Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:23

ABŞ-a qarşı çıxan deputat: "Sifarişlə iş görmürəm"


Rövşən Rzayev
Rövşən Rzayev

►"Səfirliyin açıqlamasını müsbət dəyərləndirirəm."

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi hazırlayıb. Sənəddə deyilir ki, ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanmalıdır. Bu, respublikaçı Kris Smitin ABŞ Nümayəndələr Palatasında Azərbaycanda insan haqlarını pozan rəsmilərə viza qadağası qoymağa çağıran qanun layihəsi hazırlamasından sonraya təsadüf edib.

Sənəd layihəsi dekabrın 23-dən mediada və sosial şəbəkələrdə müzakirə edilir. Bu layihə haqda danışan bəzi politoloqlar da sosial şəbəkə istifadəçiləri kimi ona, yumşaq desək, qeyri-ciddi münasibət bildirib, kimi də deyir, müəllifi dekabrın 29-da onun parlamentdə müzakirəyə çıxarılmasını istəyir.

Rövşən Rzayev AzadlıqRadiosuna müsahibəsində bu layihəni hazırlama səbəblərindən danışıb.

– Mən Dağlıq Qarabağ Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüyəm. Məsələ ondan ibarətdir ki, ermənilər bütün dünya ictimaiyyətinə çatdırıblar ki, Azərbaycanda insan haqları pozulur, buna görə də Dağlıq Qarabağ erməniləri heç bir halda Azərbaycanın tərkibində yaşaya bilməzlər. Bu, bizi narahat etməyə bilməzdi. Ona görə də bununla bağlı mövqeyimi ortaya qoymuşam ki, bu Christopher Smith erməni lobbisinin təkidi hesabına belə qanun layihəsini irəli sürüb. Və bunu Konqresdən keçirsə, onda belə çıxır ki, həqiqətən Azərbaycanda insan haqları pozulur. Belə olan halda da ermənilər Azərbaycan çərçivəsində yaşaya bilməzlər. Mən də bundan çox narahatam. Bildirmək istəyirəm ki, cənab Smith həqiqətən də Azərbaycanda insan haqları sahəsində problem görürsə, nə səbəbə bir milyon insanın qaçqın və köçkün halda yaşamasına reaksiya verməyib? Mən istəyirəm bu məsələyə ədalətli yanaşma olsun. Çox xoşagəlməz hal olar ki, Amerika kimi dövlətin Konqresindən belə qanun layihəsi keçsin.

Buna da bax: Kimlər əfv gözləyir

– Yəni sizcə, Smith-in hazırladığı qanun layihəsi gerçəkliyi əks etdirmir və Azərbaycanda insan haqları sahəsində problem yoxdur?

– İnsan haqları başqa məsələdir. Mən hesab edirəm ki, Christopher Smith, daha yaxşı olardı, Amerikada olan problemlərlə bağlı mövqeyini səsləndirsin. Nə səbəbə Azərbaycanla bağlı fikrini söyləməlidir? İnsan haqlarına görə belə narahatsansa, buyur, Amerikada məsələlərin həllinə bax, buyur, Azərbaycandakı bir milyon qaçqın haqqında fikrini səsləndir, Xocalı soyqırımı haqda danış. Qaçqınlar da insandır. Onların da haqları pozulur, torpaqlarından didərgin düşüblər. Amerika, Rusiya, Fransa - həmsədr dövlətlər bu məsələnin bu günə kimi həll olunmamasına görə birbaşa cavabdehdirlər. Bu üç dövlət öz vəzifə borclarına kifayət qədər ciddi yanaşmadıqlarına görə, bu gün sərhəddə cavan oğlanlar şəhid olurlar. Niyə bu haqda bir bəyanat yoxdur? Niyə bir adam demir ki, nə baş verir?

– Siz həmin layihədə ABŞ-la bağlanan kontraktların ləğvi məsələsinə, ticari-iqtisadi əlaqələrin dayandırılmasına da toxunmusunuz. Siz bunu real sayırsınız? Lap tutaq ki, əlaqələr birtərəfli dayandırıldı, sizcə, ABŞ bundan nə itirəcək və ya Azərbaycan nə qazanacaq?

– Azərbaycan mənim və milyonlarla insanın vətənidir. Onun ən böyük varı azadlığıdır, müstəqil dövlət kimi inkişafıdır. O ki qaldı dövlətlərarası münasibətlərə, bu gün Azərbaycanla ABŞ arasında normal işbirliyi var. Azərbaycan antiterror əməliyyatlarında iştirak edir.

Buna da bax: Trump 2016-cı ilə lider namizəd kimi gedir

– İkitərəfli əlaqələrin dayandırılmasına inanırsınızmı?

– O, hökumətin işidir.

– Amma qanun layihəsinin müəllifi kimi...

– Mən layihə təklif etmişəm. Bu, mənim hüququmdur. Amma o ki qaldı hökumətin verəcəyi reaksiyaya, o, mənim işim deyil.

– Siz qanun layihəsi hazırlarkən yəqin hökumətin də reaksiyasını hesablamısınız. Siz hökumətin kontraktları, ikitərəfli əlaqələri dayandıracağına nə qədər ümidlisiniz?

– Mən ümid edirəm ki, hökumət mənim təkliflərimə düzgün qiymət verməyi bacaracaq.

– “Düzgün qiymət vermək” deyəndə nəyi nəzərdə tutursunuz?

– Bilmirəm, vallah, nə cür reaksiya verəcəklər. O, mənim səlahiyyətimdən artıq səlahiyyətdir.

– Bəs deputat həmkarlarınız bu haqda nə düşünürlər, bilirsinizmi?

– Mətbuatdan bilirəm ki, bəzi həmkarlarım narazılıq bildiriblər, bəziləri dəstəkləyiblər. Hərənin öz fikri var və mən də ona hörmətlə yanaşıram.

– Hazırladığınız layihə sosial şəbəkələrdə qeyri-ciddi qarşılanıb və hətta bunun hakimiyyətin sifarişi ilə hazırlandığını deyirlər.

– Heç bir partiyanın üzvü deyiləm. Bu günə qədər heç bir sifariş nə almışam, nə vermişəm. Müstəqil adamam. Nəyi harda, niyə etdiyimi özüm bilirəm.

– Yəni öz iradənizlə hazırlamısınız qanun layihəsini?

– Onunla bağlı müəyyən detallar var və Allah qoysa, hər şey deyiləcək.

– Yeri gəlmişkən, artıq ABŞ səfirliyi bu layihəyə münasibət bildirib.

– Səfirliyin açıqlamasını müsbət dəyərləndirirəm. Onlar məsələyə ədalətli yanaşıblar. Bu barədə çox səmimi ünsiyyətdə ola bilərik. Məni qane edən cavabdır.

Buna da bax: İ.Əliyev: "Vətəndaşlar əmin ola bilər ki"

– Bu o deməkdirmi ki, qanun layihəsi parlament müzakirəsinə çıxarılmaya bilər?

– Yox, mən hesab edirəm ki, biz işimizi davam etdirməliyik və xoşməramlı münasibət də bizim üçün vacibdir. Mənim Amerikadan ədalətli mövqe səsləndirəcəyinə gözləntim böyükdür.

– Yəni?

– Qanun layihəsinin qəbul edilməməsini gözləyirəm.

– Belə anlamaq olar ki, Dağlıq Qarabağ məsələsi sizin üçün öndə gələn məsələdir, bəs bir deputat kimi insan haqlarının qorunması, fundamental azadlıqların təminatı nə qədər prioritetdir sizin üçün?

– İnsan haqları mənim üçün mühüm amildir, məni narahat edir. Ancaq ən ağrılı problem – Dağlıq Qarabağ məsələsi həll edilməlidir.

– Bəs insan haqları problemləri həll edilməməlidir?

– Məncə, Azərbaycanda insan haqları kiçik qüsurlarla qorunur. Bu iki məsələni ayırmaq düz deyil. Mənim səmimiyyətimə inanın.

Millli Məclisdə konqresə təqdim edilən layihəmüzakirə edilib
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

XS
SM
MD
LG