2022-ci ilin martında, Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi əmrindən bir neçə həftə sonra Rusiya prezidenti Vladimir Putin "analara, arvadlara, bacılara və nişanlılara" vəd verdi ki, o, bu müharibəyə yalnız peşəkar hərbçiləri göndərəcək.
Bu vəd qısa müddət sonra boşa çıxdı, çünki gənc çağırışçıların hərbi xidmətə çağırıldıqdan dərhal sonra zorla müqavilə imzalamağa məcbur edildiyi və Kremlin "xüsusi hərbi əməliyyat" adlandırdığı münaqişə zonasına göndərildiyi barədə çoxsaylı məlumatlar yayıldı.
Müharibənin başlamasından üç il keçsə də, rusiyalı gənc hərbi çağırışçıların yaxınları və fəallar bildirir ki, belə müqavilələr imzaladıqdan sonra çağırışçılar cəbhəyə göndərilir və orada həlak olur.
"Rusiya ordusu üçün 18-19 yaşlı çağırışçıları cəlb etmək nisbətən asandır. Bu gənc əsgərlər tez-tez peşəkar hərbçi olmaq üçün müqavilə imzalamağa təşviq edilirlər, lakin çox vaxt nəyə razı olduqlarını tam anlamırlar", – Rusiyada müharibə əleyhinə qrup olan "Vicdanlı Əleyhdarlar Hərəkatı"nın hüquqşünası Artyom Kliqa AzadlıqRadiosuna bildirib.
Rusiyada 1 aprel tarixində başlayacaq yaz çağırışı ərəfəsində rusdilli "Vyorstka" xəbər agentliyi məlumat yayıb ki, avqustda Ukraynanın gözlənilməz hücumla ələ keçirdiyi Kursk vilayətində azı 25 çağırışçı həlak olub.
"Vyorstka"nın mətbuatda və sosial mediada yayımlanan nekroloqların təhlilinə əsasən verdiyi məlumata görə, bu çağırışçıların orta yaşı 20-dir. Onların çoxunun ölümü yalnız son aylarda üzə çıxıb.
Kurskda həlak olan rusiyalı çağırışçılardan biri 19 yaşlı Zaxar Sosnin idi. Onun ailəsi AzadlıqRadiosunun "Sibir Reallıqları" layihəsinə bildirib ki, onun hərbi müqaviləni necə imzaladığı barədə heç bir məlumatları olmayıb.
"Biz bunu sonradan bildik. Onun niyə imza atdığını hələ də anlamırıq. Bizə dedilər ki, o, Kursk vilayəti uğrunda gedən döyüşdə həlak olub, vəssalam. O, uşaq idi", - Zaxarın qohumlarından biri deyib.
Hüquqşünas A.Kliqa AzadlıqRadiosuna bildirib ki, Rusiyanın qanunlarına görə, çağırışçıların dörd aydan az xidmət keçməklə döyüş bölgəsinə göndərilməsi texniki olaraq qadağandır. Lakin onlar müqavilə imzaladıqları təqdirdə dərhal cəbhəyə göndərilə bilərlər.
"Çox vaxt onların vəkillərə və ya insan haqları təşkilatlarına çıxışı olmur - sadəcə olaraq başqa seçimləri olmur", - o deyib.
Hərbi xidmətə çağırılan əsgərlərin bəzilərinin yaxın qohumları bildirib ki, onlar övladlarının hərbi müqavilələr imzalamadığından əmindirlər.
AzadlıqRadiosunun "Şimal həqiqətləri" layihəsi xəbər verir ki, oktyabrda Rusiya tank diviziyasından bir neçə çağırışçı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra 305 min rubl (3 min 600 dollar) alıb.
Bu çağırışçılardan birinin anası "Şimal həqiqətləri"nə deyib ki, onun oğlu heç bir müqavilə imzalamayıb. "Biz dəhşətə gəlirik, çünki döyüşmək istəmirik", - o əlavə edib.
"Onlar sadəcə uşaqdır!"
Rusiyalı çağırışçıların yaxınları arasında narahatlıq və qəzəb tez-tez üzə çıxır. Ötən ay Rusiyanın Sverdlovsk vilayətinin Verxnyaya Salda şəhərinin administrasiyası sosial şəbəkə paylaşımında 19 yaşlı çağırışçı Daniel Selyayevin xatirəsini yad edərək onun noyabrda Kursk vilayətində gedən döyüşlərdə həlak olduğunu açıqlayıb.
Selyayevin hərbi formada çəkilmiş fotoşəkilinin olduğu postun altında sosial şəbəkə istifadəçiləri onun ölümü ilə bağlı sərt şərhlər yazıb. Səlahiyyətlilər isə onun ölümünün "humanitar yardım" paylayarkən baş verdiyini bildiriblər.
"Bir hərbi çağırışçı. Onların cəlb olunmayacağı deyilmişdi. Oğlan üçün çox, çox üzüldüm", - bir istifadəçi yazıb.
Başqa bir istifadəçi cavab olaraq yazıb ki, çağırışçılar müqavilə imzaladıqdan sonra və ya ilk beş ay xidmət etdikdən sonra cəbhəyə göndərilirlər, buna isə digər bir şərhçi kəskin etiraz edib. "Bu doğru deyil! Oraya çağırışçıları aparırlar! Hətta uşaqları sərhəddə olan analar üçün bizim "Telegram" çatımız var. Heç kim onlardan təlimdən sonra hara aparıldıqlarını soruşmur", - sosial şəbəkə istifadəçisi yazıb.
"Niyə çağırışçılar xüsusi hərbi əməliyyata göndərilir?! Onlar sadəcə uşaqlardır! Onları sağ-salamat evlərinə qaytarmaq dövlətin borcudur", - başqa biri yazıb.
Rusiyalı hərbi analitik Yan Matveyev AzadlıqRadiosuna bildirib ki, Rusiyada bir çox ailələr Putinin gənc və təcrübəsiz kişiləri cəbhəyə göndərməyəcəyi ilə bağlı vədini pozduğu üçün hökumətə qarşı qəzəblidir. Lakin Kremlin Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlanğıcından bəri ölkədə müxalifətə qarşı artan təzyiqlər fonunda ictimai etirazlar yox səviyyəsindədir.
Bu ay Rusiya Federal İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, 2022-ci ilin fevralından bəri Komitə Rusiya hərbçiləri haqqında "şərəfini alçaltma" və ya "saxta xəbərlər yayma" ittihamları ilə 615 cinayət işi açıb. Bu, Rusiya hökumətinin tənqidçiləri susdurmaq üçün istifadə etdiyi mübahisəli qanun maddələridir.
"Ölkə daxilində repressiya güclüdür və təhlükəsizlik qüvvələri məhkəmələrlə birlikdə istənilən aktiv narazılığı sərt şəkildə boğur", - hərbi analitik Matveyev vurğulayıb.
Qərb ölkələrinin ötən ilin dekabrına olan hesablamasına görə, Rusiyanın itkiləri - öldürülən və yaralananlar - 700 mini ötüb.
Yazı AzadlıqRadiosunun "Sibir həqiqətləri" və "Şimal həqiqətləri" regional mətbuat layihələri tərəfindən hazırlanıb.