Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Vaqif Xaçatryana ittiham elan olunur. Vəkili müdafiədən imtina edir


Vaqif Xaçatryan və vəkili Natiq Bəybalayev
Vaqif Xaçatryan və vəkili Natiq Bəybalayev

1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında ittiham olunan Vaqif Xaçatryanın işi üzrə Bakıda məhkəmə prosesi gedir. Onun işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və iki hakimi baxır. Lakin məhkəmə prosesi Yasamal rayon Məhkəməsinin binasında keçirilir.

Oktyabrın 16-da prosesdə məhkəmə istintaqı başlayıb. Ardınca baş prokurorun köməkçisi Müqəddəs Sultanov Xaçatryan haqqında ittiham aktında yazılanları elan edib.

O da məlum olub ki, dövlət hesabına Xaçatryana vəkil təyin olunmuş Natiq Bəybalayev müdafiədən çəkilir. O, bu barədə məhkəməyə ərizə təqdim edib. Bunu elan edən hakim Z.Ağayevin sözlərinə görə, vəkil ərizəsində göstərib ki, səhhətindəki problemlərlə əlaqədar müalicəyə gedir, bir müddət ölkədə olmayacaq.

Bəybalayevi müdafiə prosesində Radmina Abdulova əvəzləyib. Bununla bağlı Xaçatryanın da fikri soruşulub və o, etiraz etməyib.

İttiham aktında Xaçatryanın bir neçə başqa erməni ilə birlikdə Xankəndi şəhər Polis (o dövrdə milis) İdarəsində Meşəli sakinləri Məmməd KazımovZakir Novruzovu döyüb təhqir etdiyi, digər zorakılığa əl atdığı iddia olunur. O, həmçinin dekabrın 23-də Meşəli kəndində qətliamda suçlanır. Məhkəmədə Meşəlidə Xaçatryanın qətlə yetirdiyi iddia olunan 19 nəfərin adları açıqlanıb.

Fiziki şəxslərlə yanaşı, Xocalı rayon İcra Hakimiyyəti də Xaçatryana qarşı cinayət işində zərərçəkmiş qismində tanınıb. İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Murad Hüseynov zərərçəkmişin nümayəndəsi statusunda məhkəməsində çıxış edərkən deyib ki, Meşəli hadisəsi nəticəsində dövlətə 130 min 800 manat ziyan dəyib.

V.Xaçartyan
V.Xaçartyan

"Mən iştirak eləməmişəm"

V.Xaçatryan ittihama münasibət bildirərkən özünü təqsirli saymadığını deyib. O bildirib ki, Meşəli hadisələri baş verən vaxt Xocalının Padar kəndində yaşayırdı, sürücü işləyirdi. Onun sözlərinə görə, o dövrdə, ümumiyyətlə, silahı yox idi.

"İttiham aktında yazılanların heç biri mənə aid deyil. 1988-1992-ci illərdə keçirilən əməliyyatların heç birində mən iştirak eləməmişəm. Orada yaşayan azərbaycanlılar mənə yaxın olub, hamısını tanımışam...", - Xaçatryanın sözləridir.

O, Meşəlidə qətliam törədilən zaman öz evində olduğunu vurğulayıb. Prokurorun suallarını cavablandırarkən deyib ki, amma silah səsləri eşidilirdi.

Hakim deyib ki, Xaçatryanın istintaqa verdiyi ifadə ilə məhkəmədə dedikləri arasında ziddiyyət var. Bu üzdən onun istintaqdakı ifadəsi də məhkəmədə elan edilib.

İstintaqdakı ifadəsində də o, özünün Meşəli hadisələrində iştirak etmədiyini, evində olduğunu deyib. Amma ifadədə qətliamın iştirakçısı kimi, bir sıra ermənilərin ad-soyadları çəkilib.

Bundan əlavə, əvvəllər Fərrux dağında postda olması, silah gəzdirməsi və s. məsələlər də istintaqdakı ifadədə yer alıb.

Məhkəmədə iştirak edən zərərçəkmişlər Xaçatryana ömürlük cəza verilməsini istəyiblər.

"Silahı yerə qoyanlara amnistiya verməyi nəzərdən keçiririk"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Xatırlatma

68 yaşlı V.Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istədiyini bildirmişdi. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırıb, Qarabağ sakininin saxlanmasını "adam oğurluğu" adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın hələ 2013-cü ildən Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə beynəlxalq axtarışda olduğunu açıqlamışdı.

Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-nin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Azərbaycan qanunvericiliyində soyqırımı cinayətinə görə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG