Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:40

Baş redaktor 4 ay müddətinə həbs edilib


Polad Aslanov
Polad Aslanov

Bu gün, iyunun 14-dә Sәbail Rayon Mәhkәmәsi Dövlәt Tәhlükәsizlik Xidmәti (DTX) əməkdaşlarının iyunun 12-də şübhәli şәxs qismindә saxladığı xeberman.com saytının baş redaktoru Polad Aslanov barәsindә 4 aylıq hәbs qәtimkan tәdbiri seçib.

Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat verib.

Qapalı keçən mәhkәmәdә Polad Aslanovun özünü tәqsirli bilmәdiyi vә hәbsini jurnalist fәaliyyәti ilә әlaqәlәndirdiyi bildirilir.

Pold Aslanov Cinayət Məcəlləsinin 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Qeyd edilən ittiham üzrə şəxsə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası verilə bilər.

DTX-nın dünәn, iyunun 13-dә yaydığı mәlumatda bildirilirdi ki, “xeberman.com” saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanıb.

“Müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib”, - açıqlamada yazılmışdı.

DTX-nın iddiasına görə, o, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb.

“Onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır”, - DTX iddia edirdi.

Qurum habelə vurğulayıb ki, Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanının əməkdaşları ilə tanış edib: “... Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir”.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova isə AzadlıqRadiosuna demişdi ki, əri ilə o, Biləsuvar sərhəd-buraxılış məntəqəsində saxlanıblar.

Aslanova vurğulayıb ki, həmin vaxt azyaşlı qızları da onların yanında olub: “Pasport yoxlanışında bizə sistemdə problem olduğunu bildirdilər. Bir neçə dəqiqə sonra bizi təkrar yoxlama otağına saldılar. Telefonlarımızı zorla əlimizdən aldılar...”

Gülmira Aslanova vurğulayıb ki, özü və uşağı sərbəst buraxılıb. Onun sözlərinə görə, məhkəmə qərarı əsasında evdə axtarış da aparılıb:

“Polad Aslanovun kompüteri, data-kart, nömrə, sənədlər, fotoaparat, videokamera və bir çox avadanlıqlarını apardılar. Hətta qayınanamgilin evində də axtarış apardılar. Həmin evdən Polada aid olmayan bir kitab, bir yararsız telefon kartı, anasına məxsus telefonu da götürdülər...”

Xatırlatma

Polad Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı.

O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu jurnalist fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: “Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub.

XS
SM
MD
LG