Bugün, iyunun 21-də Ermənistanın fəaliyyətdə olan baş naziri Nikol Paşinyan Facebook səhifəsindən elan edib ki, yeni hökuməti onun partiyası formalaşdıracaq.
Rəsmi nəticəyə görə də onun Vətəndaş Müqaviləsi partiyası təqribən 54 faiz səs yığıb.
Bazar günü keçirilmiş parlament seçkisində ikinci yerdə gələn, keçmiş president Robert Koçaryanın bloku seçkinin nəticəsini tanımadığını və Konstitusiya Məhkəməsinə müraciət edəcəyini deyib.
Hökuməti gözlənildiyi kimi Paşinyan formalaşadırarsa, onun bundan sonrakı siyasəti necə olacaq?
Türkiyədə Beynəlxalq Münasibətlər və Strateji araşdırma mərkəzinin rəhbəri Sinan Oğan deyir ki, bundan sonra Azərbaycan Ermənistan sərhədində daha çox sakitlik olması və 10 noyabr atəşkəs razılaşmasına daha çox əməl olunması mümkündür:
“Atəşkəs pozulmasa, Ermənistanın blokadadan çıxması da mümkündür. Bu zaman da Ermənistanda rifahın da olması mümkündür”.
Sinan Oğanın fikrincə, Qarabağ müharibəsi ərzində Paşinyan gördü ki, bölgədə tamamilə qərbyönümlü olaraq siyasət yürütmək olmur və o, bundan sonra Rusiya və Qərb arasında balans saxlamağa cəhd edəcək.
“Erdoğan təklif edir. Bu şansdan istifadə etmək lazımdır”
Ermənistanda ictimai fəal İşxan Verdyan da ümid edir ki, Paşinyan daha çox Azərbaycanla sülh yolu tutacaq:
“Paşinyan özü deyir ki, o nə qərbyönümlüdür, nə də ki, rusiyayönümlü. Ermənistan yönümlüdür. Ümid edirəm ki, o, bu bəyanatlara sadiq qalacaq. Arzu edirəm ki, o əvvəlki səhvlərindən nəticə çıxaracaq və başa düşəcək ki, Qarabağ məsələsi ilə oynamaq həmişə müharibə ilə nəticələnir. Yaxşı olar ki, o, region ölkələri ilə əməkdaşlıq etsin. Mən ona Türkiyəni diqqətdə saxlamağı təklif edirəm. Türkiyə özü Ermənistana kömək təklif edir, prezident Rəcəb Tayyib Erdoğan deyib ki, Ermənistanla münasibətləri yaxşılaşdırmağa razıdır. Belə sözü Ermənistana deyən olmayıb, bu şansdan istifadə etmək lazımdır. Bu, Ermənistanı xilas edə, mövcud böhrandan çıxara bilər”.
İşxan Verdyan əlavə edir ki, Ermənistanda Paşinyan tərəfdarları sevinc içindədirlər, çünki onlar bütün nifrət çıxışlarına, maxinasiyaya sinə gərib, bu qələbəyə əzmlə, əziyyətlə nail oldular. O hesab edir ki, bu seçki demokratik keçdi və xalq öz sözünü dedi.
Sülh müqaviləsi
Bakıda isə hakim Yeni Azərbaycan Partiyasından deputat Elman Nəsirov AzadlıqRadiosuna deyib ki, onun fikrincə, bu seçkinin nəticəsi göstərdi ki, erməni xalqı əməkdaşlıq istəyir. Onun fikrincə, Paşinyanın dönəmində sülh müqaviləsi imzalanması da mümkündür:
"Sülh müqaviləsinin olmaması əməkdaşlığın həyata keçirilməsinə ciddi mane olur. Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərinə reaksiyanın olmaması daha çox seçkilərlə bağlı idi. Seçkilərdə qalib gələn Paşinyanın belə bir müqavilənin imzalanmasında maraqlı olacağı istisna deyil".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də deyib ki, Ermənistan hakimiyyəti bu ölkədəki böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracağına inanır.
Ermənistanda növbədənkənar parliament seçkisi iyunun 20-da keçilib.
Azərbaycan bu ölkə ilə keçən il Rusiyanın vasitəçiliyi ilə, Qarabağda 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalasa da, Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin taleyi ilə bağlı suallar açıq qalıb, iki ölkə arasında sərhədlərin delimitasiya hələ başa çatmayıb.