Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:08

Prezidentin dialoq sözünə müxalifətdən cavablar...


Prezident İ.Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında. 10 mart 2020
Prezident İ.Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında. 10 mart 2020

Dövlət başçısı İlham Əliyev martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında siyasi dialoqdan və çoxpartiyalı sistemdən danışdı. Onun vurğulamasına görə, Prezident Administrasiyasının (PA) nümayəndələri son vaxtlar siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir: «Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq...».

Prezidentin qeyd etməsinə görə, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır: «Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq».

Amma dövlət başçısı dialoqdan danışsa da, son parlament seçkilərini boykot edən qüvvələrin də ünvanına sərt ifadələr işlədib: «...Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar».

S.Həzi
S.Həzi

«Ən düzgün qərar idi»

Növbədənkənar parlament seçkilərini boykot edən Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, hakimiyyət çoxpartiyalı sistemlə «çoxlu partiya» anlayışı arasında fərqi bilmir: «Çoxpartiyalı sistem partiyaların hakimiyyətdə, hökumətin formalaşmasında iştirak etməsidir. Bu partiyaların birinin seçki vasitəsilə hakimiyyətdən gedib, digərinin hakimiyyətə gələ bilməsi şansı olan sistemdir».

Onun fikrıncə, bu il fevralın 9-da keçirilmiş parlament seçkilərinin boykot edilməsi ən düzgün qərar idi: «Çünki hakimiyyətin irəli sürdüyü bəzi namizədləri xalq fitə basıb qovdu, amma hakimiyyət xalqın iradəsinə hörmətsizlik edərək onları yenidən deputat kimi tanıdı».

«AXCP dialoq imitasiyasında iştirak etmək fikrində deyil»

S.Həzi vurğulayıb ki, AXCP dialoq imitasiyasında iştirak etmək fikrində deyil. Sədr müavini deyib ki, PA təmsilçisi ilə görüşdə iştirak üçün onlar siyasi məhbusların azad olunması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və təkrar seçki məsələsi mövzularını ortaya qoyublar: «Amma bu, dialoq olmayacaq, dialoq sonrakı mərhələdə partiya sədri ilə hökumətin səlahiyyətli nümayəndəsi arasında ola bilər. Odur ki, hökumət tərəfi cavab verməlidir ki, deyilən mövzuları müzakirə etməyə hazırdır, ya yox».

A.Hacılı
A.Hacılı

«Söhbət dialoqdan getmir»

Müxalif düşərgədən son parlament seçkilərinə qatılan Müsavat Partiyasının başqanı Arif Hacılı da hesab edir ki, burada söhbət dialoqdan getmir. A.Hacılının vurğulamasına görə, PA-nın şöbə müdiri deyib ki, sadəcə, partiya rəhbərləri ilə tanış olmaq istəyir: «Dialoq konkret mövzular ətrafında ola bilər. 2019-cu ilin payızında Müsavat Partiyası qərargahında dəyirmi masa keçirildi. Həmin masada ölkədə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan tələblər irəli sürüldü».

Partiya sədrinin əlavə etməsinə görə, hakimiyyət həmin dəyirmi masada deyilənlərə reaksiya verməyib.

A.Hacılı qeyd edib ki, bu il fevralın 9-da keçirilmiş parlament seçkilərinə Müsavat Partiyası 60 namizədlə qatılsa da, bir nəfər belə parlamentə buraxılmayıb, seçki prosesində debatlar olmayıb:

«İmitasiya xarakteri daşıyır»

«Bundan sonra hakimiyyətin guya ölkədə çoxpartiyalı sistemin inkişafına, hansısa dialoqa hazır və maraqlı olması barədə açıqlamaları, əslində, yalnız imitasiya xarakteri daşıyır. Bunun arxasında real siyasi iradə dayanmır».

AXCP və Müsavat rəhbərliyindən fərqli olaraq ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 29-da Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşmüşdü. «Hakimiyyətlə müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq», - deyə o, görüşdən sonra vurğulamışdı.

N.Cəfərli
N.Cəfərli

«Hələ ki, partiyalarla görüşlər tanışlıq xarakteri daşıyır»

ReAL Partiyasından Natiq Cəfərli düşünür ki, hakimiyyətlə təmasların, müzakirələrin olması yaxşıdır. O hesab edir ki, bu təmas və müzakirələr ölkədəki siyasi vəziyyətin sivil qaydalarda inkişafına yardımçı olar. N.Cəfərli əlavə edib ki, ölkədə normal seçkilər gerçəkləşsəydi, müxalifət-hakimiyyət dialoqu parlament çərçivəsində keçirilə bilərdi: «Fikrimcə, bu dialoq təklifi son seçkilərin gətirdiyi fəsadları aradan qaldırmaq üçün PA-dan gəlib. Bunun konkret mövzular ətrafında olması daha məntiqli olardı. Hələ ki, partiyalarla görüşlər tanışlıq xarakteri daşıyır. Bunun nəticəsində bir masa qurulacaqsa, predmetli müzakirələr olacaqsa, Azərbaycanda siyasi səhnənin normallaşmasında mühüm rol oynaya bilər».

N.Cəfərli ehtimal edir ki, prezidentin çoxpartiyalı sistem barədə danışması Azərbaycanda yaxın aylarda referendum ola biləcəyinə işarədir. O qeyd edib ki, çoxpartiyalı sistemə keçidin əsası proporsional seçki sistemidir, onun da bərpası referendumla mümkündür: «Ola bilər ki, bu çıxış ilkin anonsdur. Azərbaycanda yaxın aylarda proporsional seçki sisteminin tətbiqi ilə bağlı addımlar atıla bilər...».

F.Mustafa
F.Mustafa

Deputat: «Proses başlayıb»

Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa isə hesab edir ki, artıq proses başlayıb. Onun deməsinə görə, iki partiya istisna olmaqla qalan partiya rəhbərləri ilə görüşlər olub: «Amma bütövlükdə bu onu göstərir ki, hakimiyyətin siyasi partiyalarla bağlı problemləri həll etmək niyyəti açıq və şəffafdır. Ona görə də təkliflərə də açıqdır. Azlığı təşkil edən partiyaların təmsilçiləri indiyə kimi parlamentdə vəzifə səlahiyyətinə malik deyildilər. İndi isə azlığın təmsilçiləri parlament idarəçiliyində təmsil olunurlar».

Onun fikrincə, dialoq da buna hazır olanlar və buna cavab verənlər arasında aparıla bilər.

«Məncə, yeni dövr başlayıb»

F.Mustafa deyib ki, bundan imtina, sadəcə, bəzi siyasi qüvvələrin Azərbaycan reallığını inkar etməsindən irəli gəlir. Onun düşüncəsinə görə, ölkənin problemləri əvvəl-axır masada oturaraq müzakirə etməkdən keçəcək, küçələrdən yox: «Bu baxımdan, məncə, yeni bir dövr başlayıb».

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yenə Azərbaycan Partiyası (YAP) qazanıb. Əslində, Azərbaycanda parlament seçkiləri bu ilin payızında keçirilməli idi. Amma deputatlar YAP-ın istəyi ilə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezidentin islahatlarına dəstək məqsədi ilə izah etmişdilər.

Müxalifətin bir qismi hakimiyyətin islahatların imitasiyasını yaratmaq istədiyini bildirərək seçkiləri boykot etdilər. Onlar dedilər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum mühit belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar.

Seçkinin səhəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu da ilkin rəyini açıqladı və orada bir sıra tənqidi fikirlər yer aldı. Seçkidən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairədə nəticələri ləğv etmişdi. Həmin dairələrdə seçicilərin iradəsinə müdaxilə olduğu bildirilirdi. Bəzi müxalif partiyalar və müstəqil namizədlər isə bütün dairələrdə nəticələrin ləğvini istəyirdilər. Hərçənd, MSK və Konstitusiya Məhkəməsi buna ehtiyac görmədi.

XS
SM
MD
LG