib.
Azarkeşlərin dediklərinə görə, tribunalarda polislər gözə dəyməyib. Halbuki bu cür həssas oyunlarda adətən təhlükəsizliyi polis təmin edir. Bu dəfə isə tribunalarda bunun üçün yalnız stüardlar olub ki, onlar da xuliqanların qarşısını almaqda aciz qalıblar.
Hadisə ilə bağlı UEFA Marseldəki iğtişaşlarla bağlı araşdırmaya başladığını bəyan edib. Qurum araşdırmanın nəticəsindən asılı olaraq, Rusiya yığmasının və Rusiya futbol federasiyasının ciddi cəzalandırıla biləcəyini bildirib.
Oyunu stadiondan canlı izləyən Rusiyanın idman naziri Vitali Mutko isə bunları deyib: “Əlbəttə, biz növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkə kimi öz imicimizi qoruyub saxlamalıyıq. İmkan verməməliyik ki, fanatlar bizim bu imicimizi korlasınlar”.