BŞİH-in əsaslandırmasını absurd sayan Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə, hakimiyyətin bir qolunun hər hansı bir problemlə məşğul olması o demək deyil ki, adamlar həmin problemlərlə maraqlanmamalıdırlar. Cənab Qəmbər 1980-ci illərdə rayonlardan birində Xalq Cəbhəsinin yerli təşkilatını yaratmaq istəyən bir neçə cəbhəçini rayonun birinci katibi qəbul edərkən onların arasında baş verən söhbəti xatırladır: «Birinci katib soruşur ki, bu təşkilatı niyə yaradırsız? Cəbhəçi dostumuz deyir ki, ölkədə Dağlıq Qarabağ problemi var. Bundan başqa, iqtisadi, ekoloji, mədəni problemlər mövcuddur. Həmin birinci katib də görünür, zarafatcıl addammış. Deyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə hakimiyyət məşğuldur, ekologiya məsələsi ilə Təbiəti Mühafizə İdarəsi, mədəniyyət məsələləri ilə nazirlik, rüşvəti də biz özümüz alırıq...Görünür, hakimiyyətin təfəkkürü 1988-dən bu yana dəyişməyib».
Ekspertlər isə meriyanın partiyaların mitinq keçirmək istəyinə verdiyi cavabı hakimiyyət orqanının siyasi təşkilatın işinə müdaxiləsi kimi dəyərləndirirlər. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: «Mitinqin gündəliyinə korreksiya verilməsi o deməkdir ki, Hacıbala Abutalıbov siyasi missiyaları öz üzərinə götürüb. Meriyanın partiyaya yol göstərməsi yolverilməz haldır».
Prezident Aparatında insan haqlarının müdafiəsi üzrə sektor müdiri Çingiz Əsəgrova görəsə, kütləvi aksiya keçirmək üçün müraciət edən partiya və ya quruma veriləcək cavab aydın və əsaslandırılmış olmalıdır. Bundan başqa, aksiyaların məhdudlaşdırılması zamanı hökumət beynəlxalq sənədlərə istinad edir. Əgər bu izahat kimisə qane etmirsə, məhkəməyə müraciət etmək hüququ var.
Elə Müsavat Partiyası da bu hüququndan yararlanmaq niyyətindədir. Partiya başqanı İsa Qəmbər deyir ki, onlar yenidən kütləvi aksiya keçirmək tələbilə Bakı Şəhər İcra Hakimiyyətinə, bu tələb təmin olunmadığı halda, məhkəmələrə müraciət edəcəklər.
Amma bir neçə il əvvəl mitinqə icazə vermədiyi üçün AXCP də BŞİH-i məhkəməyə verməyə cəhd etmiş, amma ciddi nəticə əldə edə bilməmişdi.
Adətən Azərbaycanda müxalifətdə olan siyasi təşkilatların etiraz aksiyaları keçirməklə bağlı müraciətlərinə meriya yalnız seçki kampaniyaları dövründə icazə verir. Həm də «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna istinad edərək. Amma seçki kampaniyası başa çatan kimi yenə də eyni qanuna istinadla etiraz aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilmir. Bu məqam müxalifət çevrələrində əslində, mitinqlərə qanundakı hansısa boşluğa görə deyil, siyasi mülahizələrə görə, icazə verilmədiyi barədə rəy yaradıb.