Keçid linkləri

2025, 09 Aprel, çərşənbə, Bakı vaxtı 05:04

Brüssel sammitində diqqətlər Marko Rubioya yönələcək


ABŞ dövlət katibi Marko Rubio Surinamdan Mayamiyə uçarkən təyyarəsində jurnalistlərə açıqlama verir.
ABŞ dövlət katibi Marko Rubio Surinamdan Mayamiyə uçarkən təyyarəsində jurnalistlərə açıqlama verir.

Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.

Aprelin 3-4 tarixlərində NATO xarici işlər nazirləri Brüsseldə adəti üzrə yaz toplantısı üçün bir araya gələcək.

Fevralda baş tutan müdafiə nazirlərinin iclasında olduğu kimi, yenə də bütün gözlər Amerika təmsilçisində olacaq. Onda müdafiə naziri Pit Heqset idi, amma bu dəfə diqqətdə ABŞ dövlət katibi Marko Rubiodur.

Rubio yeni Tramp administrasiyasında bu rola təyin olunduğu zaman əksər avropalılar sevinirdilər. O, ABŞ və Avropa ölkələri arasında güclü əməkdaşlığı dəstəkləyən qızğın bir "transatlantikçi" kimi qəbul olunurdu.

Ancaq indi danışdığım NATO diplomatları müəyyən bir narahatlığın olduğunu bildirir. Bəziləri "o, hələ də bizi və ittifaqı başa düşür" desə də, onun ABŞ hökuməti daxilində həqiqətən hansı təsirə malik olduğunu və Ukrayna, Rusiya və Çinlə bağlı nə deyəcəyi haqda düşünürlər.

Ancaq iki şey aydındır. Müdafiə naziri Heqset kimi, Rubio da Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmaq və yükün bərabər bölüşdürülməsi mesajını verəcək. Və eynilə fevralda olduğu kimi, Avropadakı müttəfiqlər ABŞ-nin NATO-ya sadiqliyini və qarşılıqlı müdafiə bəndi olan 5-ci maddəni yenidən təsdiqləyəcəyinə ümid edəcəklər.

Alyansın iyunda keçiriləcək sammitindən əvvəl yeganə digər NATO toplantıları mayın ortasında Türkiyədə keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü və iyunun əvvəllərində müdafiə nazirlərinin sessiyasıdır. Buna görə də buhəftəki görüş 24-26 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammiti üçün əslində bir məşq olacaq. O görüşün məqsədi aydındır: Alyansı bir arada saxlamaq üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq.

NATO-nun baş katibi Mark Rütte hər bir müttəfiqi mümkün qədər tez zamanda ümumi daxili məhsulun (ÜDM) azı 3.7 faizini müdafiəyə xərcləməyə və müntəzəm olaraq irəliləyiş hesabatları təqdim etməyə çağırır. NATO baş katibinin bu təşviqi ABŞ prezidenti Donald Trampı zirvə toplantısında sakitləşdirməyə yönəlib. Lakin bəzi avropalı müttəfiqlərin aşağı iqtisadi artım və artan büdcə kəsirləri ilə mübarizə apardığını nəzərə alsaq, onların qısa zamanda müdafiə sahəsində daha çox öhdəlik götürməkdən çəkinəcəyi aydındır.

Kaya Kallas
Kaya Kallas

Rubio yenə Kaya Kallası görməzdən gələcəkmi?

Nazirlərin görüşü zamanı diqqət yetirilməli olan başqa bir məqam NATO-Aİ münasibətlərinə həsr olunmuş sessiyadır. İclasda Aİ-ni blokun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təmsil edəcək. Dövlət katibi Rubio bu ilin əvvəlində ABŞ-yə səfər edən Kallasla görüşməyib və mənim danışdığım bütün Aİ diplomatları Vaşinqtonun Aİ-ni ciddi tərəfdaş kimi görmədiyini etiraf ediblər.

Avropa Komissiyasının müdafiə xərclərinə dair son təklifi ilə bağlı da kifayət qədər gərginlik var. Avropa Komissiyası Aİ ölkələrinə silah almaq üçün 150 milyard avro həcmində kredit götürməyi təklif edir, amma şərt odur ki, bu silahlar qeyri-Avropa ölkələrindən alınmamalıdır. ABŞ xüsusilə Avropanın müdafiə xərclərində özünün kənarda qalmasına səbəb olacaq hər hansı addıma qarşı ehtiyatlıdır.

Lakin ən böyük narahatlıq, əlbəttə ki, ticarət sahəsindəki zəifləyən və köhnələn münasibətlərdir. NATO toplantısına cəmi bir gün qalmış ABŞ bütün avtomobil idxalına 25 faiz rüsum tətbiq etməyə hazırlaşır ki, bu da Aİ üzvü olan Almaniya kimi ölkələrə xüsusilə ciddi təsir göstərəcək.

Brüsselin ABŞ-nin Avropadan idxal olunan polad və alüminiuma qoyduğu tariflərə cavab tədbirləri aprelin 13-də qüvvəyə minəcək.

ABŞ Rusiyaya təzyiqi artıracaqmı?

İclasın digər qonağı Ukraynanın xarici işlər naziri Andriy Sibiqadır. O, döyüş meydanındakı vəziyyətlə bağlı son məlumatları NATO-dakı həmkarlarına çatdıracaq, lakin yenə də diqqət mərkəzində olan Rubio olacaq.

Putin və Tramp
Putin və Tramp

Enerji infrastrukturuna və Qara dənizdə kommersiya gəmilərinə hücumların dayandırılmasını ehtiva edən atəşkəs razılaşması təmin olunmasa, ABŞ Rusiyaya təzyiqi artıracaqmı? Ukraynanın NATO-ya üzvlüyü, hələlik, masada olmasa da, avropalı müttəfiqlər azı ABŞ silahlarının Ukraynaya çatdırılmasının davam etməsi və NATO-nun Ukrayna əsgərləri üçün təlim missiyasını (NSATU) davam etdirməsinə dair zəmanət almaqda maraqlıdır.

İndiyə qədər hər şey, hələlik, işləyir. NATO-nun şərq cinahında ABŞ qoşunlarının mövqeyində heç bir dəyişiklik olmayıb. Bununla belə, dəyişən odur ki, ABŞ artıq Kiyevə hərbi dəstəyi koordinasiya edən "Ramşteyn qrupu" kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupuna sədrlik etmir. Qrupun fevraldakı sonuncu iclasına Britaniya sədrlik edib və ilkin olaraq aprelin 11-nə planlaşdırılan növbəti iclasa Britaniya və Fransa həmsədrlik edə bilər.

London və Parisin Ukraynada daimi atəşkəs baş tutarsa, potensial təminat qüvvəsi üzərində işləməyə davam edəcəyi gözlənilir. Ancaq qoşunların sayı, iştirakçı ölkələr və missiyanın dəqiq mandatı haqda təfərrüatlar, hələlik, açıqlanmayıb.

Getdikcə daha aydın görünən odur ki, NATO-nun Rusiya ilə bağlı yeni strategiyası üzərində iş dayanıb. Alyansın gələcəkdə Moskva ilə münasibətlərini müəyyən edən strategiya Haaqa sammitində təsdiqlənməli idi. Lakin Vaşinqton yekun sülh razılaşmasına gedən yolda potensial qıcıqlandırıcılardan çəkinmək istədiyini və belə bir strategiya sənədinin məhz buna yol açacağını bildirib.

ABŞ-nin tələbi ilə sessiyada NATO-nun dörd Asiya-Sakit okean tərəfdaşı - Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın xarici işlər nazirləri də iştirak edəcəklər.

ABŞ administrasiyası Pekinə rəqib kimi baxsa da, onun Çinə qarşı ictimai tənqidi indiyədək nisbətən dayanıb.

Bu sessiyada nazirlər Rubionun Çinlə bağlı bir sıra məsələlərə dair şərhlərini eşitməkdə maraqlı olacaqlar.

XS
SM
MD
LG