Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:13

Kəmaləddin Heydərov: «Sentyabradək 25 məktəb tikiləcək»


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov
«Zəlzələ bölgəsində komissiya təhlil işlərinin 85 faizini yekunlaşdırıb. 21 min ev və sosial obyektin vəziyyəti təhlil olunub».

Bunu iyunun 18-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərlə söhbətdə deyib. Onun sözlərinə görə, təhlil zamanı bəlli olub ki, 2944 ev qəzalı vəziyyətdədir, onların müəyyən qismi yenidən tikilməlidir. 3500 evdəsə təmir-bərpa işləri aparılacaq.

Nazir deyib ki, 25 məktəb yenidən tikilməlidir. Onların yeni tədris ilinədək təhvil veriləcəyini bildirən nazir evlərin tikintisinin soyuqlar düşənə kimi başa çatacağını söyləyib.

O, evlərin zərər görməsini belə izah edib: «Onlar əksər halda çaylaq daşından tikilib və təhlükəsizlik kəmərləri yoxdur».

Nazir su daşqını bölgəsində də ziyan görən evlərin çiy kərpicdən tikilməsini yada salıb.

Bu bölgədə əvvəllər də zəlzələ olduğunu xatırladan Kəmaləddin Heydərov deyib ki, təbii fəlakət təsadüfən baş verməyib.

Bu ilin mayın 7-də Azərbaycanın bir neçə rayonunda – Zaqatala, Şəki, Balakən, Qax, Tovuz və Qazaxda zəlzələ baş verib. Zəlzələ Zaqatala və Qaxda 7 bal gücündə olub. Bu zaman insan tələfatı olmasa da, evlər, sosial obyektlər zərər görüb.
XS
SM
MD
LG