Onun dediyinə görə, əslində, həkimlər çağırış alandan ən geci 20 dəqiqə ərzində xəstənin yanında olmalıdırlar. Amma tıxaca görə, xəstənin yanına vaxtında çata bilməyən həkimlərlə vətəndaşlar arasında demək olar ki, hər gün mübahisə düşür.
Mürsəl Həmidov bildirir ki, əvvəllər əksər prospektlərdə təcili yardım maşınları yolu iki hissəyə bölən ağ zolağın üzərilə hərəkət edirdi və bu, çağırılan ünvana vaxtında çatmağa imkan verirdi. Amma indi enli magistralların əksəriyyəti ikiyə bölünüb və yolları işıqlandırmaq üçün həmin xətt boyunca elektrik dirəkləri basdırılıb. Belə olan halda təcili tibbi yardım maşınları gözləmək məcburiyyətində qalırlar. Həkimləri narahat edən ən ciddi problemlərdən biri də sürücülərin təcili yardım maşınlarına yol verməməsidir: «Hər bir sürücüdən xahiş etmək istəyirəm ki, təcili yardım maşınlarına yol versinlər, onlar bəzən işdə-yolda olur, bilmirlər, bəlkə elə təcili yardım onların evinə, ailəsinə, yaxınlarının çağırışına gedir».
Paytaxtın baş planını hazırlayan memarlardan biri Feyzulla Quliyev deyir ki, tıxacları aradan qaldırmaq üçün doqquz körpünün tikintisinə indi başlanılsa da, əslində, baş plana görə, 2005-ci ilə qədər Bakıda 100 körpü tikilib başa çatdırılmalı, metro stansiyaları artırılmalı, iri tutumlu avtobuslar gətirilməliydi. Cənab Quliyev deyir ki, sadalanan bu işlər vaxtında görülmədiyindən indi belə problemlər yaranıb.