Məşhur "dərə-təpə" attraksionuna Ukrayna dilində də, ruscada da "Amerika təpələri" deyilir. Bu deyim ötən həftə Rusiyanın Ukraynaya qarşı apardığı savaşla bağlı diplomatiyanı, özəlliklə Vaşinqtonla Kiyev arasındakı münasibətləri göstərmək üçün yerinə düşür.
Ağ evdə ABŞ və Ukrayna arasında mineral ehtiyatlara dair razılaşmanın imzalanması ilə sonuclanmalı olan görüş çox qəribə bitdi. Heç bir razılaşma imzalanmadı və Oval otaqda xoşagəlməz mübahisənin ardınca Zelenski Ağ evi erkən tərk etdi. Tramp da dedi ki, o, "sülhə hazır olanda geri dönə bilər".
Bütün bunlar fevralın 28-də baş verib. Üç gün sonra yüksəkvəzifəli ABŞ rəsmiləri mediaya deyiblər ki, Tramp ABŞ-nin Ukraynaya hərbi yardımına ara verir. Bu addım məsələyə daha çox bəlirsizlik gətirib və Avropanın təkcə Ukraynanın deyil, həm də öz güvənliyi üçün yaranan boşluğu doldurmaqdan ötrü hərəkətə keçməsinin təcililik dərəcəsini artırıb.
Daha bir gün sonra - martın 4-də Konqresdə çıxış edən Tramp Kiyevi tənqid etməməyə səy göstərib və deyib ki, Zelenski ona məktub yazaraq Rusiya ilə danışıqlara və minerallarla dair razılaşmanı "istənilən vaxt" imzalamağa hazır olduğunu bildirib.
Minerallara dair razılaşma imzalanacaqmı?
Trampın martın 4-dəki çıxışında söylədiklərindən belə çıxır ki, Kiyev və Vaşinqton Ukraynanın nadir mineralları və digər sərvətlərinin birgə hasil edilməsinə dair razılaşmanı tezliklə imzalaya bilər. Bu, Oval otaq fəlakətindən sonra əlaqələrin yenidən bərpa olunduğunu nümayiş etdirən güclü göstərici olardı.
Ancaq Trampın demədiklərinə də diqqət yetirmək vacibdir. Tramp bu çıxışında Ukrayna prezidentinin sülh istəmədiyini deməyib, onun legitimliyini də sorğulamayıb və Ukraynanın tezliklə seçki keçirməsini də tələb etməyib.
Hərbi yardımla bağlı fasilə çoxmu çəkəcək?
Trampın demədiyi daha bir vacib məsələ var. O, Ukraynaya silah tədarükünə və digər hərbi yardımlara qoyduğu fasiləyə sonlandıracağını da deməyib. ABŞ rəsmiləri deyirlər ki, bu fasilə Kiyevin sülhə gerçəkdən sadiq olduğunu nümayiş etdirdiyi zaman bitəcək. Trampın milli güvənlik müşaviri Mayk Uolts martın 5-də qoyulan fasilənin yerində qaldığını bildirib. O deyib ki, sülh danışıqları təşkil ediləndə və güvən yaratma tədbirləri masa üzərində olanda Tramp bu fasiləni aradan qaldırmağı gözdən keçirəcək.
Bu minerallara dair razılaşmanın arxasında ABŞ-nin güvənlik təminatları olmasa belə, Ukraynanın danışıqlara doğru hərəkətlənməsi üçün basqı anlamına gəlir. ABŞ rəsmiləri deyirlər ki, bu saziş ölkənin sabitliyində ABŞ-nin maraqlı olmasını təmin edəcək və, beləcə, Ukraynanın qorunmasına yardım göstərəcək.
ABŞ-Rusiya münasibətlərində buzların əriməsi nə qədər dərinə işləyəcək?
Trampın fevralın 12-də Rusiya prezidenti Vladimir Putinə zəng vurması və rusiyalı həmkarlarıyla danışmaq üçün yüksəkvəzifəli dövlət rəsmilərini Səudiyyə Ərəbistanına göndərməsiylə ABŞ siyasətini dəyişməsi ciddi rezonans yaratdı. Bütün bunlar uzun müddət Kremli təcrid etməklə onu Ukraynaya qarşı apardığı qanunsuz müharibəyə görə cəzalandırmaq istiqamətində ABŞ-nin apardığı siyasətin tam tərsi idi.
Trampın bu addımı Kiyev və Avropanın bu prosesdən kənarlaşdırılacağı, Rusiyanın növbəti aqressiyası qarşısında Ukraynanı zəif durumda qoyacağı və bütün qitədə güvənliyi təhdid edəcəyinə dair ciddi narahatlıq doğurdu. Gələcək həftələrdə ABŞ-Rusiya münasibətlərinin hansı yöndə gəlişəcəyi Ukraynanın, Avropa və Qərbin gələcəyi üçün ayrıca önəm daşıya bilər.
Avropa təsirini artıracaqmı?
Trampın Rusiyaya yanaşması, ABŞ ilə Rusiya arasındakı gərgin münasibətlər, Amerikanın Kiyevə yardımı ilə bağlı bəlirsizlik və transatlantik münasibətlərdə yaranan yeni soyuqluq Ukraynanın və özünün güvənliyi naminə Avropanın daha çox hərəkət etməsinə dair təcili çağırışları artırıb. Bu çağırışlar arasında Kiyevə silah təchizatının artırılması və atəşkəs, yaxud sülh sazişi əldə edilərsə, silahlı qüvvənin Ukraynaya yerləşdirilməsi ilə bağlı müzakirələr də var.
Həmin müzakirələrin əmələ çevrilib-çevrilməyəcəyi və bunun nə qədər tez baş verəcəyi Ukraynanın taleyinə və Avropanın gələcəyinə çox güclü təsir edə bilər. ABŞ-nin bu məsələdə iştirakını Avropanın qoruyub saxlamağı bacarması da o sıradan.
Son bir-iki həftədə Ukrayna savaşına dair aramsız diplomatiya yalnız ABŞ, Ukrayna və Avropaya fokuslanıb. Ancaq İkinci Dünya savaşından sonra Avropada baş verən ən böyük müharibəyə görə cavabdeh olan ölkə - Rusiya bu çərçivədən qıraqda qalıb.
Məsələn, Moskva NATO qüvvələrinə qarşı olsa da və Kreml məhdud razılaşmada maraqlı olmayıb tam sülh istədiyini söyləsə də, atəşkəs əldə edilməsindən sonra əraziyə qoşun yerləşdirilməsinə dair danışıqlar davam etdirilib. Rusiya eyni zamanda istənilən sülh razılaşmasının Ukraynanın dörd bölgəsinin tam ərazisi üzərində onun nəzarətini tanımasını istəyir. Bura həmin bölgələrin hələ də Ukrayna nəzarətində olan hissələri də daxildir. Bu mövqe Kiyev üçün qəbuledilməzdir.
Bəzi təhlilçilər deyirlər ki, Rusiya tarixən danışıq taktikası kimi maksimalist iddialar qaldırmaqla başlayır ki, sonradan aşağı enərək yenə də onun məqsədlərinə uyğun gələn mövqedə dayansın. Digərlərinə görə isə, ən azı, indiki halda Putin Ukraynanı özünə tabe etdirmək kimi geniş məqsədlərə nail ola biləcəyinə inanır və istənilən atəşkəsdən yeni hücum üçün güc toplamaq məqsədilə yararlanacaq.
ABŞ administrasiyası bildirib ki, Ukrayna da, Rusiya da sülh naminə güzəştlərə getməli olacaq. Ancaq Rusiyanın getməli olduğu güzəştlərin nədən ibarət olduğunu deməyib. Tramp sülh əldə edilməsi istiqamətində basqılarını sürdürəcəyi müddətdə sülh razılaşmasının nə şəkildə olacağına dair ABŞ və Rusiya rəsmilərinin baxışlarını izləmək maraqlı olacaq.