Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:45

'Yoxa çıxsam, deməli, məni öldürüblər'. Rusiyalı fəaldan xəbər yoxdur


Ayxal Ammosovun təkadamlıq aksiyası
Ayxal Ammosovun təkadamlıq aksiyası

Dekabrın 10-da rusiyalı fəal və pank musiqiçi Ayxal Ammosov “Instagram”da özünün fotosunu paylaşaraq psixiatrik klinikaya salınmış yakut şamanın azad edilməsinə çağırıb. Şaman prezident Vladimir Putinə qarşı mətbuatda geniş işıqlandırılmış etiraz aksiyası keçirdiyi üçün cəzalandırılıb.

Əsl adı İqor İvanov olan Ammosov paylaşımdan üç gün sonra Yakutsk şəhərində məhkəmə qarşısına çıxmalı idi. Ona qarşı Rusiya ordusunu "gözdən salma" ittihamı irəli sürülmüşdü. Ona beş ilədək həbs cəzası kəsilə bilərdi.

“Həbsdən qorxmadığını yazırdı”

Ancaq 30 yaşlı Ammosov məhkəməyə gəlməyib. Dostları və həmkarları onun dekabrın 13-nə salınmış məhkəməyə gəlməyə hazırlaşdığını, ancaq yoxa çıxdığını deyirlər.

"Bəli, o, məhkəməyə gələcəkdi. Mən hələ payızda ondan ölkədən getmək istəyib-istəmədiyini soruşmuşdum. O imtina etmişdi. Çox adam ona qaçıb getməyi məsləhət görmüşdü. O hər dəfə imtina edirdi. Deyirdi ki, mən qorxaq deyiləm və sonadək gedəcəyəm. Həbsdən qorxmadığını yazırdı", – Ammosovun dostu, ictimai fəal Kyundel Ottuyev AzadlıqRadiosunun “Sibir. Realii” xidmətinə deyib.

Ammosovun yoldaşları onun təhlükəsizliyi sarıdan narahat olduqlarını deyirlər. Onların sözlərinə görə, Ammosov yoxa çıxmasından az öncə, dekabrın 10-da paylaşdığı sonuncu “Instagram” postundan bir gün sonra sosial mediada yoxa çıxa biləcəyini demişdi.

“Bəlkə onu artıq öldürüblər”

"Ayxala qarı son hədələrə gəlincə, heç bilmirəm… Bəlkə onu artıq öldürüblər, ya da bir zirzəmidə saxlayıb işgəncə verirlər”, – Ottuyev deyir.

Putinin fevralda Ukraynaya hücum etməsindən bəri yüzminlərlə rusiyalı həm siyasi atmosferin get-gedə daha repressivləşməsi səbəbindən, həm də orduya çağırışdan yayınmaq üçün ölkəni tərk edib.

Ancaq Ottuyev deyir ki, Ammosovun ölkəni tərk etməsi ehtimalı azdır.

"Onun özü sosial mediada yazmışdı ki, əgər yoxa çıxsam, deməli məni öldürüblər”, – Ottuyev deyir.

Üç ilədək həbs cəzası kəsilə bilər

Dekabrın 13-də Ammosovun iştirakı ilə keçirilməli olan məhkəmə dinləməsi ona qarşı avqustda açılan cinayət işi ilə bağlı idi. Ammosov Yakutskda üzərində “Yakut pank müharibəyə qarşı” yazılmış bayraq qaldırmağa cəhddə ittiham olunur.

Prezident Putinin Ukraynaya hücuma başlamasından az sonra imzaladığı fərmana görə Ammosov “Rusiya ordusunu gözdən salmağa yönəlmiş ictimai hərəkətlərə” görə üç ilədək həbs cəzasına məhkum edilə bilər.

“Crispy Newspaper” adlı pank qrupunun lideri Ammosov daha öncə iki dəfə müharibə əleyhinə qraffitilərə görə xuliqanlıqda ittiham edilib. O, mayda “Sibir.Realii”yə müsahibəsində həbsindən sonra beş gün təkadamlıq kamerada saxlandığını, elektroşok və odlu silahla hədələndiyini demişdi.

"Onlar məni psixoloji sındırmağa çalışdılar”, – o deyirdi.

İşdən də çıxıb

Ammosov “Sibir.Realii”yə Rusiyanın Ukraynaya hücuma başlamasından bəri müharibə əleyhinə etirazları qətiyyətlə davam etdirdiyini demişdi.

"Müharibəyə qarşı …mübarizə aparmaq üçün hətta işdən də çıxmışam. Onlar məni iki aya yaxın axtarıblar. Hər gecə fərqli yerlərdə qalaraq gizlənirdim”, – o deyirdi.

Ammosov müharibəyə qarşı keçirdiyi gerilla aksiyalarında Ukrayna ilə həmrəylik əlaməti olaraq Kiyevi “Qəhrəman şəhər” kimi anan abidə önündə şam yandırmış, üzərində tabut və “Bəy gəldi” yazısı olan plakat qaldırmaqla piket də etmişdi.

"İşin qorxulu tərəfi odur ki, mənə qarşı açılan bu işlərdən sülh tərəfdarı olan hər kəsin səsini kəsmək üçün istifadə olunur. Onlar mənim kimi adamları tuturlar və Yakutskda hər kəs qorxmağa başlayır. Biz Moskva və Sankt-Peterburqdan çox uzaqdayıq. Burada müdafiə yoxdur… Ümumiyyətlə, insan haqları müdafiəçiləri yoxdur”, – Ammosov deyirdi.

XS
SM
MD
LG