Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:40

Washington Post: FTX Putini Kiyevin müqavimətsiz çökəcəyinə inandırmışdı


FTX-nin Krımdakı əməkdaşları tatar fəalı saxlayarkən (Arxiv fotosu)
FTX-nin Krımdakı əməkdaşları tatar fəalı saxlayarkən (Arxiv fotosu)

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynaya hərbi müdaxiləyə hazırlıqda fəal iştirak edib və bu zaman olduqca ciddi səhvlərə yol verib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynaya hərbi müdaxiləyə hazırlıqda fəal iştirak edib və bu zaman olduqca ciddi səhvlərə yol verib.

The Washington Post qəzetinin təhqiqat məqaləsində deyilir ki, FTX Rusiyanın siyasi rəhbərliyini müdaxilə başlanandan sonra Ukrayna hökumətinin uzun müddət müqavimət göstərə bilməyəcəyinə əmin etmişdi.

Qəzet yazır ki, bir neçə ay ərzində Rusiya xüsusi xidmətlərinin müharibəyə hazırlıqdakı rolunu araşdırıb və bu zaman çoxsaylı “tamamilə məxfidir” qrifli sənədlərlə, Rusiya kəşfiyyat xəfiyyələri arasında danışıqların mətnləri ilə tanış olub.

Təhqiqatda habelə Ukrayna, ABŞ və Avropanın yüksək vəzifəli rəsmiləri ilə müsahibələrdən isitfadə edilib.

Qəzet iddia edir ki, FTX-nin Operativ İnformasiya Departamenti kimi tanınan şöbəsi bir neçə il ərzində Ukraynada rusiyayönlü casus agenturası şəbəkəsi yaradıb və Rusiya hakimiyyətini inandırıb ki, Kiyev hökuməti Rusiyanın hərbi müdaxiləsi başlanan kimi çökəcək.

The Washington Post yazır ki, FTX ya real vəziyyəti düzgün qiymətləndirə bilməyib, ya da Ukraynanın müdafiə hazırlığı sahəsində əsl vəziyyəti bilə-bilə Vladimir Putinə bu barədə məlumat verməkdən çəkinib.

Yanukoviç artıq Minskdə idi

Birinci versiyanın həqiqiliyi ona görə inandırıcı görünür ki, fevral müdaxiləsindən əvvəl FTX əməkdaşları Kiyevdəki agentlərindən Ukrayna paytaxtında mənzil tapmağın mümkünlüyünü öyrənməyə çalışırdılar.

Daha sonra isə FTX-nin yerli casuslarına Kiyevi tərk etmək, amma evlərinin açarlarını Rusiya əməliyyatçıları üçün saxlamaq əmr olunmuşdu.

Qəzet iddia edir ki, FTX-nin himayəsi altında Ukrayna məmur və siyasətçilərindən ibarət azı iki qrup yaradılmışdı.

Onlar Kiyev təslim olduqdan sonra Moskvaya sədaqətli hökumət təşkil etməli idilər.

Bu da iddia edilir ki, bu qruplardan birincisinə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç daxil idi.

Qeyd olunur ki, o müdaxilənin ilk günlərində Belarus paytaxtı Minskdə idi.

Birinci qrupa həm də Putinin yaxın adamı, sonralar həbs edilmiş keçmiş Ukrayna deputatı Viktor Medvedçuk daxil idi.

FTX rəhbərləri postlarında qalıblar

Təhqiqat materiallarına görə ikinci belə qrup Rusiya ordusunun işğal etdiyi cənub regionlarında təşkil olunmuşdu.

Sonradan rusiyayönlü ukraynalı siyasətçilər qismən bir neçə vilayətin işğalçı administrasiyasına daxil edilmişdilər.

Bunlara baxmayaraq Moskvaya loyal “mərkəzləşdirilmiş” hökumət yaratmaq mümkün olmamışdı.

The Washington Post yazır ki, Ukraynada dəfələrlə iflasa uğramalarına baxmayaraq FTX-nin rəhbərləri vəzifələrində qalırlar.

Məqalədə deyilir ki, üstəlik FTX son bir neçə il ərzində Ukrayna ilə məşğul olan şöbəsinin əməkdaşlarının sayını 2019-cu ildən artıraraq 30-dan 160-a çatdırıb.

Bu da qeyd olunur ki, Rusiya xüsusi xidmət əməkdaşları hələ müdaxilədən əvvəl Ukrayna ərazisində idilər və Kiyevin “təhlükəsiz” rayonlarında mənzil kirayələyirdilər.

Rusiya ordusunun bu məhəllələri bombardman etməyəcəyi planlaşdırılmışdı.

XS
SM
MD
LG