ABŞ-nin dəstəklədiyi qüvvələr 2019-cu ildə İslam Dövləti (İŞİD) qruplaşmasının məhv edildiyini elan etdilər. Lakin son illərdə baş verən hücumlar göstərdi ki, bu, İraq və Suriyada əraziləri nəzarətdə saxlayan kvazidövlətin sonu olsa da, onun yaratdığı təhlükənin yox olması demək deyil.
Bu ekstremist qrup dözümlülük nümayiş etdirir və dünyanın digər nöqtələrində yenidən güclənir, onun əməliyyat imkanları da inkişaf edir.
2024-cü ilin yanvarından bəri İŞİD İran və Rusiyadan tutmuş, Almaniya və ABŞ-yə qədər dünyanın müxtəlif yerlərində bir sıra genişmiqyaslı hücumların məsuliyyətini öz üzərinə götürüb.
"İŞİD qlobal təhlükəsizlik üçün davamlı bir təhdid olaraq qalır və dünyanın ən ölümcül terror təşkilatıdır", – Vaşinqtonda yerləşən "Shtuni Consulting" şirkətinin rəhbəri və təhlükəsizlik üzrə mütəxəssis Adrian Ştuni AzadlıqRadiosuna bildirib.
"İndi təşkilat, əsasən, müstəqil fəaliyyət göstərən regional filiallardan - qollardan ibarət dinamik bir şəbəkəyə əsaslanır", – o, əlavə edib.
İŞİD-in hazırkı vəziyyəti necədir?
Analitiklər deyir ki, İŞİD-in vizyonu və istəkləri dəyişməyib, lakin 2019-cu ildəki ərazi məğlubiyyətindən sonra ekstremist qrup struktur və əməliyyatlarla bağlı radikal dəyişikliklər keçirib.
Son illərdə bütün dünyada, xüsusən də ekstremizmlə mübarizə aparmaq imkanının az olduğu regionlarda İŞİD-in çoxşaxəli qolları meydana çıxıb.
Nyu-Yorkda yerləşən "Soufan Group" konsaltinq şirkətinin siyasət və araşdırmalar üzrə direktoru Kolin Klark bildirib ki, İŞİD artıq elə bir qrup halına gəlib ki, onun tərkib hissələrinin cəmi bütövlükdə qrupun özündən daha böyükdür.
"İŞİD indi kvazidövlət olduğu vaxtdakından daha çətin bir hədəf ola bilər, çünki mərkəzləşdirilməmiş bir təşkilat olaraq onu izləmək çətinləşir. Kvazidövlət olaraq fəaliyyət göstərərkən o, böyük bir hədəf idi", – Klark AzadlıqRadiosuna bildirib.
İŞİD və onun törəmələri ötən il dünyada ölümcül hücumlarla öz mövcudluqlarını hiss etdirib.
2024-cü ilin yanvarında İranın cənubunda Kirman şəhərində törədilən iki intihar hücumunda 100-ə yaxın insan öldürülüb.
İki ay sonra dörd hücumçu Moskva yaxınlığındakı "Crocus City" konsert zalını hədəf alıb, kütləvi atışma, bıçaqlanma və törədilən yanğında 145 nəfər öldürülüb.
Avqustda Somalinin paytaxtı Moqadişoda intihar hücumu nəticəsində ən azı 20 nəfər öldürülüb.
Bir neçə gün sonra, bir İŞİD üzvü Almaniyanın Zolinqen şəhərində festivalda bir neçə nəfəri bıçaqlayıb, üç nəfər öldürülüb.
Qrupun təsir dairəsi ABŞ-a qədər uzanır. Yanvarın 1-də İŞİD-dən ilhamlanan hücumçu Yeni Orleanda Yeni il bayramını qeyd edən izdihamının üzərinə yük maşını sürüb, 14 nəfəri öldürüb, onlarla insanı yaralayıb. Hücum edən şəxs - Texasdan olan ABŞ ordusunun keçmiş veteranı Şəmsud Din Cabbar polis tərəfindən öldürülüb.
A.Ştuni deyir ki, bu hücumlar yalnız İŞİD-in terror zorakılığının davam edən cazibəsini deyil, həm də təşkilatın dayanıqlığını, uyğunlaşma qabiliyyətini və qlobal əhatə dairəsini nümayiş etdirir.
Londonda yerləşən "Dragonfly" qlobal təhlükəsizlik kəşfiyyatı konsaltinq şirkətinin məlumatlarına görə, İŞİD və onun törəmələri son üç il ərzində ildə orta hesabla 600-ə yaxın hücum həyata keçirib. Konsaltinq şirkətinin "TerrorismTracker" məlumat bazasına görə, bu, əvvəlki üç il ərzində hər il orta hesabla törədilən 770 insidentdən az olsa da, hücumlar daha ölümcül olub: bir hücumda itkilərin sayı orta hesabla 40 faiz artıb.
"Bu məlumatlar mütləq İŞİD-in dirçəldiyinə dəlalət etməsə də, onun dayanıqlığını göstərir", - "Dragonfly"dan AzadlıqRadiosuna bildirilib.
İŞİD yaraqlıları harada fəaldır və onlar terror təşkilatına necə qoşulurlar?
İŞİD ona bağlı qruplaşmalar vasitəsilə Afrika, Asiya və Yaxın Şərqdəki müəyyən qaynar nöqtələrdə güclü mövcudluğa və əlaqələnməyə malikdir.
Terror təşkilatının ən fəal qollarından biri kimi meydana çıxan "İslam Dövləti-Xorasan Vilayəti" qrupudur və bu qrup Əfqanıstandan kənara çıxaraq əməliyyatlarını genişləndirib. "Xorasan Vilayəti" Mərkəzi Asiya ölkələrindən, xüsusilə Tacikistan və Özbəkistandan üzvlər cəlb edir.
Bu arada, Somali İŞİD-in Afrikada genişlənməsi üçün mühüm bir mərkəzə çevrilib. Qrup Somalinin qeyri-sabitliyindən istifadə edərək burada möhkəmlənmə nöqtələri və şəbəkələr qurur, həmçinin Efiopiya, Sudan və Tanzaniyadan döyüşçüləri cəlb edir. Terror təşkilatı amharca, svahili kimi müxtəlif dillərdə ideoloji təsirini genişləndirir.
Qrup həmçinin Sahel bölgəsində də sürətlə böyüyür, buradakı "İslam Dövləti-Qərbi Afrika" qrupu Çad gölü hövzəsindəki ən dominant terror təşkilatlarından biri olaraq qalır.
Terror təşkilatına üzvlərin cəlbi prosesi həm də onlayn şəkildə həyata keçirilir.
"Rəqəmsal məkanda İŞİD öz ideologiyasını yaymaq, radikallaşdırmaq, yeni üzvləri cəlb etmək, vəsait toplamaq və hücumlar təşkil etmək üçün sosial media platformalarından və şifrəli mesajlaşma vasitələrindən çox effektiv şəkildə istifadə etməyə davam edir", - Ştuni bildirib.
O, son zamanlar Avropada İŞİD-dən ilhamlanan hücumlara diqqət çəkərək bunların üç narahatedici meyara işarə etdiyini vurğulayıb: radikallaşma, əsasən, internetdə baş verir, sürətlə baş verir və getdikcə daha çox yetkinlik yaşına çatmayanları və gəncləri cəlb edir.
"Onlayn məkan çox diqqət tələb edir, xüsusən də hərbi əməliyyatlar bir növ azaldıldığı üçün... qlobal terrorizmə qarşı müharibə ilə müqayisədə", – "Terrorizmə qarşı Texnologiya" təşkilatının baş analitiklərindən biri Lukas Uebber AzadlıqRadiosuna bildirib.
İŞİD öz əməliyyatlarını haradan maliyyələşdirir?
İŞİD diversifikasiya edilmiş gəlir mənbələri və inkişaf edən taktikalar vasitəsilə maliyyə dayanıqlığını qoruyur.
ABŞ Maliyyə Departamentinin ötənilki hesabatlarına görə, rəhbərlikdə itkilərə baxmayaraq, İŞİD-in İraq və Suriyadakı əsas qrupu 10 milyon ilə 20 milyon dollar arasında ehtiyat saxlayır, əlavə olaraq regional qolları isə fidiyə üçün adam qaçırmaq, qəsb, vergilər və quldurluqla maliyyə əldə edirlər.
İŞİD-in pik dövründə (özünü "xilafət" kimi təqdim etdiyi vaxtlar) qrup İraq və Suriyada geniş əraziləri nəzarətində saxlayırdı və neft satışları onun əsas gəlir mənbəyi idi. Lakin indi İŞİD gəlir əldə etmək üçün cinayət fəaliyyətlərinə və yerli istismara arxalanır.
İŞİD-in Afrikadakı törəmələri isə, məsələn, "İslam Dövləti-Somali" bizneslərdən və maliyyə sistemlərindən milyonlarla dollar xərac alır.
Terror təşkilatının Asiyadakı qolu IŞİDKP-nin maliyyə şəbəkəsi onun Yaxın Şərqdəki əsas təşkilatçılarının həbsləri və ya öldürülməsi ilə zərər çəkib. Bununla belə, terror qrupu "Crocus City" konsert zalına hücum da daxil olmaqla, xarici terror əməliyyatları maliyyələşdirmək üçün virtual aktivlərə keçməklə özünü bərpa edə bilib.
Qlobal əlaqələnmə hələdə kritik əhəmiyyət daşıyır, çünki İŞİD ehtiyatları və ianələri köçürmək üçün getdikcə daha çox kriptovalyutadan istifadə edir. Qrupun maliyyə dayanıqlılığı maliyyə nəzarətindən yayınmaq və qlobal şəbəkələri davam etdirməkdən asılıdır.
Terrorla mübarizə səyləri necə gedir?
Terrorizmin qlobal əhatə dairəsi terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığı vacib edir. Bu, dövlətlərdən kəşfiyyat məlumatlarının mübadiləsini, strategiyaların uyğunlaşdırılmasını və ekstremist fəaliyyətlərə daha çox həssas olan regionlarda təhlükəsizlik imkanlarının gücləndirilməsini tələb edir.
Əgər bunların hər hansı biri zəifləyərsə, ekstremist qruplar, məsələn, İŞİD inkişaf üçün yollar tapır. Buna misal olaraq ABŞ-nin çəkilməsindən sonra Əfqanıstandakı vəziyyəti və Fransanın Afrika bölgəsindən mərhələli çıxışı sonrası Sahel bölgəsindəki vəziyyəti göstərmək olar.
Fransız qüvvələrinin çəkilməsi Sahel bölgəsində regional ittifaqların dəyişməsinə də səbəb olub.
"Son hərbi çevrilişlərdən sonra Burkina-Faso, Niger və Malidə qurulan hərbi xuntalar Rusiyaya üz tutaraq terrorla mübarizə səylərindəki boşluğu doldurmağa çalışıblar, bu da regionda Rusiyanın mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb", - A.Ştuni deyib.
İraq, Suriya və Somalidəki İŞİD hədəflərinə son zərbələr göstərir ki, ABŞ regional tərəfdaşları ilə birgə qlobal antiterror səylərinə hələ də rəhbərlik edir.
Bu ay ABŞ-nin rəhbərlik etdiyi koalisiya İraq qüvvələrinə "Əbu Xədicə" kimi tanınan Abdullah Maki Musleh əl-Rifaini öldürməyə kömək edib. İraq hökuməti tərəfindən "İraq və dünyanın ən təhlükəli terrorçularından biri" xarakterizə edilən Əbu Xədicə İŞİD-in İraq və Suriyadakı lideri idi.
Lakin Vaşinqtonda prioritetlərin dəyişməsinin ekstremizmə qarşı qlobal mübarizəyə mane ola biləcəyi ilə bağlı narahatlıq artıb, çünki "ABŞ-nin diqqətini daxilə yönəltdiyi və qlobal səhnədəki rolunu yenidən qiymətləndirdiyi aydındır", - deyə təhlükəsizlik eksperti Ştuni xəbərdarlıq edib.
ABŞ ordusunun Mərkəzi Komandanlığının rəhbəri general Maykl E.Kurilla Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri tərəfindən qorunan obyektlərdə saxlanılan minlərlə İŞİD döyüşçüsünü "həbsdə olan (İŞİD) ordusu" adlandırıb. Amerikalı general onların böyük bir qisminin qaçacağı təqdirdə bölgə və daha geniş ərazilər üçün təhlükələr yaradacağı barədə xəbərdarlıq edib.
Yanvar ayında Suriyaya səfər edən general Kurilla deyib ki, ABŞ ordusu "bizim missiyamıza, xalqımıza, (İŞİD-in) davamlı məğlubiyyətinə və regionda və onun hüdudlarından kənarda sabitliyə sadiqdir".
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş tədqiqatçısı Dvora Marqolin AzadlıqRadiosuna verdiyi açıqlamada İŞİD-in Suriyada "gözləmə oyununu oynadığını" bildirib.
"O (İŞİD), yeni Suriyanın qeyri-müəyyənliyindən istifadə edərək, sabitliyi pozmağa və öz gündəmini təsdiqləməyə ümid edir", - Marqolin qeyd edib.
"Soufan Group"un siyasət və araşdırmalar üzrə direktoru Klark isə bildirib ki, ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çəkilməsindən sonra İŞİD-ə qarşı mübarizədə "böyük kəşfiyyat boşluğu" yaranıb.
"Bu, ABŞ-ni siqnal kəşfiyyatına güvənməyə məcbur edib və Əfqanıstanda insan kəşfiyyatı çox məhduddur," – deyə o bildirib.
Klark İŞİD-i "bu gün yeddi il əvvəlki, xilafət dövründən fərqli bir təşkilat" olduğunu deyib və əlavə edib ki, "İŞİD indi diqqət çəkmək üçün xarici əməliyyatlar və hücumlardan daha çox asılıdır."
"Onlar strategiyalarını şüurlu şəkildə dəyişərək Qərbdə yüksək profilli hücumlar həyata keçirməyə yönəldiblər. Onlar planlaşdırmalarında aqressiv və amansız olublar, Avropada və ya ABŞ-da möhtəşəm bir hücum həyata keçirməyə qərarlıdırlar", - o əlavə edib.
Yazı AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.