İranın Əhvaz şəhərində Səccad Heydəri 17 yaşlı arvadı Mona Heydərinin başını kəsəndən sonra onun meyitini küçələrdə gəzdirib, özünün şərəfli kişi olduğunu sübut etmək istəyib. İnternetdə yayılmış videoda o gülümsəyirdi...
Mona Heydərinin öldürülməsi haqda fevralın 5-də məlumat yayılıb. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Gülnaz İsfəndiyari bunun ölkədə “namus qətlləri” silsiləsindən sonuncu ictimailəşmiş hal olduğunu yazır. Çox vaxt qadınlar əxlaqi dəyərlərin pozulması iddialarından dolayı kişi qohumları tərəfindən qətlə yetirilir. İddialara gəlincə, buraya ərini atıb özgəsinə qoşulub qaçmaq, ayrılmaq istəyi, ailənin şərəfini ləkələmək ittihamları daxildir.
Xuzestan vilayətindəki qətl ölkəni sarsıdıb, qadınlara qarşı geniş yayılmış zorakılıq, qanunların onları qorumaması haqda müzakirələri qızışdırıb.
Qardaşının cinayət ortağı olduğu deyilir
Mona Heydərinin internetdə tanış olduğu suriyalı ilə yaşamaq üçün bir neçə ay öncə Türkiyəyə qaçdığı deyilir. 3 yaşlı oğul anası olan gənc qadın İrana qayıdandan bir neçə gün sonra qətlə yetirilib. Ailəsinin ona təhlükəsizliklə bağlı təminat verəndən sonra qayıtdığı söylənir.
Əri və qətlə kömək etdiyi deyilən qardaşı saxlanıblar.
Deyilənlərə görə, Mona Heydəri güclə qohumuna ərə verilib, 14 yaşında oğul anası olub. İran mediası qadının ondan boşanmaq istəməyən əri tərəfindən zorakılığa məruz qaldığını yazır.
İranda çoxları belə bir qətlə görə İranın islamçı hüquq sistemini, partriarxal mədəniyyət və ənənələrini ittiham edir. İki il qabaq İranın şimalında atası 14 yaşlı Rominə Əşrəfinin başını kəsib. Ata qətldən öncə cinayətə görə hansı cəza alacağını vəkildən soruşubmuş. Ona səkkiz il həbs cəzası kəsildi.
Əmlak kimi
ABŞ-da yaşayan sosioloq Hüseyn Qazian AzadlıqRadiosu-nun fars xidməti olan Radio Fərda-ya deyib ki, kişilərin çoxu ailələrindəki qadınlara öz əmlakı kimi baxır.
“Qadınların beyni və bədəni kişilərə məxsusdur. Onlar xətt çəkərək onların şərəfini qorumağı özlərinin ictimai vəzifəsi hesab edirlər. Alınmayanda, düşünürlər ki, öz şərəflərini sübut etməlidirlər və bunu qadınları öldürməklə edirlər”, – o söyləyir.
Qadın deputat Elham Azad İranda qadınları zorakılıqdan qoruyacaq qanun olmadığını deyir. O ümid edir ki, “qadınların zorakılıqdan qorunması, şərəfi və təhlükəsizliyi” adlı qanunvericilik gələcəkdə belə dəhşətli cinayətləri önləyə bilər.
Sözügedən qanunu keçmiş prezident Həsən Ruhani hökuməti 2021-ci ilin yanvarında qəbul edib. Amma parlament onu hələ qanun kimi təsdiqləməyib. Qanunda qadınlara qarşı zorakılıq kriminallaşdırılır. Zorakılığa qadınlara “fiziki və mənəvi ziyan” vuran hərəkət, yaxud davranış da daxildir. Human Rights Watch (HRW) bildirib ki, “bir sıra müsbət maddələrə baxmayaraq”, təklif olunan qanunvericilik beynəlxalq standartlara uyğun gəlmir.
Qanuna təcili baxılacaq
İranın Qadın və Ailə Məsələləri üzrə Vitse-prezidenti Ənisə Xəzəli Mona Heydərinin qətlindən sonra Twitter-də yazıb ki, aşkarlanmış “çatışmazlıqlar”dan sonra parlament qanuna təcili şəkildə baxacaq.
Xəzəli Heydəri və ona kömək edənə ən sərt cəza veriləcəyəni desə də, detallı danışmayıb.
Əşrəfi işində vəkil olmuş İbrahim Nikdel Gadam isə məhkəmədə İran qanunvericiliyinin belə qətllərə qarşı çəkindirici olmadığını qeyd edib. O, Əşrəfinin atasına övladının qətlinə görə ən yüksək cəza kəsilmədiyini deyib. Bu ittiham üzrə cəza üç ildən 10 ilədəkdir.
Vəkilin sözlərinə görə, qadın qohumlarını öldürənlərə yüngül cəzaların kəsilməsi daha çox belə qətlin baş verməsinə yol açır.
Hakimiyyət də məsuliyyət daşıyır
Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Gaemi isə Heydərinin ölümünə görə İran hakimiyyətinin də məsuliyyət daşıdığını söyləyib.
“İran hökuməti erkən nikahlar və məişət zorakılığına qarşı qanunlar qəbul etsəydi, uşaq gəlin Mona heydəri bu gün sağ olardı”, – Gaemi Twitter-də yazıb.
İranda namus qətllərinin mötəbər statistikası yoxdur. Bir çox hallar barədə məlumat yayılmadığı, ört-basdır olunduğu bildirilir.
İctimai fəal Atifə Bareviye ötən ay deyirdi ki, son iki ildə Xuzestan vilayətində 60 qadın “namus qətlləri”nin qurbanı olub. Ancaq ailələr məhkəmə iddiası qaldırmayıblar deyə, cəzalanan olmayıb. Fəal qətllərin əsl sayının daha yüksək olduğunu deyir.