Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:40

Prezident köməkçisi: «Öncə peşəkarlıq artırılmalı...»


Əli Həsənov
Əli Həsənov

-

«Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbulu ilə bağlı məsələni qapanmış saymaq olmaz».

Prezidentinin köməkçisi Əli Həsənov bunu Avropa Birliyi və Avropa Şurasının birgə «İfadə və media azadlığı» layihəsi üzrə Bakıda keçirilən dəyirmi masasındakı çıxışında deyib.

Ə.Həsənovun bildirməsinə görə, 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini ekspertiza rəyi almaqdan ötrü Venesiya Komissiyasına göndərib. Amma bəzi məqamlar üzrə fikir ayrılığı yarandığından bu məsələ yubanıb.
Ə.Həsənovun fikrincə, Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbul edilməsi gündəlikdən çıxmayıb.

O deyib ki, fikir ayrılığı Cinayət Məcəlləsindəki 147 ( böhtan ) və 148-ci (təhqir) maddələr ilə bağlı yaranıb. Avropa qurumları bu maddələrin məcəllədən çıxarılması təklifini verib. Azərbaycan tərəf isə bundan imtina edir.

Ə.Həsənov qeyd edib ki, bu maddələr Avropanın aparıcı dövlətlərinin məcəllələrində qalmaqdadır.

Prezidentin köməkçisinin deməsinə görə, 2009-cu ildə bu maddələrin tətbiqi Azərbaycanda dayandırılıb: «2009-cu ildə prezident İlham Əliyev diffamasiya hallarına görə medianın cinayətə cəlb olunmasını məqsədəuyğun saymayıb. Həmin vaxtdan faktiki 147 və 148-ci maddələrin tətbiqinə moratorium qoyulub. Jurnalistlərə qarşı cinayət işləri ya icraata götürülməyib, ya da mülki qanunvericilik əsasında baxılıb».

Ə.Həsənov həmin maddələrin məcəllədə qalmasına isə bir neçə əsas göstərib. Onun fikrincə, ictimai müzakirələr göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunma hallarının yüksək, medianın müstəqilliyinin zəif və siyasi qütbləşmənin güclü olduğu zamanda qanunun qəbulu əks effekt yarada bilər. O, qanunun qəbul olunmasından ötrü bunları vacib sayıb: «Öncə medianın iqtisadi müstəqilliyi gücləndirilməli, peşəkarlıq artırılmalı, siyasi qütbləşmənin səviyyəsi azaldılmalıdır. Yalnız bundan sonra qanunun qəbul olunması məsələsinə baxıla bilər».

Ə.Həsənovun deməsinə görə, bu maddələr məcəllədən çıxarıldığı halda vətəndaşlar öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından məhrum ola bilər.

2005, 2011 və 2013-cü illərdə diffamasiya haqqında qanun layihələri hazırlanıb. Amma bu layihələr Avropa qurumlarından müsbət rəy ala bilməyib.

XS
SM
MD
LG