Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

SOCAR sponsorluq etdiyi çempionat necə keçir?


SOCAR-ın sərgisi, Fransa, iyun, 2016 (Euro-2016)
SOCAR-ın sərgisi, Fransa, iyun, 2016 (Euro-2016)

AZAL: “PARİSƏ UÇANLARIN SAYI ARTIB”

İndi futbolsevərlərin qəlbi Fransada döyünür. İmkanı çatan oyunları canlı, Avropa çempionatının keçirildiyi ölkədə izləmək istəyir, çatmayan da televizorun önündə, ya da daha geniş bir çevrədə izləməklə kifayətlənir. Bəs Azərbaycandan bu günlərdə Fransaya səfər edən, avroçempionata baxmağa gedənlər çoxdurmu? Fransa səfirliyinin viza şöbəsindən konkret cavab ala bilmədik, turizm şirkətlərisə könülsüz danışdılar, statistikada ciddi dəyişiklik olmadığını söylədilər. Ancaq AZAL-dan sorğumuza belə cavab aldıq:

«“Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Bakı-Paris-Bakı istiqamətindəki uçuşlarında sərnişin sayının artması müşahidə olunur. Qeyd olunan uçuşlarda sərnişin sayının artmasına səbəb həmçinin Fransada keçirilən futbol üzrə Avropa çempionatı ola bilər».

SOCAR-IN SÖZLƏ ANLADILA BİLMƏYƏN STENDİ

Bu zaman üz tutduq Fransada yaşayan azərbaycanlılara. Onların müşahidəsi nə deyir? Çempionatı izləməyə gələn azərbaycanlılar çoxdu, azdı? Hələlik oyunlar yeni başladığından konkret cavab vermək onlara da çətindir. Ancaq Parisdə yaşayan və bank sektorunda çalışan Emil Hacıyev sıravi azərbaycanlıları görməsə də, çempionatın sponsorlarından olan SOCAR-ın – Azərbaycan Dövlət Neft Şirkətinin stendini də görüb, tədbirinə də qatılıb, hələ üstəlik, şirkət prezidenti Rövnəq Abdullayevlə şəkil də çəkdirib.

Marsel Deai, Emil Haciyev və Kristian Karambu, Fransa, iyun, 2016 (Euro-2016)
Marsel Deai, Emil Haciyev və Kristian Karambu, Fransa, iyun, 2016 (Euro-2016)

– Rövnəq müəllim çempionatın açılışına görə gəlmişdi. Burda Azərbaycanın mədəniyyət evində 150 nəfərlik gecə keçirildi. Bura şəhərin meri, senatorlar və energetika şirkətlərinin başçıları qatılmışdılar. Şəkli də orda çəkdirdik. Hər halda, SOCAR sponsorlardan biridir.

– Fransada SOCAR haqda hansı təsəvvürlər var?

– SOCAR haqqında bilənlər var. Mən Parisdə və Londonda oxumuşam. Enerji sahəsində təhsil alan tələbələrin çoxu Dövlət Neft Şirkəti ilə maraqlanır və orda çalışmaq istəyirlər. Söhbət əcnəbi tələbələrdən gedir.

– Bəs neft-qaz sektorundan uzaqda olanlar SOCAR-la nə dərəcədə maraqlanırlar?

– Sadə vətəndaşlar elə də maraqlanmırlar. İyunun 10-dan burda SOCAR-ın stendi qurulub, Azərbaycan və şirkətin özü haqqında məlumat verilir. Məqsəd sıravi fransızı Azərbaycan haqqında məlumatlandırmaqdır. Maraqlananlar, baxanlar olur. Eyfel qülləsinin qarşısında “Fan zon” deyilən bir şey var, oyunları izləməyə böyük ekran quraşdırılıb. Onun ətrafında isə sponsorlara yer ayrılıb. Orda yarışlar keçirilir, hədiyyələr verilir. SOCAR-ın stendində “Virtual Reality” deyilən 6 eynək qoyublar... Bunu, deyəsən, sözlə anlada bilməyəcəm. Şəklini çəkib yollayaram sizə...

– Emil, çempionat öncəsi hamı Fransadakı terror təhlükəsinin sovuşmadığından danışırdı. İnsanlar narahatdırlarmı?

– Burda ab-hava çox gözəldi. Məncə, hamı çempionatı gözləyirmiş ki, stressini çıxarsın, çünki terror aktları insanlarda gərginlik, sıxıntı yaratmışdı. İndisə insanlar əylənirlər. Təhlükəsizlik tədbirləri də çox yüksək səviyyədədir. Görünən odur ki, fransızlar, doğrudan da, çempionatın yaxşı keçməsini istəyiblər. Çempionat öncəsi Parisdə leysan oldu, Sena daşdı. İndi hava da düzəlir, çay da normallaşır.

FRANSIZ XALQI KEF EDİR

Fransada yaşayan jurnalist Aqil Xəlil də ölkədə ab-havanın pozitiv olduğunu, oyunlar keçirilən günlərdə həmin ölkələrin azarkeşlərinin milli geyimlərdə, bayraqlarda dolaşdığını söyləyir. “Hamı qaynayır-qarışır, metro, avtobus turistlə doludur. Elə bir təhlükə, mesaj hiss olunmur. Hər tərəfdə polislər var, nəzarət gücləndirilir. Fransızlar da sevinirlər, əylənirlər, ab-hava çox gözəldir”, deyir Aqil Xəlil.

XS
SM
MD
LG