Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:35

Kadırovun tənqidçisi olan bloqer İsveçdə öldürülüb


Tumso Abduraxmonov
Tumso Abduraxmonov

Çeçenistan liderinin tanınmış tənqidçisi İsveçdə öldürülüb.

Çeçen bloqer Tumso Abduraxmonovun həmkarları AzadlıqRadiosunun rus xidmətinə deyib ki, o, dekabrın 1-dən 2-nə keçən gecə güllələnib.

İsveçin rəsmi orqanları bu məsələ haqda açıqlama yaymayıblar.

Çeçenistanın 1ADAT Telegram kanalı da dekabrın 5-də Abduraxmanovun öldürüldüyünü, onun qardaşı Muxammad Abduraxmanovun isə İsveç təhlükəsizlik qüvvələrinin mühafizəsi altında olduğunu yazıb.

Ölüm xəbəri dekabrın 1-də yayılıb

36 yaşlı Abduraxmanovun ölüm xəbəri dekabrın 1-də sosial mediada yayılsa da, təsdiqlənmirdi. AzadıqRadiosunun “Caucasus.Realities” xidməti və çeçen müxalifət qrupları bloqerlə əlaqə yarada bilmədiklərini deyirdilər. Onun təmsilçiləri də deyirdilər ki, bloqer, yaxud qardaşıyla əlaqə qura bilmirlər.

İsveç rəsmilərinin dekabrın 2-də AzadlıqRadiosunun dediyinə görə, Abduraxmanovun yeri haqda məlumatları yoxdur.

2021-ci ilin yanvarında İsveç məhkəməsi iki rusiyalını Abduraxmanovu öldürməyə cəhddə təqsirli bilərək uzunmüddətli həbs cəzaları kəsib.

Onlardan biri Ruslan Mamayev məhkəmədə deyib ki, Çeçenistan hakimiyyətinin tapşırığıyla hərəkət edib, ona 50 min avro (50 min dollar) vəd edilib.

2007-ci ildən Çeçenistanı idarə edən Kadırovun ətrafında şəxsiyyətə pərəstiş yaranıb. İnsan haqları qrupları onu adam oğurluğu, məhkəmədən kənar qətllər kimi pozuntularda, LGBT icmasını hədəfə almaqda ittiham edir.

Siyasi sığınacaq almışdı

Populyar YouTube bloqeri olan Abduraxmanov Kadırovu, onun hökumətini sərt tənqid edirdi. O, 2015-ci ildə Rusiyadan gedib, İsveçdə siyasi sığınacaq alıb.

Bloqer noyabrın 30-dan Telegram kanalında heç bir post yerləşdirməyib.

“Adətən, Tumso Telegram kanalının işləməyəcəyi haqda xəbərdarlıq edirdi, dünən isə bunu etməyib”, – bir şərhçi yazıb.

Abduraxmanov YouTube-da son videosunu bir neçə həftə öncə yerləşdirib.

Ötən il Çeçenistan əsilli bir nəfər Avstriyada ömürlük həbsə məhkum edilib. O, YouTube-da Kadırovu tənqid edən, Martin Beck kimi tanınan çeçen bloqer Mamixan Umarovun qətlində təqsirli bilinib.

XS
SM
MD
LG