Yazıçı K.Vonnegut'un gənclərə məsləhətləri: Qiymətlər qalxacaq...

Kurt Vonnegut

-

1995-ci ildə yazıçı Kurt Vonnegut'un Massaçuçets Universiteti məzunlarının qarşısında etdiyi çıxış

Hörmətli məzunlar, günəş kremi sürtün!

Kurt Vonnegut

Sizə gələcək üçün yalnız bir məsləhət verəsi olsam, bunu deyə bilərəm: günəş kremi sürtün.

Onun faydasını alimlər sübut ediblər, o biri məsləhəltərimin isə öz dolaşıq təcrübəmdən savayı, etibarlı əsası yoxdur. Beləliklə, məsləhətlərim:

- Nə qədər ki, həyat xoşunuza gəlir, gəncliyinizin gücündən və gözəlliyindən istifadə edin, yoxsa o, ötüb keçir.

İnanın ki, 20 ildən sonra indiki fotolarınıza baxacaqsız və bu günləri indi başa düşmədiyiniz hisslərlə xatırlayacaqsız: nə qədər imkanlar varmış qarşımda, necə möhtəşəm görünürmüşəm. Düşündüyünüz qədər kök deyilsinz.

- Gələcək üçün narahat olmayın. Yaxud olun, narahat olun, amma bilin ki, bu narahatlıqların riyazi çalışmanı saqqızla həll etmək qədər əhəmiyyəti var. Həyatınızda elə hadisələr olacaq ki, görəcəksiz heç onlar ağlımın ucundan keçməyib, məsələn, həftənin ikinci günü gecə saat 4-də sizi yuxunun bir aləmində oyadacaqlar.

- Hər gün sizi qorxudan şeylərdən nəyisə edin.

- Mahnı oxuyun.

- Başqa insanların ürəklərinə ehtiyatla və qayğıyla yanaşın.

- Ürəyinizə biganə olan şeylərlə barışmayın.

- Dişlərinizi fırçalamağı unutmayın.

- Paxıllığa vaxt xərcləməyin, bəzən qabağa gedərsiz, bəzən geri qalarsız, bu yarış uzun yarışdır, bu yarışı siz öz-özünüzlə aparısınız.

- Eşitdiyiniz komplimentləri xatırlayın, təhqirləri unudun, bu, sizə uğur gətirsə, gəlin mənimlə də bölüşün.

- Köhnə sevgi məktublarınızı saxlayın, bank kağız-kuğuzunu isə atın getsin.

- Həyatınızı necə yaşamaq istədiyinizi bilirsinizsə, özünüzü günahkar hiss etməyin. Tanıdığım ən maraqlı adamlar o adamlardır ki, 22 yaşları olanda həyatlarını necə yaşamaq istədiklərini bilmirdilər, tanıdığım bəzi maraqlı adamlarsa heç 40 yaşlarında da bilmirlər bunu.

- Kalsium qəbul edin. Dizlərinizi qoruyun, onlar sıradan çıxanda ehtiyacınız olacaq.

- Bəlkə evlənəcəksiniz, bəlkə yox. Bəlkə uşaqlarınız olacaq, bəlkə yox. Bəlkə 40 yaşınızda boşanacaqsınız, bəlkə toyunuzun 75 illiyində balaca ördəklər rəqsini oynayacaqsınız. Necə yaşamanızdan asılı olmayaraq, özünüzü çox tərifləməyin və çox tənqid etməyin. Bu işin yarısı təsadüfdür, şansdır.

Kurt Vonnegut. "Pianoçu" kitabının üz qabığı

- Bədəninizdən zövq alın, ondan necə mümkündürsə, yararlanın və başqa adamların bu haqda nə düşünmələri sizi narahat etməsin. Bədən - ən gözəl vasitədir.

- Rəqs edin, qonaq otağında yeriniz olmasa da.

- Lütfən gözəl həyat haqda jurnallar oxumayın, onlar yalnız sizi özünüzə pis hiss etdirəcək.

- Bacı-qardaşlarınızla mehriban olun, onlar keçmişinizlə ən yaxşı əlaqənizdir, gələcəkdə də yanınızda olsunlar.

- Dostlar gəldi-gedərdir, amma bəzi qiymətli dostları saxlamaq lazımdır. Coğrafiyada da, həyatda da məsafələrə qalib gəlməyə çalışın. Qocaldıqca sizə cavan vaxtı tanıdığınız insanlar gərək olacaq.

- Bir şəhərdə yaşayın, o şəhər sizi bərkitməmiş onu tərk edin. Bir adada yaşayın, o ada sizi yumşaltmamış onu tərk edin. Bir sözlə, səyahət edin.

- Bir neçə qaçılmaz həqiqət var ki, onları qəbul edin: qiymətlər qalxacaq, siyasətçilər arvadlarına xəyanət edəcəklər. Siz də qocalacaqsınız, başlayacaqsınız fikirləşməyə ki, ay siz cavan olanda qiymətlər ucuz, siyasətçilər ləyaqətli, uşaqlar qocalara qarşı hörmətcil idi.

- Yeri gəlmişkən, qocalara hörmət edin, onların sizi nə vaxt həmişəlik tərk edəcəyini bilmirsiniz.

- Kiminsə sizi gəlib maddi təmin edəcəyini gözləməyin. Bəlkə sizin öz sərmayə fondunuz, bəlkə varlı adaxlınız var, amma onların hər biri sizi tərk edə bilər, bunu bilin.

- Saçlarınızla çox eksperiment etməyin, 40 yaşınız olanda saçlarınız 85 yaşlı adamın saçları kimi görünməsin qoy.

- Hamımız nə vaxtsa ölüb gedəcəyik, məsələ sona qədər nəyəsə inamı saxlayaraq həyatda qala bilməkdədir. Budur hünər. Çünki inanılası bir şey qalmayıb kimi görünür həyat.

Budur məsləhətlərim, əziz məzunlar. Amma məsləhət verənlərlə də ehtiyatlı olun, məsləhət vermək nostaljinin bir formasıdır, keçmişi zibil vedrəsindən çıxarmağın bir üsuludur, xoş olmayan məqamların parlaq boyalarla rənglənib örtülməsi, onun olduğundan gözəl göstərilməsidir.

Günəş kremi isə sizin dərinizi doğrudan da qoruyur, bunu alimlər sübut ediblər, ürəklə sürtün o kremdən.