Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:40

Ermənistanın bəzi mövqelərinin Azərbaycana verildiyi deyilir


Ermənistan əsgəri boşaldılan mövqedə
Ermənistan əsgəri boşaldılan mövqedə

AzadlıqRadiosu Erməni xidməti - Azatutuyunun fevralın 5-də verdiyi məlumatda deyilir ki, “bugün sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində Ermənistanın Syunik vilayətinin Nerkin Xndzoresk kəndi yaxınlığındakı bir neçə erməni mövqeyi Azərbaycana keçib”.

Azatutuyun bildirir ki, kənd sakinləri bu xəbəri narahatlıqla qarşılayıblar.

Bir çoxları hesab edirlər ki, hökumət onları azərbaycanlılarla təkbətək qoyub.

Orduda müqavilə əsasında xidmət edən bir kənd sakini deyib:

“Biz, kənd sakinləri bilmirik nə edək? Yuxarıdan kimsə gəlib soruşmur ki, niyə geri çəkilirsiniz? Bizim bir deputatımız var. Burdan 250 səs alıb, amma bir dəfə də burda olmayıb. Adı Xaçatryan Armendir. O buvaxtadək bura gəlməyib ki, nə baş verdiyini görsün”.

Kəndin başqa bir sakini – Asmik Qulyan Azatutyuna təhlükəsizlikdən olan nigarançılığını bildirib:

“Onlar (azərbaycanlılar – red) indi bizə çox yaxındırlar. Biz böyüklər qormuruq, amma uşaqlar qorxurlar”.

Bu da qeyd olunur ki, bu kənddə Dağlıq Qarabağ müharibəsindən qaçıb gələn bir neçə ailə də yaşayır.

Kərkinin Azərbaycana qaytarılmasının müzakirə edilmədiyi bildirilir

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 3-də Ararat vilayətinə səfəri zamanı yaxın vaxtlarda Kərki kəndinin Azərbaycana qaytarılacağı barədə məsələnin müzakirə olunduğuna dair kütləvi informasiya vasitələrində yayılmış məlumatlar həqiqətə uyğun deyil.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bu məlumatı Ararat vilayətinin administrasiyasına istinadən verib.

Naxçıvan Muxtar Respublikasının Kərki kəndi Ermənistan tərəfindən 1990-cı ildə işğal olunub və Ermənistanda bu kənd Tiqranaşen adlandırılır.

Administrasiya bildirib ki, baş nazirin bölgəyə səfəri zamanı yalnız bundan əvvəl rəsmi məlumatda qeyd olunan proqramlara dair məsələlər müzakirə olunub.

Ararat vilayətinin administrasiyası dezinformasiya yaymamağa və “daxili və xarici düşmənlərin maraqlarına xidmət etməməyə” çağırıb.

Nikol Paşinyan fevralın 3-də Ararat vilayətinə səfər etmiş və orada müşavirə keçirmişdi.

Baş nazirin ofisi bildirib ki, müşavirədə 2020-ci ilin yekunları və yaxın gələcək üçün nəzərdə tutulmuş proqramlar üzrə vəzifələr müzakirə olunub.

Bu barədə rəsmi bəyanat olmayıb

Rusiya, Azərbaycan və Ermənistan başçıları tərəfindən 10 noyabr üçtərəfli bəyanatı imzalanandan bəri istər Azərbaycan, istərsə də Ermənistan mətbuatında və sosial mediasında Dağlıq Qarabağdan kənarda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri barədə ziddiyyətli məlumatlar yayılır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Asim Mollazadə üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra "Turan" agentliyinə bildirmişdi ki, Azərbaycanın gözləntisi noyabrın 10-da imzalanmış bəyanatın icrası ilə bağlıdır:

"Biz maraqlıyıq ki, sənəddə əks olunmuş maddələrin real icrasına başlansın".

AzadlıqRadiosunun Turana istinadən yaydığı məlumata görə millət vəkili demişdi ki, üçtərəfli bəyanatdan irəli gələn məsələlər icra olunmalıdır:

"Söhbət Azərbaycan ərazisi olan Qazax rayonunun kəndlərindən gedir. (Qazax rayonunun 7 kəndi işğal altındadır) Naxçıvanın Kərki kəndi ilə bağlı, bildiyim qədər, razılıq artıq əldə edilib".

Lakin buna baxmayaraq nə Azərbaycan, nə də Ermənistan hökumətləri sözü gedən məsələyə rəsmi münasibət bildirməyiblər.

Qazax rayonunun işğal olunmuş 7 kəndi

1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub.

Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.

Prezidentin nümayəndəsi, yoxsa icra başçısı - hansı daha üstün olacaq
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar.

Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG