Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 05:35

İran anti-İsrail sərmayələrinin xeyrini görür


Fələstinlilər İsrail tankının vurulmasını bayram edirlər.
Fələstinlilər İsrail tankının vurulmasını bayram edirlər.

İran "Həmas"ın bu həftə İsrailə qəfil hücumunda birbaşa əli olmadığını desə də, çoxsaylı qələbələrini bayram etməkdən də özünü saxlaya bilmir.

Oktyabrın 7-də İranın dəstəklədiyi Fələstin qruplaşması İsrailə çoxtərəfli hücuma başlayanda Tehran bundan həzz alırdı. Azı 900 israillinin öldürüldüyü hücumun ilk saatlarında İran paytaxtındakı bilbordlar "Fələstin torpaqlarının böyük xilası"nın, İranın əzəli düşməni İsrailin çöküşünün başlandığını müjdələyirdi.

İsrail tarixində ən çox ölümə səbəb olmuş "Həmas" hücumunun nəticələri isə regionun diplomatik və hərbi mənzərəsini artıq dəyişib.

Şiə ölkəsi İran bundan faydalanır, islamçı rejim Yaxın Şərqdə özünün böyük dövlət rolunu möhkəmləndirməyə, müsəlman dünyasında Fələstinin əsas dəstəkçisi kimi qələmə verir. AzadlıqRadiosunun müxbiri Maykl Skollon bu haqda yazır.

Tehran Qəzza zolağına nəzarət edən sünni "Həmas" qruplaşmasına maliyyə və mənəvi dəstək verdiyini açıq etiraf edir. İran həmçinin Fələstinin "İslam cihadı" sünni, eləcə də Livandakı "Hizbulla" şiə silahlı qruplaşmasını dəstəkləyir.

Ekspertlərin sözlərinə görə, islam respublikası İsrailə qarşı investisiyasının yaxşı bəhrəsini görür.

"Bihudə planların ardınca düşüblər"

"Bu, atəş açmaq istədiyin adamları vurmağa hazır qüvvələri öz tərəfinə çəkmək deməkdir və İranın "Həmas", "Fələstin İslam Cihadı" kimi Fələstin terror qruplarına İranın maddi dəstəyini izah edir", – Vaşinqtonda yerləşən "Demokratiyaların Müdafiə Fondu"nun aparıcı əməkdaşı Behnam ben Taleblu AzadlıqRadiosuna deyib.

"İran eyni qaydada həm sünni, həm də şiə islamçı, yaxud cihadçı terrorçuluğu dəstəkləyir", -- Taleblu izah edir. "Çox zaman məhz İranın Fələstinə... eləcə də "Həmas"ın özünə maddi və maliyyə dəstəyi islam inqilabının Yaxın Şərqə ixracına ekumenizm (dinlərarası iş birliyi məqsədi güdən fəaliyyət) çaları verir".

Bu hücum İranın çoxdankı rəqibi Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırma cəhdlərini ehtiyatla izləməsi fonunda baş verir. Tehran həm də "sionist rejim" adlandırdığı İsrailin hücuma güclü hərbi reaksiyasından yararlanır.

Müşahidəçilər və İran rəsmilərinin fikrincə, baş verənlər regionda İsrailə qarşı əhvalı gücləndirə, İsraillə son yaxınlaşma cəhdlərini poza bilər.

"Sionist rejimlə diplomatik əlaqələr qurmaq istəyən ərəb ölkələri baş verənlərdən dərs çıxarmalı, bunu etməzdən öncə iki dəfə düşünməlidir. Onlar bihudə planların ardınca düşüblər", – İranın xarici işlər naziri Əli Əkbər Vilayəti oktyabrın 9-da suriyalı həmkarı ilə telefon söhbətində deyib.

"Fələstin əhvalatı"

İran İsrailə hücumda "Həmas"a kömək etmədiyini deyir. İsrailin Müdafiə Qüvvələri də oktyabrın 9-da bildirib ki, İranın birbaşa roluna elə bir dəlil yoxdur.

Birləşmiş Ştatlar da İranın roluna dəlil görmədiklərini deyirlər, amma rəsmilər onu da vurğulayıblar ki, "Həmas"a silah verilməsi və təlim keçilməsindən dolayı Tehran böyük mənada əlbirdir.

Bəzi müşahidəçilər isə "Həmas"ın İranın "Hizbulla" və "Fələstin İslam Cihadı" kimi proksiləri ilə müqayisədə ənənəvi müstəqilliyini qeyd edirlər.

"Bu, bir Fələstin əhvalatıdır. Həmas İranın yardımından istifadə etdimi? Əlbəttə. İranın bu hərəkətdə marağı varmı? Bəli", – Təl-Əviv Universitetində İran Araşdırmaları üzrə Alyans Mərkəzinin elmi əməkdaşı Raz Zimmt oktyabrın 9-da yazıb.

""Həmas"ın fəaliyyət üçün İranın icazəsinə ehtiyacı varmı? Xeyr. "Həmas", İran və "Hizbulla" bunu öncədən koordinasiya edibmi? Ola bilsin. Ancaq sonucda bu, "Həmas"ın Fələstin reallığından doğan maraqları əsasında atdığı addımdır", – o vurğulayıb.

"İsrailə qarşı bıçaq müxtəlif cəbhələrdə itilənir"

İranın Xarici İşlər Nazirliyi Tehranın bu hücumda rolunu danmağa davam edir.

"Həmas"ın lideri İsmayıl Haniyə etiraf edib ki, qrup ötən il İrandan ildə 70 milyon dollar hərbi yardım alıb. ABŞ Dövlət Departamentinin 2020-ci ildə yaydığı açıqlamaya görə, Tehran Fələstin silahlı qruplaşmalarına ildə 100 milyon dollaradək yardım göstərib.

"Həmas" son hücumda 4 mindən çox raket və silahlı dron atıb. Bəzi kəşfiyyat rəsmilərinin ehtimalına görə, İran həmin silahların hazırlanmasına texniki yardım göstərib.

Taleblu deyir ki, rejim daha çox yerli istehsalı dəstəkləyir və "İsrailə qarşı bıçaq müxtəlif cəbhələrdə itilənir". Bu isə sonucda Tehranın birbaşa iştirakı olmadan da onun maraqlarına xidmət edir. Bütün bu zorakılıq və qisas görüntüləri yayıldıqca, iranlılar ümid edirlər ki, bu, Səudiyyə-İsrail normallaşmasını tormozlaya bilər.

XS
SM
MD
LG