Dünya xəbərləri
Tramp Zelenskini sülh danışıqlarına mane olmaqda günahlandırır

ABŞ prezidenti Donald Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenskini Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlara mane olmaqda ittiham edib.
"Ukrayna prezidenti Volodimir Zelenski "The Wall Street Journal"ın ön səhifəsində lovğalanır ki, "Ukrayna heç vaxt Krımın işğalını tanımayacaq. Burada danışılası bir şey yoxdur". Belə bir bəyanat Rusiya ilə sülh danışıqlarına mane olur, çünki Krım illər əvvəl prezident Barak Hüseyn Obamanın dövründə itirilib və artıq müzakirə olunmur. Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını xahiş etmir, amma o, Krımı bu qədər geri istəyirsə, niyə 11 il əvvəl Rusiya Krımı bir güllə atmadan tutanda Ukrayna onun üçün mübarizə aparmadı? Üstəlik, bu ərazidə çoxdan, hələ "Obama təslim etməzdən" əvvəlki vaxtdan Rusiya sualtı qayıqlarının iri bazaları yerləşir",– Tramp "Truth Social" hesabında yazıb.
Trampın fikrincə, "sülh sazişi artıq yaxındır" və "kozırları olmayan" Zelenski bunu anlamalıdır, əks halda, "ölkəni tamamilə itirmək" ilə risk edir. Tramp hesab edir ki, Zelenskinin açıqlamaları Ukraynada "qırğınları yalnız uzadır".
Mediada yayılan xəbərlərə görə, ABŞ Kiyevdən Krımın ilhaqını tanımasını tələb edib. Zelenski deyib ki, "Ukrayna Krımın işğalını hüquqi cəhətdən tanımır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir. Burada danışılası heç nə yoxdur - bu, bizim Konstitusiya ilə qadağandır".
İstanbulda ardıcıl üç zəlzələ

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələnin ilk təkanı 3.9 bal gücündə olub və onun episentri İstanbulun Silivri rayonu sahillərində, Mərmərə dənizindədir.
Yerli vaxtla saat 12:49-da Silivri sahillərində zəlzələnin növbəti təkanı qeydə alınıb. Bu təkan 6.2 bal gücündə olub. Zəlzələ 6.92 kilometr dərinlikdə baş verib.
Ardınca 5.9 bal gücündə yeni yeraltı təkan qeydə alınıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı vəziyyətin yaxından izlənildiyini bildirib. Daxili işlər naziri Ali Yerlikaya əlaqədar qurumların sahə araşdırmalarına başladığını açıqlayıb. Onun sözlərinə görə, ev və ya bina uçması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Səhiyyə Nazirliyi də bildirib ki, "heç bir neqativ hal qeydə alınmayıb".
Rubio Dövlət Departamentində yenidənqurma elan etdi

Donald Tramp administrasiyası təkrarlanan strukturları azaltmaq və milli maraqlara uyğun olmadığını düşündüyü proqramları ləğv etmək məqsədilə Dövlət Departamentində əsaslı yenidənqurmaya başlayıb.
Bu barədə aprelin 22-də dövlət katibi Marko Rubio bildirib.
"Bu yanaşma mərkəzi aparatdan tutmuş, xaricdəki missiyalara qədər bütün səviyyələrdə qurumun effektivliyini artıracaq", - Rubio vurğulayıb. Onun sözlərinə görə, konkret regionlara yönəlmiş funksiyalar onların effektivliyini artırmaq üçün birləşdiriləcək, artıq bölmələr ləğv ediləcək, qanunla nəzərdə tutulmayan və Birləşmiş Ştatların xarici siyasət prioritetlərinə uyğun gəlməyən proqramlar bağlanacaq.
İslahat çərçivəsində Dövlət Departamentinin Mülki təhlükəsizlik, demokratiya və insan hüquqları idarəsinə indi xarici yardım və humanitar məsələlər üzrə koordinator rəhbərlik edəcək.
Rubio Dövlət Departamentinin hazırkı strukturunu kəskin tənqid edərək bildirib ki, o, "şişkinləşib, bürokratikləşib və böyük güclərin rəqabətinin yeni erasında əsas diplomatik vəzifələrini yerinə yetirə bilmir".
İslahatlar Trampın ABŞ diplomatik xidmətinin yenidən təşkili ilə bağlı fevral sərəncamından irəli gəlir. Martda administrasiya rəsmiləri təxminən 10 konsulluğu bağlamağa hazırlaşdıqlarını bildiriblər. Lakin Rubionun bəyanatında Amerikanın hər hansı diplomatik missiyasının tezliklə bağlanacağından bəhs edilmir.
Məhkəmə Trampın 'Amerikanın səsi'ni bağlamaq qərarını bloklayıb

Federal məhkəmə aprelin 22-də Tramp administrasiyasının "Amerikanın Səsi" (Voice of America), "Azad Asiya Radiosu" (Radio Free Asia) və "Yaxın Şərq Yayım Şəbəkələri" (Middle East Broadcasting Networks) kimi hökumət tərəfindən maliyyələşdirilən media orqanlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.
ABŞ-nin federal dairə hakimi Roys Lambert ABŞ Qlobal Media Agentliyinin (USAGM) bağlanmasından təsirlənən işçilər və podratçılar tərəfindən məhkəmədə qaldırılan altı işə baxıb. Hakim administrasiyaya işçiləri və podratçıları öz vəzifələrinə bərpa etmək və bu media qurumunun yayımını davam etdirmək üçün "bütün zəruri tədbirləri görmək" barədə qərar çıxarıb.
Lambert yayımın gələcəyi ilə bağlı hələ yekun qərar verilmədiyi və iddialara işdən çıxarılan əməkdaşlarla "əmək mübahisələri" çərçivəsində baxılmalı olduğu barədə USAGM-in məhkəmədəki arqumentlərini rədd edib.
"80 illik qabaqcıl xəbər xidməti olan VOA-nın tamamilə susdurulduğu və geri qayıdacağına dair heç bir əlamətin olmadığı bir şəraitdə USAGM-in hələ də "mövcud" olduğuna inanmaq çətindir", - hakim Lambert bildirib.
Hakim həmçinin vurğulayıb ki, Tramp keçən ay ABŞ hökumətinin maliyyələşməsini təmin edən müvəqqəti büdcə qanununu imzalayıb, bu qanunla USAGM üçün maliyyə vəsaiti ayrılıb. Lambertin sözlərinə görə, Tramp xərclər haqda qanun layihəsinə veto qoymayıb və ya Konqresdən bu maliyyələşmənin ləğvini tələb etməyib.
USAGM-in 2024-cü ildə təxminən 3 min 500 işçisi və 886 milyon dollar büdcəsi olub.
Niderland kəşfiyyatı: Rusiya Avropada hibrid hücumlarını gücləndirir

Rusiya Niderlanda və onun Avropadakı müttəfiqlərinə qarşı hibrid hücumlarını gücləndirir. Bu barədə Niderlandın hərbi kəşfiyyat agentliyi - MIVD-in aprelin 22-də yayımlanan illik hesabatında bildirilib. Hesabata görə, Rusiyanın bu hücumları Avropa cəmiyyətlərini zəiflətmək və onlara təsir etmək məqsədi daşıyır.
MIVD bildirib ki, Rusiya Niderland vətəndaşlarının səs verməsinə mane olmaq üçün bu ölkənin siyasi partiyalarına və ictimai nəqliyyat şirkətlərinə aid internet saytlarına kiberhücumlar təşkil edərək 2024-cü il Avropa seçkilərini pozmağa cəhd göstərib.
MIVD-nin direktoru və vitse-admiral Peter Reysink deyib: "MIVD Rusiyanın Avropaya qarşı təhdidinin azaldığını yox, artdığını görür. Hətta Ukrayna ilə müharibənin mümkün sona çatmasından sonra da bu davam edə bilər".
"Beynəlxalq siyasətdə və müttəfiqlik sahəsində təlatümlü inkişafı görürük... Bunun başvermə sürəti və təhlükəsizliyimizə potensial təsiri görünməmiş dərəcədədir", - o əlavə edib.
MIVD hesabatında Rusiyanın Niderlanddakı bir neçə əməliyyatı, rus haker qrupunun kibertəxribat hücumu barədə də məlumat verib.
MIVD casusluq, internet kabellərinə, su təchizatı sistemlərinə və elektrik şəbəkələrinə qarşı mümkün Rusiya təxribatlarından narahatlığını ifadə edib.
Ötən ilin noyabrında da Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı Avropada "təxribat kampaniyası"nda ittiham etmişdi.
Rusiya tərəfi bütün ittihamları rədd edir və onları əsassız adlandırır.
Özbəkistan 'qızıl viza' proqramına başlayır

İyunun 1-dən etibarən Özbəkistanda investisiya müqabilində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün beş il müddətinə yaşayış icazəsinin alınması üçün sadələşdirilmiş prosedur tətbiq ediləcək. Bu barədə AzadlıqRadiosunun özbək xidməti ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bu sənədi almaq üçün xarici vətəndaş ölkəyə 200 min dollar yatırmalı, həmçinin hər bir ailə üzvü – həyat yoldaşı, uşaqlar və valideynlər üçün əlavə 100 min dollar ödəməlidir.
Özbəkistan hökumətinin hesablamalarına görə, "qızıl viza" proqramı ölkəyə varlı investorları cəlb edəcək və iqtisadiyyata kapital axınını artıracaq.
2023-cü ildə Qırğızıstan parlamenti ölkəyə 10-20 milyon som (115-230 min dollar) sərmayə qoyan xarici vətəndaşlara 5 ildən 10 ilə qədər müddətə "investisiya vizası" verilməsi haqqında qanun qəbul edib. Qırğızıstan rəsmiləri bildirib ki, bu, ölkədə biznesə başlamaq istəyən digər ölkə vətəndaşları üçün yaxşı bir imkandır.
Ekspertlər isə vurğulayırlar ki, investisiyaları cəlb etmək üçün hakimiyyət ilk növbədə vergi siyasətini şəffaflaşdırmalı və sahibkarların mülkiyyət hüququnun qorunmasına zəmanət verməlidir.
Polşa Gürcüstandan 8 güc strukturu əməkdaşının ölkəyə girişini yasaqlayıb

Polşa Gürcüstandan səkkiz güc strukturu əməkdaşının ölkəyə girişini yasaqlayıb. Bu haqda ölkənin Xarici İşlər Nazirliyi bilgi yayıb.
"Polşa Gürcüstanda müxalifətə qarşı repressiyanın gücləndirilməsinə cavab olaraq, hüquq-mühafizə orqanlarının nümayişçilərə qarşı zorakılığa görə məsuliyyət daşıyan səkkiz təmsilçisinin öz ərazisinə girişini qadağan edib", – məlumatda deyilir.
Polşa XİN Gürcüstan cəmiyyətinin Avropaya yönəlik səylərinə dəstək bildirib.
Noyabrın 28-dən bəri Gürcüstanda hər gün etirazlar keçirilir. Buna hökumətin Avropa İttifaqı ilə danışıqların 2028-ci iləcən dayandırılmasını bəyan etməsi səbəb olub.
Etirazların yatırdılmasına görə ilk sanksiyaları Baltik ölkələri qoyub. Ukrayna isə hakim "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvili və daha 18 nəfəri sanksiya siyahısına salıb.
Böyük Britaniya Gürcüstanın daxili işlər nazirini, onun müavinini, Tbilisinin polis rəisini və digər rəsmilərə sanksiya tətbiq edib.
Almaniya, Fransa və Polşa dinc nümayişçilərə qarşı zorakılığı pisləyiblər. Bunun ardınca Berlin etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan doqquz Gürcüstan vətəndaşının Almaniyaya girişinə yasaq qoyub.
Gürcüstanda Çin dilini məktəb proqramına salmaq istəyirlər

Gürcüstanın təhsil naziri Aleksandra Suladze ümumi təhsilin yeni konsepsiyasını təqdim edib. Yeniliklərdən biri Çin dilinin ikinci xarici dil kimi təsdiqlənməsi və buna uyğun təhsil resurslarının hazırlanmasıdır. Bu barədə Təhsil, Elm və Gənclər Nazirliyinin press-relizində deyilir.
Hökumət həmçinin tədris standartlarına yenidən baxmağı, dərslikləri yeniləməyi, rəqəmsal platformaları inkişaf etdirməyi, STEAM istiqamətləri və humanitar təhsili möhkəmləndirməyi, məktəb infrastrukturunu modernləşdirməyi planlayır.
Mediada Çin dilinin məktəb proqramına salınmasının mümkünlüyünə dair informasiya çıxandan sonra nazirlik bəyanat yayıb. Qurum bildirir ki, milli tədris proqramına uyğun olaraq, 1-ci sinifdən 12-ci sinfədək bütün məktəblər üçün ingilis dili birinci xarici dil sayılır.
İkinci xarici dilin tədrisi isə 5-ci sinifdən başlayır və şagird/valideyn tərəfindən seçilir. Hazırda Gürcüstanda məktəblərdə ikinci xarici dil olaraq fransız, alman, italyan, türk və digər dillər keçilir.
Nazirlik hazırda 15 məktəbdə Çin dilinin "əlavə xidmət olaraq" öyrədildiyini bildirir.
"Bu dilin öyrənilməsinə tələb artdığından Tbilisi Dövlət Universitetinin çinşünaslıq kafedrası ilə birlikdə müvafiq standart üzərində iş başlayacaq", – qurum vurğulayır.
Hələ 2023-cü ilin yayında ovaxtkı baş nazir İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan məktəblərində Çin dilinin tədrisinə başlanacaq. Onda Tbilisi və Pekin iki ölkə arasında strateji tərəfdaşlığın qurulduğunu elan edib. Bu qərar Gürcüstanın Qərb tərəfdaşlarının tənqidini səbəb olmuşdu.
Sankt-Peterburqa üç gün Leninqrad deyəcəklər

Mayın 8-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərinin adı Leninqrada dəyişdiriləcək. Bu haqda "Fontanka" saytı Hava nəqliyyatının təşkili üzrə dövlət korporasiyasına istinadla yazıb. Dəyişiklik pilotlara və dispetçerlərə təsir göstərəcək.
Şəhərin sovet adı İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə qaytarılır.
Dispetçerlər rabitədə, eləcə də pilotlarla kontaktda Peterburq yerinə Leninqrad deyəcəklər.
Oxşar addım Volqoqradla bağlı da atılacaq, üç gün ərzində bu şəhər Stalinqrad olacaq.
Xarkovda Rusiyanın zərbəsindən bir nəfər həlak olub, azı 70 nəfər xəsarət alıb

Ukraynanın Xarkov şəhərinə Rusiyanın zərbəsindən bir nəfər həlak olub, azı 70 nəfər xəsarət alıb. Xəsarət alanların altısı uşaqlar və yeniyetmələrdir.
Xarkovun meri İqor Terexovun dediyinə görə, azı 20 çoxmənzilli və 30 şəxsi evə, təhsil ocağı və minik avtomobillərinə ziyan dəyib.
Həlak olan şəxs hücum vaxtı evində olan sakindir.
16 aprel
Rusiya Dnepri vurub, ölənlər var
Aprelin 16-da Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərinə Rusiyanın dron hücumunda biri uşaq olmaqla 3 nəfər öldürülüb, azı 30 nəfər xəsarət alıb.
Xəsarət alanlardan üçü uşaqdır, beşi xəstəxanaya yerləşdirilib.
Hücum bir neçə yerdə yanğına, dağıntılara səbəb olub.
AzadlıqRadiosu Ukrayna rəsmilərinin dediklərini təsdiqlədə bilməyib.
Xarkov vilayətinə raket zərbəsindən isə İzyum şəhərində iki nəfər yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski aprelin 16-da Kiyevdə müdafiə sənayesi təmsilçiləri ilə görüşüb. O deyib ki, hazırda Ukrayna cəbhə xəttində istifadə olunan silahların 40 faizini istehsal edir.
"Artıq müdafiə sənayemiz mindən çox silah növü istehsal edir: artilleriya mərmilərindən tutmuş, raketlərə, uzaqməsafəli silahlara, dronlara qədər", – Zelenski görüşdə deyib.
Ancaq Zelenski ölkəsinin xaricdən silah təchizatından da çox asılı olduğunu bildirib.
O, ötən həftə ABŞ-yə 10 "Patriot" havadan müdafiə sistemi üçün 15 milyard dollarlıq saziş təklif edib.
Ukrayna parlamenti ölkədə hərbi vəziyyət və səfərbərlik fərmanını daha 90 günlüyə uzadıb. Qanunverici orqanın üçdə ikisi Zelenskinin təqdim etdiyi bu iki təklifə səs verib. Zelenski imzalayandan sonra hərbi vəziyyət avqustun 6-dək uzadılacaq. Onun müddəti mayın 9-da başa çatırdı.
Zelenskinin əsas rəqibi, keçmiş prezident Petro Poroşenko hökuməti parlament vasitəsilə müddəti tələsik uzatmaqda ittiham edib.
"Hərbi vəziyyət təkcə ölkənin müdafiəsi üçün deyil, həm də avtoritar rejimin qurulması üçün istifadə olunur", – Poroşenko sosial mediada yazıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra hökumət hərbi vəziyyət və səfərbərlik elan edib.
Zelenskinin seçki keçirə biləcəyi ətrafında spekulyasiya var, amma hərbi vəziyyətdə bu, mümkün deyil. Bu qanun 18-60 yaşlı çağırışçıların ölkədən çıxmasını yasaqlayır.
ABŞ Yəməndə neft limanını hədəfə alıb. 20 nəfər həlak olub

ABŞ ordusu Yəməndə husi üsyançıların əlində olan əsas yanacaq limanını dağıtdığını bildirir. Husilər 20 nəfərin öldürüldüyünü, 50 nəfərin yaralandığını bildirirlər.
Birləşmiş Ştatlar ordusu Mərkəzi Komandanlığının məlumatına görə, Ras-İsa limanı İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini dağıtmaq, onları gəlirdən məhrum etmək niyyəti ilə hədəf götürülüb.
"Zərbə Yəmən xalqına ziyan vurmaq niyyəti güdmürdü, onlar düzgün olaraq husi boyunduruğundan azad olmaq, sülh içində yaşamaq istəyirlər", – komandanlıq vurğulayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də husilərin Qırmızı dənizdə və Ədən körfəzində mülki və hərbi gəmilərə hücumlarını dayandırmaq üçün hava zərbələri başladıb.
Hərbi təyyarələr və raketlər Yəməndə husi yaraqların hədəflərinə zərbələr endirirlər.
Husilər son hücumu pisləyiblər. İlkin ölü sayının beş tibb işçisi daxil olmaqla 20 olduğu bildirilir.
Rusiyada 'Taliban'a qoyulan qadağa ləğv edilib

Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan "Taliban" radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb. Məhkəmə baş prokurorun iddiasını təmin edib. Bu o deməkdir ki, Rusiya hakimiyyəti artıq "Taliban"ı terror təşkilatı hesab etməyəcək.
"Taliban"ın Rusiyada fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq, Rusiya hakimiyyəti məhkəmənin qərarından əvvəl də Əfqanıstandakı "Taliban" hökuməti ilə münasibətlərini qoruyub saxlayıb, onun nümayəndələri Rusiyaya səfərlər ediblər. Rusiya prezidenti Vladimir Putin hərəkatı terrorizmlə mübarizədə Moskvanın müttəfiqi adlandırıb.
2024-cü ilin dekabrında Dövlət Duması qruplaşmaların terror təşkilatları siyahısından çıxarılması mexanizmini yaradan qanun layihəsini qəbul edib.
"Taliban" 2003-cü ildə terror təşkilatı sırasına daxil edilmişdi. Qərarda deyilirdi ki, "Taliban" Çeçenistan və Mərkəzi Asiya dövlətlərində qanunsuz silahlı qruplaşmalarla əlaqəlidir və "İslam Dövləti" terror qruplaşması ilə sıx münasibətlər saxlayır. O vaxt Rusiya Əfqanıstanda "Taliban"a qarşı əməliyyatlar aparan ABŞ və müttəfiqlərinə müəyyən dəstək verirdi.
2021-ci ildə "Taliban" - hakimiyyətdən qovulduqdan 20 il sonra - Əfqanıstanda prezident Əşrəf Qani hökumətini devirərək yenidən hakimiyyəti ələ keçirib. Talibançılar Əfqanıstanda şəriət qanunu tətbiq edib, ictimai edamlar adi haldır. Xüsusilə qadınlara qarşı insan hüquqlarının geniş şəkildə pozulması barədə məlumatlar var. Onlara ibtidai məktəbdən sonra təhsil almaq, kişi qohumlarının müşayiəti olmadan ictimai yerlərdə görünmək və ictimai yerlərdə ucadan danışmaq qadağan edilib. Qadınların işləmək hüquqları kəskin şəkildə məhdudlaşdırılıb. "Taliban"ın siyasəti ilə üst-üstə düşməyən siyasi və vətəndaş fəallığı təqib olunur.
"Taliban" hökuməti beynəlxalq aləmdə tanınmır, lakin de-fakto dünyanın əksər ölkələri bu və ya digər dərəcədə onunla iş aparır.
Slovakiya QHT-ləri hədəfə çevirən qanun qəbul edib

Aprelin 16-da Slovakiya parlamenti qeyri-hökumət təşkilatları (QHT) üçün qaydaları sərtləşdirən qanun layihəsini qəbul edib, tənqidçilər bu qanunun Kreml qanunlarına bənzədiyini iddia edir.
"Politico"nun xəbərinə görə, sürətləndirilmiş proseslə və tələb olunan minimum 76 səs çoxluğu ilə qəbul edilən qanun QHT-dən donorları haqqında məlumatları açıqlamağı tələb edir, bunu etməyənlər üçün cərimələrin tətbiqini nəzərdə tutur.
Qanunun ən mübahisəli hissəsi - QHT-ləri "lobbiçi" kimi təsnif edən maddə qanunun parlamentdən keçməsi üçün güzəşt olaraq çıxarılıb. Qanun layihəsinin əleyhdarları ölkə prezidenti Peter Pelleqrinini qanunu imzalamamağa çağırır.
Bu ayın əvvəlində minlərlə slovak qanun layihəsinə qarşı ölkənin 30-dan çox şəhərində, həmçinin Madrid, Kopenhagen və Londonda etiraz aksiyaları keçirib.
Qanunun qəbulu Slovakiya baş naziri Robert Fitsonun QHT-ləri və müstəqil medianı nəzarət altına almağa yönəlmiş uzunmüddətli cəhdinin bir hissəsi kimi qiymətləndirilir. 2023-cü ildə, dördüncü dəfə baş nazir seçildikdən sonra Fitso Slovakiyada "QHT hakimiyyəti"nə son qoyacağını bildirmişdi.
Avropa Komissiyası 2024-cü il "Hüququn aliliyi" hesabatında QHT-ləri "xarici agent" kimi təsnifatlandıran ilkin qanun layihəsini tənqid edib və Slovakiya hökuməti qanunu qəbul edərsə, ona qarşı hüquqi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.
Baş nazir Fitso və onun müttəfiqləri bu qanunvericiliyin şəffaflığı artırmağa yönəldiyini desələr də, onun siyasi rəqibləri bunu qəbul etmir.
Gürcüstan deportasiyanı sadələşdirir, sığınacaq verilməsini sərtləşdirir

Gürcüstan Daxili İşlər Nazirliyi "qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirmək və beynəlxalq müdafiənin təmin edilməsi qaydalarını təkmilləşdirmək üçün" qanunvericiliyə düzəlişlər paketi hazırlayıb. Nazirlik bildirib ki, artıq müvafiq təşəbbüslə Gürcüstan parlamentinə müraciət olunub.
Dəyişikliklər təsdiqlənərsə, xüsusilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təsir edəcək. Nazirliyin verdiyi məlumata görə, "Beynəlxalq müdafiə haqqında" adı altında təqdim olunan bu qanunvericilik dəyişiklikləri paketi Avropa Parlamenti və Avropa Şurasının direktivlərinə uyğun olaraq hazırlanıb.
Dəyişikliklərə görə, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə xarici vətəndaşın Gürcüstandan çıxarılması və müəyyən müddət ərzində Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı cəza növü əlavə olunacaq. Təqdim olunan yeni qanunvericilik paketində Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərin cərimələrinin artırılması da nəzərdə tutulur. Həmçinin, ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyası proseduru xeyli sadələşdirilir.
Bundan əlavə, dəyişikliklərə görə, "sui-istifadə hallarının qarşısını almaq üçün" ölkəyə daxil olduqdan sonra bir ay ərzində sığınacaq üçün müraciət etməyən xarici vətəndaşların ərizələrinin sürətləndirilmiş qaydada baxılması proseduru tətbiq olunur.
Yeni mexanizmə əsasən, əgər xarici vətəndaşın ölkəyə girişi dövlət təhlükəsizliyi üçün təhdid yaradırsa, onun sığınacaq məsələsi Gürcüstanın dövlət sərhədində araşdırılacaq və həmin şəxsin ölkə ərazisinə buraxılmasına icazə verilməyəcək.
Eyni zamanda, sığınacaq verilməsi ilə bağlı müraciətlərin baxılması və apellyasiya müddətləri əhəmiyyətli dərəcədə qısaldılacaq. Qərarların verilməsinin sadələşdirilmiş (elektron) proseduru tətbiq olunacaq ki, bu da apellyasiya şikayətinə baxılma müddətinə nəzarəti xeyli asanlaşdıracaq.
Bundan başqa, Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkədən çıxarılması məsələsi araşdırılan və ya çıxarılması barədə qərar qəbul edilmiş xarici vətəndaşa yaşayış icazəsinin verilməsi məhdudlaşdırılacaq.
Son aylarda Avropa ölkələrindən gələn xarici vətəndaşlar, xüsusilə insan haqları müdafiəçiləri və jurnalistlər Gürcüstan sərhədini keçərkən çətinliklərlə üzləşirlər. Rusiya, Belarus və Azərbaycan vətəndaşları olan jurnalistlərin və fəalların da Gürcüstana girişində problemlər var.
Sərhəd nəzarətinə cavabdeh olan Daxili İşlər Nazirliyi neçə nəfərin və hansı ölkə vətəndaşlarının Gürcüstana buraxılmaması ilə bağlı statistik məlumat yaymır. Yeganə statistika Gürcüstandan qovulan əcnəbilərlə bağlıdır və bu məlumatlara görə, təkcə martda 97 əcnəbi Gürcüstandan çıxarılıb.
Kiyev ABŞ ilə danışıqlarda 'əhəmiyyətli' irəliləyiş olduğunu bildirir

Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, ABŞ ilə nadir torpaq mineralları üzrə razılaşmanı da ehtiva edən hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi istiqamətində danışıqlarda "əhəmiyyətli" irəliləyiş əldə olunub.
Nazir aprelin 16-da X platformasındakı paylaşımında yazıb ki, hər iki tərəfin komandaları sazişin konkret məqamları üzərində işləməyə davam edəcək, lakin "artıq bir çox məsələlər razılaşdırılıb."
"Biz indi Amerika tərəfi ilə bu irəliləyişi müvafiq niyyət memorandumunda qeyd etmək barədə razılığa gəlmişik. Biz sazişin rəsmiləşdirilməsini yaxın gələcəkdə başa çatdırmağa hazırlaşırıq", - o qeyd edib. Ukraynalı rəsmi onun imzalanma vaxtı və digər detallar barədə əlavə məlumat verməyib.
İqtisadiyyat naziri bildirib ki, sənəd yekunlaşdırıldıqdan sonra o, Ukrayna parlamenti tərəfindən ratifikasiya olunmalıdır: "Bu saziş Ukraynada investisiya və inkişaf üçün imkanlar yaradacaq, həm Ukrayna, həm də ABŞ üçün real iqtisadi artım şərtlərini formalaşdıracaq".
Sviridenkonun açıqlaması bir gün əvvəl prezident Volodimir Zelenskinin ABŞ və Ukrayna arasında son müzakirələri "müsbət" adlandırmasından sonra gəlib.
Bununla belə, danışıqlar Donald Tramp və Zelenski arasında davam edən gərginliklər fonunda aparılır. Martın 30-da Tramp Zelenskini kritik minerallar sazişindən uzaqlaşmaq cəhdində günahlandıraraq belə bir hərəkətin "ciddi" nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Ukrayna və ABŞ martın əvvəlində Ukraynanın ən vacib mineral ehtiyatlarının işlənməsi üzrə sazişlə bağlı razılığa gəliblər. Amma fevralın 28-də Ağ evdə Tramp və Zelenski arasında qızğın mübahisədən sonra saziş imzalanmayıb.
Minerallar sazişinin şərtlərinin dəyişib-dəyişmədiyi bəlli deyil. Əvvəlki versiyaya Zelenskinin israr etdiyi təhlükəsizlik zəmanətləri salınmamışdı.