Keçid linkləri

2025, 10 Yanvar, Cümə, Bakı vaxtı 00:47

Ukrayna niyə məhz indi Rusiyaya qarşı yeni hücuma başlayıb?


Ukrayna əsgəri Rusiyanın Kursk vilayətinin Sudja şəhərində zədələnmiş binanın yanından keçir
Ukrayna əsgəri Rusiyanın Kursk vilayətinin Sudja şəhərində zədələnmiş binanın yanından keçir

Ukrayna ordusu ötən ilin avqustundan bəri Kursk vilayətində tutduğu ərazilərə nəzarəti əlində saxlamağa çalışır.

AzadlıqRadiosunun jurnalisti Todd Prins yazır ki, sərhədi keçib düşmən ərazisinə girməyin taktik məqsədləri aydın deyil. Rəsmi Kiyevin bu addımı Qərbdəki müttəfiqləri də, Kremli də təəccübləndirib.

İndi Ukrayna Kurskda yeni hücum başladıb. Bu dəfə onlar tutulan ərazinin yarısını qaytara bilən və şimali koreyalı hərbçilərdən dəstək alan Rusiya ordusuyla üz-üzədir.

Ukrayna hücumunun məqsədi və bunun üçün seçdiyi tarix aydın deyil. Cəbhənin bir çox hissələrində Ukrayna ordusu çətinliklərlə üzləşir. Rusiyalıların say üstünlüyü var. Seyrəlmiş sıraları doldurmaq üçün yeni (ukraynalı - red.) əsgərlərin səfərbər edilməsində böyük problemlər yaşanır.

Belə durumda kasad resurslardan, bəlkə də, anlamsız hücum üçün yararlanmaq nəyə gərəkdir? Ekspertlərin fikrincə, bu addım, az qala, üç ildir sürən savaşın gedişini dəyişmək məqsədi daşıyır.

"Ukrayna üçün başlıca amil ABŞ-nin dəstəyidir. Rusiya ərazisində əldə edilən hər hansı uğur yeni administrasiyanın "savaş uduzulub" deməsini çətinləşdirir", - ABŞ Ordusu Hərbi Kollecinin professoru Con Naql belə deyib.

Mənəvi ruhun yüksəlişi

Yanvarın 5-də başladılan yeni hücumdan sonra ukraynalılar məhdud uğurlara nail olublar. İndiyədək aydın deyil ki, bu, rusiyalıları cəbhənin digər istiqamətlərindən yayındırmaq üçün aparılan bir növ "sınaq əməliyyatı"dır, yoxsa daha miqyaslı əks-hücumun bir hissəsidir.

Ukraynalıların ötən ilin avqustunda Kursk vilayətinə girmələri Rusiya qoşunlarını ölkənin şərqindən çəkmək və irəliləyişini yavaşlatmaq cəhdi kimi dəyərləndirilib. Ancaq rəsmi Kiyevin strategiyası uğursuz olub. Ukraynanın şərqində irəliləmək rusiyalıların öncəliyi idi. Üstəlik, dəstək alan rəsmi Moskva Kurska 11 minədək şimali koreyalı hərbçi yerləşdirib.

Oktyabrda Uqledarı ələ keçirən Rusiya ordusu Ukraynanın şərqində irəliləməyə davam etdi. İndi onlar Donetsk vilayətinin önəmli logistik mərkəzi sayılan Pokrovsku ələ keçirməyə yaxındırlar.

Ukrayna prezidenti Volodimir Zelenski ordusunun Kurska girməsini müdafiə etsə də, hərbi ekspertlər bu addımı şübhə altında qoyur.

"Rusların Pokrovsk yaxınlığındakı uğurları hərbi baxımdan önəmlidir və siyasi çəkisi var. Kurskunsa hərbi baxımdan elə böyük mahiyyəti yoxdur", - ABŞ Ordusunun təqaüddə olan polkovnik-leytenantı Naql belə deyib və sözünə davam edib: "Buna baxmayaraq, Kurskdakı uğurlar ukraynalıların mənəvi ruhunu yüksəldə və savaş meydanında güc nisbətini böhran anında dəyişə bilər". Di gəl, Rusiyanın işğal etdiyi hər yeni şəhərlə Ukraynanın şanslarına dair pessimizm daha da artır.

"Bu, həm də Rusiya prezidenti Vladimir Putinin "Rusiyanı qoruyan güclü şəxs" imicinə zərbə vuracaq", - ABŞ-nin Kornell Universitetinin hərb tarixi professoru Devid Silbinin sözləridir.

Putin ötən ilin dekabrında illik mətbuat konfransında öncədən hazırlanmış sualların birini cavablarkən, ukraynalıları Kursk vilayətindən sıxışdırıb çıxaracağına söz versə də, konkret tarixləri açıqlamamışdı.

Silbinin fikrincə, Ukraynanın güclü istehkamlar qurulmuş şərq cəbhəsindən fərqli olaraq, Kurskda uğur qazanmaq ehtimalı daha yüksəkdir. Rusiyalılar qüvvələrinin böyük bir bölümünü Ukraynanın şərqində yerləşdirməklə yanası, burada geniş müdafiə xətləri də qurublar.

Rusiya dronu Kurskun Berdin kəndi yaxınlığında Ukrayna tankını vurur.
Rusiya dronu Kurskun Berdin kəndi yaxınlığında Ukrayna tankını vurur.

"Ukraynanın şərqinə hücum məhdud uğurlar gətirsə də, daha da ləngiyəcək. Böyük ehtimalla, daha çox itkilərə səbəb olacaq və bu bölgədə ukraynalıların müdafiəsini zəiflədəcək. Ölkənin şərqində vuruşan ukraynalılar çox yorulublar. Düşünmürəm ki, Zelenski bu prosesi sürətləndirmək istəsin", - yenə Silbinin fikridir.

Ukrayna yeni əsgərlər toplamaqda çətinlik çəkir. Bu, min kilometrlik cəbhə xəttində canlı qüvvə çatışmazlığı doğurur. Ekspertlərin fikrincə, Ukrayna ordusunun ən böyük problemi silah yox, döyüşçü çatışmazlığıdır.

Silbi deyib ki, şəxsi heyət çatışmazlığı nəzərə alınsa, Ukraynanın Kurskdakı hücumu uzun sürməyəcək.

Əlverişli mövqelər

Ekspertlərin düşüncəsinə görə, yeni hücum gələcək sülh danışıqlarında Ukraynanın mövqelərini gücləndirmək məqsədi daşıya bilər.

Kurskdakı yeni əməliyyat ABŞ-də prezident seçilmiş Donald Trampın Ağ evə qayıtmasından iki həftə öncə gerçəkləşdirilir. Tramp savaşı tez bir zamanda bitirməyə və ABŞ-nin Ukraynaya ayırdığı milyardlarla dollarlıq hərbi yarıdımı dayandırmağa söz verib.

O, yanvarın 7-də keçirdiyi mətbuat konfransında savaşı altı aya bitirəcəyinə ümid bəslədiyini bildirib və deyib ki, Rusiyayla Ukrayna arasında sülh sazişinin imzalanmasında vasitəçi olmaq çətin olsa da, bunu "qaydaya salmaqda" qətiyyətlidir.

Bildirilir ki, Tramp münaqişəni qoşunların indi yerləşdiyi cəbhə xətti boyunca dondurmağa çalışacaq. Bu da o deməkdir ki, döyüş meydanında hər hansı tərəfin uğuru danışıqlarda onların mövqeyini gücləndirəcək.

"Bu, bir növ sülh danışıqlarının ilk yaylım atəşidir. Ukraynanın danışıqlar masasına ola bildiyincə güclü mövqe ilə əyləşməsinə və Rusiyadan nəsə əldə etməsinə imkan yarana bilər", - Silbinin sözləridir.

XS
SM
MD
LG