Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

Partiyanın keçmiş sədr əvəzi: 'Fransada Quranı yandıranda bizə dedilər, aktiv olun'


Bakıda İsrail səfirliyi önündə etiraz aksiyası. 2014
Bakıda İsrail səfirliyi önündə etiraz aksiyası. 2014

Azərbaycan İslam Partiyasının keçmiş sədr əvəzi Elçin Manafov deyir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbərliyinə daxil olan şəxslər onlara əməkdaşlıq təklif ediblər. Onun sözlərinə görə, bir sıra hallarda maliyyə yardımı da göstəriblər.

Manafov bu haqda partiyanın üzvü, özünün də sürücüsü olmuş Səbuhi Səlimovun məhkəməsində dindirilərkən danışıb. İranın xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda suçlanan Səlimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

"Onlara dedim ki, belə səxavətlisiniz..."

"Ağayi Cabbari SEPAH rəhbərliyinə daxil olan şəxslərdəndir. Onunla İrana gedəndə rastlaşmışıq. Deyirdi, bizimlə əməkdaşlıq edin. Partiyaya köməklik edirdilər. Onlara dedim ki, belə səxavətlisiniz, buna da (Səlimovu nəzərdə tutur-red.) kömək edin, əməliyyat olunsun...", – şahid kimi dindirildiyi məhkəmədə belə deyib.

Səlimov SEPAH-ın tapşırıqlarını icra etməkdə, məlumat toplayıb onlara ötürməkdə suçlanır. O, məhkəmədə ifadə verəndə ailəsi ilə birlikdə İrana getdiyini, orada müəyyən şəxslərlə görüşdüyünü təsdiqləyib. Lakin Səlimov deyir ki, İrana ürək əməliyyatına görə getmişdi, lakin qiymətin bahalığına görə əməliyyat oluna bilməyib, ailə üzvləri ilə geri qayıdıblar.

"Özüm pul toplayıb, gedib əməliyyat olundum"

Manafovun məhkəmədə dedikləri təqsirləndirilən Səlimovu narazı salıb: "Kömək eləmədilər, əməliyyat olunmadım, elə ancaq danışdılar. Onlara dedim ki, gedirəm, nə vaxt kömək etmək imkanınız olsa, xəbər edərsiniz, gəlib əməliyyat olunaram. Bir il keçsə də, onlardan səs çıxmadı. Sonra özüm pul toplayıb, gedib əməliyyat olundum".

Manafov onu da bildirib ki, İrana tədbirə gedəndə SEPAH-a bağlı şəxslər onların yol və qalmaq xərclərini ödəyirdilər.

"Fransada Quranı yandırmışdılar, bizə deyirdilər ki, aktiv olun, çıxın etirazınızı bildirin", – bunu da Manafov deyib.

"Öz hisslərimi ifadə eləmişəm"

Səlimovun işi üzrə məhkəmə araşdırmaları davam edir. Ona qarşı ittihamda yazılıb ki, Səlimov İranın xüsusi xidmət orqanlarının göstərişi ilə İsrail bayrağını Bakıda yandırıb, görüntüləri onlara göndərib. Özü də bunu təsdiqləyir. Lakin o deyir ki, xüsusi məqsədi olmayıb, bunu pul qarşılığında da etməyib: "Sadəcə öz hisslərimi ifadə eləmişəm. Neyləmişəmsə, inancıma görə eləmişəm...".

Səlimov dövlətə xəyanət ittihamını, SEPAH-ın göstərişlərini yerinə yetirməsi haqda iddiaları rədd edir.

İslam Partiyasının sədri Mövsüm Səmədov dövlət çevrilişinə cəhd, onun həbsindən sonra sədr əvəzi olmuş İlham Əliyev dövlətə xəyanət ittihamı ilə hazırda həbsdədirlər.

Səlimovun ittiham olunduğu CM-in 274-cü maddəsində 12 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG