Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:56

Çavuşoğlu Parisdə Dağlıq Qarabağı da müzakirə edib


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyə Fransa ilə münasibətləri yaxşılaşdırmağa çalışır

Türkiyənin xarici işçlər naziri Mevlüt Çavuşoğlu deyib ki, bəzi məsələlərə görə yaranmış gərginliyə baxmayaraq Türkiyə və Fransa dost münasibətlərini davam etdirəcəklər:

"Türkiyə və Fransa iki dost və müttəfiq ölkədir. Və belə də qalacaqlar. Biz elə etməliyik ki, bu dostluq münasibətlərinə narahatlıq yaradan anlaşılmazlıqlar baş verməsin”.

Bunları Çavuşoğlu Fransanın L'Opinion qəzeti üçün yazdığı məqalədə qeyd edir.

Nazir bildirir ki, Ankara və Paris arasında iki müttəfiq ölkə üçün xas olmayan gərginlik dövrləri də olub.

Ankara və Paris arasında Suriya, Liviya və şərqi Aralıq məsələlərində fikir ixtilafı və söz atışması olsa da, ötən fevral ayında iki NATO üzvü münasibətləri normallaşdırmaq üzərində işlədiklərini bildiriblər.

Çavuşoğlu yazır ki, hazırda Türkiyə və Fransa prezidentləri Recep Tayyip ErdoğanEmmanuel Makron arasında birbaşa təmaslar onlara iki ölkə arasındakı bağları möhkəmləndirmək imkanı verib.

Mevlüt Çavuşoğlu Parisə ikigünlük səfərini ötən bazar günü, iyunun 6-da başa vurub.

Suriya və Liviyada

Daily Sabah saytının yazdığına görə Çavuşoğlu bu səfər zamanı deyib ki, Ankara və Paris arasında indiyədək onları ayıran regional məsələlərdə üst-üstə düşən maraqlar artıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə və Fransa, məsələn Suriyada əhəmiyyətli məsələlərdə ortaq prioritetlərə malikdirlər.

Türkiyə naziri bunu da vurğulayıb ki, onun Paris müzakirələri “səmimi və məhsuldar” olub.

Bununla belə, Çavuşoğlu bəyan edib ki, “Suriyadakı YPG və PKK-nin əsas məqsədinin İŞİD-lə mübarizə olmadığını hamı bilir” və onların məqsədi NATO üzvü olan ölkələr və Avropanın sərhədləri boyunca “terror dəhlizi” yaratmaqdır.

Çavuşoğlunun sözlərinə görə Türkiyə və Fransa Liviyada da ortaq maraqlara malikdirlər. Paris və Ankara bu ölkənin birliyini, onun qanuni hökumətini və davamlı atəşkəsi dəstəkləyir.

Türkiyə xarici işlər naziri bunu da deyib ki, Türkiyə ilə Yunanıstan arasında ixtilaf da artıq sakit dialoq axarında həll olunur.

O bildirib ki, Türkiyənin heç vaxt ekspansionist məqsədləri olmayıb.

Çavuşoğlu deyib ki, Kipr məsələsində Kipr türklərinin və Kipr yunanlarının öz hədəfləri ilə bağlı razılığa gəldikləri təqdirdə Ankara onların hər ikisini dəstəkləyəcək.

Cənubi Qafqaz

Türkiyə naziri Azərbaycan və Ermənistan arasındakı gərginliyə də toxunub. O deyib ki, Türkiyə və Fransa burada hər iki xalqı mənfəətləndirəcək davamlı sülhün dəstəklənməsində birgə çalışa bilərlər:

"Tarixdən sui-istifadə və ya onun təhrif edilməsi heç vaxt mübahisələrin çözümünü və ədalətin icrasını mümkün etməyib”.

Çavuşoğlu bildirib ki, “ekstremist ermənilərin” Türkiyə-Fransa münasibətlərini girov etməsinin qarşısını almaq mümkün olsa, bu iki ölkə Cənubi Qafqazda stabilliyə daha yaxşı töhfə verə bilər.

Ermənistan rəsmiləri Türkiyəni Qarabağ müharibəsində Azərbaycana silah və dəstək verməkdə ittiham edirlər.

Türkiyə S-400 məsələsinə “baxmağa” hazırdır

Çavuşoğlu daha sonra Türkiyənin Balkanlarda və Avropa İttifaqının transatlantik siyasətlərində “tamamlayıcı” rol oynamasından danışıb.

Nazir bir daha vurğulayıb ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması NATO üçün təhlükəsizlik riski yaratmır və Ankara bu məsələyə realist əsasda və konstruktiv dialoq vasitəsilə baxmağa hazırdır.

Çavuşoğlu iddia edib ki, ötən il Türkiyənin Fransa gəmisini qısnaması barədə iddialara baxmayaraq, Ankara müttəfiq gəmiyə qarşı düşmən hərəkətə yol verməyib.

Nazir vurğulayıb ki, NATO-nun ikinci böyük ölkəsi olan Türkiyə Fransaya terrorla mübarizədə dəstək verməyə hazırdır.

Türkiyəli imamlar və “fransalı terrorçular”

Çavuşoğlu bunu da iddia edib ki, Suriya sərhədində saxlanmış “fransalı terrorçuların” Parisə təslim edilməsi və informasiya mübadiləsi bu sahədə əməkdaşlığın mümkünlüyündən xəbər verir:

"Mən şadam ki, bu əməkdaşlıq heç vaxt əngəllənməyib və hələ də davam edir”.

Türkiyə naziri deyib ki, Ankara Avropa İttifaqına üzvlük niyyətinə sadiqdir. O qeyd edib ki, Türkiyə Avropa ölkəsidir və Ankara Parislə şərik olduğu Avropa dəyərlərinə töhfə verməkdə davam edəcək.

Çavuşoğlu vurğulayıb ki, bu kimi məsələlər iyunun 18-20-də Antalyada keçiriləcək və Fransa xarici işlər nazirinin də dəvətli olduğu Diplomatik Forumda müzakirə olunacaq.

Nazir deyib ki, Türkiyənin Fransada qavranmasını son vaxtlarda baş vermiş bəzi anlaşılmazlıqlar təsirləndirib.

Çavuşoğlu deyib ki, Fransadakı Türk dili müəllimləri və imamlar bura Türkiyə vətəndaşlarının ricası ilə göndərilib.

Nazir iddia edib ki, bu imamlar Fransa hakimiyyəti üçün də faydalı adamlardır. Çavuşoğlu deyib ki, bu imamların olduqları məscidlərdə radikallaşma baş verməyib.

Nazirin sözlərinə görə əksinə, Türkiyə radikallaşmanın bütün formaları ilə mübarizədə mühüm müttəfiqdir və radikallaşma və İslamofobiyaya, habelə müsəlmanların diskriminasına qarşı mübarizədə həmişə Fransanın tərəfində olacaqdır.

XS
SM
MD
LG