Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

İctimai Şuralarda «təmənna» söhbəti


Çingiz Qənizadə
Çingiz Qənizadə
-
Bu günlərdə parlament qrant sənədlərini vaxtında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyənlər üçün cərimələr müəyyənləşdirdi. Məqsədin də şəffaflıq və hesabatlılığı artırmaq olduğu bildirildi. Ortaya belə bir sual çıxır: Niyə büdcə vəsaitlərinin xərclənməsinə də eyni dərəcədə sərt nəzarət yoxdur?

YENİ QANUN OLACAQ

Həmin layihənin müəllifi, deputat Çingiz Qənizadə AzadlıqRadiosunun bu sualına belə cavab verir ki, bu barədə düşündüklərindən parlamentə «İctimai iştirakçılıq haqqında» qanun layihəsi tövsiyə olunub:

«Yaradılacaq ictimai nəzarət şuraları həm dövlət qurumları, həm də bələdiyyələrin fəaliyyətinə nəzarət edəcək. İctimai şuraların apardığı monitorinqlərin nəticələri mətbuat üçün açıq ola, jurnalistlər də bu işə cəlb edilə bilər. Bu halda hər hansı qanunsuz hərəkətin qarşısı da vaxtında alınar, yaxud bənzər davranışlar ictimai müzakirəyə çıxarılaraq tənqid obyektinə çevrilər».

Ancaq Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa AzadlıqRadiosuna deyir ki, layihədə xərclərə nəzarət bəndi olsa da, qurumlara elə bir səlahiyyət verilmir. Yəni, qanun QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində, alınan qərarlarda iştirakı ilə bağlıdır və icra orqanları yanında İctimai Şuraların yaradılması nəzərdə tutulur.
Fazil Mustafa
Fazil Mustafa

FORMAL TƏMSİLÇİLİK

Şuralar seçkili qurum olacaq, seçki müddəti 3 il nəzərdə tutulub. Həmin müddət azaldıla da bilər. Fazil Mustafa ictimai şuraların ciddi dəyişiklik yaratmayacağını düşünür:

«Qanunda da belə bir səlahiyyət var. Amma nə korrupsiyaya qarşı, nə də başqa məsələlərə təsiri olacaq. Vətəndaş cəmiyyəti institutları formal olaraq burada yer alırlar. Məncə, İctimai Şura olmadan belə, qanunun müddəaları tətbiq olunsa, bu təşkilatlar normal çalışa bilər».

Hazırda Ədliyyə Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi nəzdində, eləcə də polis yanında İctimai Şuralar, yaxud komitələr var. Bu, ictimai iştirakçılığın permanent, yəni daimi forması sayılır. Bundan başqa ad-hoc, yəni müvəqqəti formalar da ola bilər ki, onu da «İctimai iştirakçılıq haqqında» qanun tənzimləyəcək.

İradə Cavadova
İradə Cavadova
Bəzi QHT rəhbərləri mövcud ictimai şuralarda eyni şəxslərin, üstəlik, sözügedən qurum rəhbərlərinin arzuladığı şəxslərin olduğuna əsaslanaraq gələcək qurumların işini də indidən şübhə altına alırlar.

«QUŞ QOYMAQ» XƏTRİNƏ

İnsan Hüquqları üzrə Maarifləndirmə Cəmiyyətinin rəhbəri İradə Cavadova ictimai şuraların yaxşı təşəbbüs olduğunu desə də, bunun Azərbaycan modelini uğursuz sayır, sadəcə, «quş qoymaq» üçün, tələb olunduğuna görə yaradıldığını deyir:

«İctimai şuralarda eyni şəxslərdir, eşidirik ki, onlara hansısa layihənin həyata keçirilməsində pul təklif olunur, vəsait ayrılır. Bu, artıq təmənna yaradır. Hesab etmirəm ki, bu halda onlar sözlərini müstəqil çatdıra biləcəklər».

«ÇOXLU İŞLƏMƏK LAZIMDIR»

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırda həm Əmək və Sosial Müdafiə Nazirliyi, həm də Ədliyyə Nazirliyi yanında ictimai şuraların üzvüdür. O, əmək hüquqları ilə məşğul olan QHT-sinin Əmək Nazirliyi yanındakı qurumda təmsilçiliyinə təbii baxır. Yeni yaradılacaq şuralara gəlincə:
Sahib Məmmədov
Sahib Məmmədov

«Bəzən özlərinin, qohum-əqrəbalarının yaratdığı QHT-ləri yığacaqlarsa, heç. Məncə, işlək, iş bacarığı olan QHT-ləri cəlb etmək lazımdır. Bəzi QHT-lər yalnız bəyanat verməklə məşğuldurlar. Məsələn, məni niyə dəvət edirlər ictimai şuralara? Hətta bəzilərindən imtina edirəm. Çünki çoxlu işləmək lazımdır. Qanun layihələri, normativ hüquqi aktlar olur, məsələn, Əmək və Sosial Müdafiə Nazirliyi bizə nə qədər normativ akt göndərib rəy istəyir. Bu rəyləri hazırlaya biləcək QHT-lər çox deyil, axı».

Sahib Məmmədov Penitensiar Xidmət nəzdindəki Komitənin daim rotasiya olunduğunu, özünün də dəyişmə vaxtının çatdığını düşünür:

«Altı ildir Penitensiar Xidmət yanında ictimai komitənin üzvüyəm, heç bilmirəm Ədliyyə nazirinin kabineti haradadır. Bir dənə şəxsi xahişim olmayıb. Əksinə, nazirlikdən, Məhkəmə Hüquq Şurasından ziyan görməkdəyəm».

«İctimai iştirakçılıq haqqında» qanun layihəsi fevralın 13-də parlamentin İnsan hüquqları komitəsində müzakirə olunub və parlamentə tövsiyə edilib.
XS
SM
MD
LG