Avropada yaşamaq istəsələr də, öz mədəniyyətlərini üstün tuturlar

- Yalçın İslamzadənin Kitab köşəsi

Elmi-kütləvi kitabların tanıtımı

Richard Nisbett'in “Düşüncənin coğrafiyası: Şərqlilər və Qərblilər necə və niyə bir-birlərindən fərqli düşünürlər?” kitabı haqqında

Ceki Çanın bir filmində ərəb rəqibi ona su verməyən qəhrəmanı “Cəhənnəmdə yanacaqsan!” deyə təhdid edir.

Xristian bir missioner eskimoslara dini təbliğ etmək üçün onlara əvvəlcə günahı “başa salmalı” olduqlarını ifadə edir.

Yalçın İslamzadə

Müxtəlif mədəniyyətlərin dünyaya baxış tərzləri fərqlidir, anlaşmazlıq digərini özünün sahib olduğu düşüncə sistemi ilə dəyərləndirməyə və ittiham etməyə başladıqda yaranır.

Fukuyama demokratiyanın və bazar iqtisadiyyatının bütün mədəniyyətlər üçün görüşmə yeri olacağını, yekcins bir dünya cəmiyyətinin yaranması ilə tarixin sonunun gələcəyini iddia edirdi, ancaq sonrakı görüşləri mədəniyyətin iqtisadiyyatdan tamamən ayrıla bilməyəcəyini qəbul etdi.

Qloballaşan dünyada təmasların intensivləşməsi daha çox münaqişə potensialını ortaya çıxarır. Huntington'un “mədəniyyətlərin toqquşması” nəzəriyyəsi real mənzərəyə daha yaxın görünür.

Fərqli mədəniyyətlər dünyanı fərqli görür, fərqli dəyərlərə və düşünmə sisteminə sahibdir. Son nəticədə insanlar Avropa məkanında yaşamaq istəsələr də, öz mədəniyyətlərinin üstünlüyü düşüncəsini mühafizə edirlər.

Ölçü nə olmalıdır, mədəniyyətlərin dəyərləndirilib sıralanacağı ortaq performans etalonu varmı? Ancaq son məqsədin nə olduğu üzərində razılaşdıqdan sonra hansı mədəniyyətin o hədəfə götürəcəyi müzakirə oluna bilər.

Borxes bir essesində hipotetik bir Çin ensiklopediyasına əsaslanaraq, canlılar üçün sinifləndirmə təklif edir:

-İmperatorun xoşuna gələnlər

-Əhilləşdirilmiş olanlar

-Dəvə tükündən fırça ilə çəkilənlər

-Uzaqdan milçəyə oxşayanlar

-Saysız olanlar

Yuxarıdakı sinifləndirmə Çin düşüncəsini karikatürizə etsə də, Asiya düşüncəsinin dünyanı analitik və təsnifatlandırıcı yunan düşüncəsinə əsaslanan Avropa düşüncəsindən fərqli gördüyü açıqdır.

Dünyagörüşündəki fərqlilikdə Sapir-Whorf hipotezinin payını da unutmaq olmaz - dillər arasındakı filoloji struktur fərqlilikləri insanların gündəlik düşünməsində də əks olunur.

Richard E.Nisbett

Michigan Universitetinin professoru, universitetin “Mədəniyyət və Qavrama” proqramının direktoru, sosial psixoloq Richard Nisbett “Düşüncənin coğrafiyası” kitabında amerikalı, yaponiyalı, koreyalı və çinli insanlarla apardığı sosial psixologiya təcrübələrinin nəticələrinə istinad edərək, bu mədəniyyətlərin dünyaya baxışı, qavramada prioritetləri və bunların son nəticədə hansı fərqli davranışa səbəb olduğunu izah edir.

Harmoniyanı axtaran ilkin Çin filosofları ilə analitik yolla dünyanı dərk etməyə çalışan antik yunan filosoflarının mirasları üzərində qurulan iki fərqli mədəniyyətin mühit və onunla münasibət, səbəb-nəticə əlaqələri, mübahisə və uzlaşma, hüquq, müqavilə anlayışı, individualizm və kollektivizm kimi müxtəlif sahələrdəki fərqini və bu fərqin tarixi köklərini izah edir.

Qərblilərin düşüncə stilini analitik, asiyalıların düşüncə stilini holistik adlandırmaq qəbul edilir, ancaq Asiyanın modernləşmə nəticəsində inkişafı və Qərbdə asiyalı metafizik düşüncə tərzlərinə, yapon menecmentinə artan maraq bu iki təfəkkürün bir-birinə öyrədəcəyi şeylər olduğunu düşündürür.

Professor Nisbett bu kitabında uzunmüddətli araşdırmalara əsaslanaraq, iki fərqli düşüncə sisteminin qaynaqları, fərqlilikləri və iki mədəniyyətin insanlarının müxtəlif mühitlərdə necə davrandıqlarını izah edir.

Maraqlıdır ki, professorun gəldiyi nəticəyə görə, mədəniyyətin təsiri ilə formalaşmış düşüncə hökm deyil, - uyğun təhsillə dünyaya baxış dəyişdirilə bilər.