Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:11

Bir aprel hoqqası (AzadliqRadiosunun arxivindən)


“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

Əvvəli burada


Tezis: BİRAPREL HOQQASI

1 aprel! Təqvimin bu günü istər mənim, istərsə də məni SİZOniyaya gətirən “Artezian” qəzetəsinin taleyindən qızıl zolaqla keçir. İlin 363 gününü aprelin 1-ni səbirsizliklə gözləyər, bu həyat bayramımı böyük təmtəraqla keçirməyə çalışardım.

Hər il məhz bu gündə düçar olduğum xuliqanlıq (əhlikeflik, avantürizm – necə istəyirsiz adlandırın) tutması özünün apogeyinə yetişər və yalnız öz MƏNTİQİ HƏLLİNİ tapandan sonra səngiyərdi (əslində bu barədə keçmiş halda danışmaq metodoloji cəhətdən yanlış olardı, çünki söhbət apardığım mərəzdən hələ ki xilas olmamışam).

“Məntiqi həll” anlayışına isə 50 nəfərlik şöbənin istifadə etdiyi su çəninə “purgen” dərmanının (qarın işlədən məhlul) atılması, kiminsə ölümü haqqında yalançı vərəqə-elanların divara yapışdırılması, Volodya Ulyanovun büstünün kəlləsinə “aerodrom” kepkasının keçirilməsi, saxta bank sənədlərinin müştərilərə paylanması (saymaqla qurtarası deyil) və s. əmələri aid edə bilərsiziniz.

Hazırda isə söhbəti türmə biraprelindən açmaq istəyirəm.

Kamera yoldaşım hay-küy qaldırdığı anlarda biraprel tutması məni möhkəm narahat edirdi.

Qonşumun susması vəziyyətimi bir qədər də ağırlaşdırdı. Öz-özümə nifrət edirdim – aprelin 1-ə bir sutka qalsa da, bu günü nə hoqqadan çıxacağımı müəyyənləşdirə biıməmişdim.

Fantaziyam sahibinə xəyanət edirdi. Onu başa düşmək olardı. Qapalı hücrə mühitində məhbusun özünə məşğuliyyət seçməsi üçün elə də çox alternativ yox idi: ya mütaliə (rusca), ya da mütaliə (azəricə). Amma günün sonuna nəlum oldu ki, həqiqətən zərurət zehni itiləşdirir. Çarə tapılmışdı!

Martın 31-də şam yeməyindən sonra biraprel hoqqasının bütün planı və texniki detalları hazır idi. Mələfəni burub düz ortadan iki qatladım.

Istilik radiatorunun üstü məftil setka ilə örtülmüşdü, ondan iki kiçik parça qoparıb ayaqqabılarımı mələfənin uclarına bərkitdim. Bütün bunları ehtiyat şalvarımın içindən salladım.

Şalvarı yuxarı qaldıranda ayaqqabılar onun balağından çıxır, canlı ayaq təsəvvürü yaranırdı.

Sonra bu “konstruksiyanı” qapının üstündəki lampanın qapağından asdım.

Sınaq işləri olduqca uğurlu keçdi.

Gözlükdən baxan adamın nəzərlərinə dəyən ilk şey havadan asılan bir cüt “ayaq” olacaqdı – şalvarı mənim, ayaqqabıları mənim.

Hesablamalarıma görə, vücudumu bir yerdə gizlətsəydim, gözlükdən baxan nəzarətçidə hücrəmdəki “intiharın” müdhiş mənzərəsinə heç bir şübhə yeri qalmamalıydı. (Bax şəkilə)

Qurğunu axşamdan hazır edib səbirsizliklə sübh çağını gözləməyə başladım. Ən münasib məqam “podyom” komandasının verildiyi vaxt idi – səhər saat 6. Bu vədə kimin əqli mürgü dumanı ilə bürünmür ki?

Bütün gecəni gözümə yuxu getmədi. Sübh çağı dəhlizin başından növbətçinin “podyom” əmrlərinin səsi eşidildi.

Bir-bir hücrələrin nəfəsliyini açır, məhbusları yuxudan oyadırdı. Bir neçə saniyədən sonra növbə mənim hücrəmə yetişəcək.

Məqamdır! Qurğunu yerindən asıb çarpayının altında gizləndim.

Dəhlizdəki addım səsləri getdikcə güclənərək "əcinnənin" kamerama yaxınlaşmasından xəbər verirdi.

Həyəcandan ürəyim guppuldayırdı. Nəhayət ayaq səsləri qapının ağzında kəsildi, gözlüyün metal qapağının səsi eşidildi. Sonra isə...

Sonrakıları sözlə ifadə etmək həddən ziyadə problematik olsa da, əlacım yoxdur, gərək cəhd göstərəm.

Əvvəl qəribə bir pauza baş verdi. Bu, adi bir sakitlik deyildi. Çarpayının altında olsam da, bədənimin bütün hüceyrələri ilə bu əcaib sakitliyi təsəvvür edirdim.

Yaranan pauza mənə Yer kürəsi boyda göz almacığı (nəzarətçinin hədəqədən çıxan gözü) və Ozon dəliyi ölçüsündə “volçok” (qapıdakı gözlük) halında görünürdü.

“Vaaay!”, nəzarətçinin sinəsindən qopan fəryad nidası bu sakitliyi yarıb əks-səda verdi. Nəfəsliyin qapağı açıldı, "əcinnənin" əlləri bir qarış içəri keçib əsəbi titrəyişlə “ayaqlara” sarı uzandı, lakin çatmırdı, bir neçə santimetrdə ilişib qalırdı.

Hıqqanmağından və qapının dəhliz tərəfindən gələn tappıltıdan başa düşmək olurdu ki, toyuq kimi yerində eşələnməklə əllərini bir qədər də irəli aparmağa can atır...

Bircə an geciksəydim biçarəni iflic və ya infarkt vurasıydı. Məni çarpayının altından çıxan görüb rahatlıqla ufuldadı, əllərini nəfəslikdən çıxardı – deyəsən döşəməyə oturdu.

Yaranan növbəti pauza zamanı nəfəsliyə yaxınlaşmağa cürətim çatmırdı. Ona görə yox ki çekistin qəzəblənəcəyindən çəkinirdim. Sadəcə olaraq onun sağ-salamat qalmasına şübhəm yarandı.

Təşvişim əbəs imiş: bir neçə saniyədən sonra qapının əks tərəfindən nəzarətçinin gülüşünü eşidəndə mən də öz növbəmdə toxtadım və istər-istəməz onun yoluxucu qəhqəhəsinə qoşuldum.

Nəfəslikdən bir-birimizə baxmaqla döyunca güldük. Uğunub gedirdi, arada nə isə demək istəyirdi, amma növbəti gülüş dalğası sözünü ağzında qoyurdu.

"Çeşmə"nin videoburaxılışından kadr

Nəhayət sakitləşib mənə izah etdi ki, çaşdığından təlimatı pozub. Yoxsa bu zarafata görə karserə düşə bilərdim.

Belə ki təcridxanada fövqəladə hadisə baş verən kimi (yəqin ki intihar FH-lər siyahısında birinci yerdə dururdu) nəzarətçi əvvəl həyəcan siqnalı verməli, yalnız bundan sonra hərəkət etməlidir.

Həyəcan siqnalının mexanizmi iləsə əsgərlikdə yaxından tanış olmuşdum.

Bizim kiçicik hərbi hissənin komandirinin evində, düz çarpayısının başında xüsusi lampa var idi.

Bir hadisə baş verəndə lampa “zır-zır-zır” edib yanıb-sönürdü.

Çox güman ki belə bir lampa nəinki təcridxana rəisinin, bəlkə elə milli təhlükə nazirinin və ola bilər ki, nə qədər də yüksək zatlı şəxsin çarpayısının üstündə alışmalıydı.

Bəxtim onda gətirib ki, biraprel hoqqabazlığımın qurbanı həyəcan siqnalı verib rəhbərliyi bura tökməyib.

Yoxsa kimisə nəyəsə inandıranacan mənimki mənə gələrdi.

Axı dövlətimizin heç bir vəzifə təlimatında aprelin biri təqvimin digər günlərindən heç nə ilə fərqləndirilməyib.

İKİ AYAQLI VƏ İKİARVADLI BOZ QURD

Aprelin 14-dən dünya zəhmətkeşlərinin həmrəyliyinə qədər Hüseynalı İbrahimovla – qısaca isə Qusiklə bir kamerada güzəran keçirdim. Həbsimin ən şən və deməli ən kolorit dövrü məhz bu günlərə düşür...

Jurnalistin türmə gündəliyi - 3

Jurnalistin türmə gündəliyi - 4

Jurnalistin türmə gündəliyi - 5

Jurnalistin türmə gündəliyi - 6

Jurnalistin türmə gündəliyi - 7

Jurnalistin türmə gündəliyi - 8

Jurnalistin türmə gündəliyi - 9

Jurnalistin türmə gündəliyi - 10

Jurnalistin türmə gündəliyi - 11

XS
SM
MD
LG