"Electrogas" elektrik stansiyanın tərəfdaşı "SOCAR Trading"ə, "Nexia BT" şirkətinin rəhbərləri - Brayan Tonna və Karl Çiniyə "17 Black" şirkətinin illədir sürən cinayət işiylə bağlı ittihamlar irəli sürüləcək.
"Times of Malta"nın bilgisinə görə, ötən həftə sonlanan istintaq materialları prokurorluğa göndərilib.
Dəqiq hansı ittihamların irəli sürüləcəyi bəlli olmasa da, qaynaqların bilgisinə görə, sözügedən fiziki və hüquqi şəxslərlə yanaşı, istintaqa cəlb olunanlar dələduzluq, çirkli pulların yuyulması, cinayət əməlində əlbirlik və korrupsiyayla bağlı lobbiçilik ittihamlarıyla üzləşə bilərlər.
B.Tonna və K.Çini iki gizli şirkət qurduqlarından ilk dəfə 2016-cı ildə xəbər başlıqlarına düşüblər. Bu şirkətlər işadamı Yorqen Fenek və onun Dubaydakı "17 Black" şirkəti ilə əməkdaşlıq edərək "Electrogas" elektrik stansiyası kimi böyük milli layihələrdən götürülən qanunsuz gəlirləri yumaq niyyətində olub.
"Nexia BT" mühasibat şirkəti ovaxtdan qapadılıb və hər iki rəhbər korrupsiyayla əlaqəli digər cinayət işlərində ittihamlarla üzləşib.
Təchizat zənciri olmayıb
Fenekin "17 Black" şirkətinə sahib olduğunu "Times of Malta" və "Reuters" hələ 2018-ci ildə üzə çıxarmışdı. O, Delimarda tikilib istismara veriləcək yeni elektrik stansiyasıyla bağlı 450 milyon avro dəyərində dövlət tenderi qazanan konsorsiumu yönəldib. Bu konsorsiumdakı tərəfdaşlardan biri Maltadakı eklektik stansiyasının toplam səhmlərinin üçdə birinə sahib olan Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi – "SOCAR Trading"dir.
"The Guardian" nəşrinin bilgisinə görə, 2017-ci ildə "SOCAR Trading SA" bu sövdələşmədən təxminən 32 milyon avro qazanıb. Şirkət "Electrogas" və nəticədə "Enemalta"nın ondan aldığı mayeləşdirilmiş təbii qazın (LNG) satışında müəyyənləşdirilmiş qiymətlə bazar qiymətləri arasındakı fərqdən maksimal bəhrələnərək bu qazancı əldə edib.
Təchizat zənciri olmadığı halda şirkətin "Electrogas"a necə LNG tədarük etdiyi məsələsi də müstəntiqləri təəccübləndirib.
2021-ci ildə "Times of Malta" bildirib ki, Fenek Azərbaycanla Malta arasında, özəlliklə enerji sektorunda əlaqələri gücləndirməklə bağlı insayder bilgisi əldə edib.