Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:18

ATƏT Bürosu seçkiləri müşahidə üçün dəvət gözləyir


ATƏT ODIHR loqosu
ATƏT ODIHR loqosu
-
Avropa Birliyi və postsovet ölkələrində seçki monitorinqi sahəsində böyük təcrübəsi olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda prezident seçkilərini izləməyə hələ rəsmi dəvət almayıb. Xəbəri Avropa Birliyinin maliyyələşdirdiyi Mülki Cəmiyyət Forumu yayıb.

Məlumatda deyilir ki, seçki hesabatlarına böyük hörmətlə yanaşılan DTİHB prezident seçkilərini izləmək üçün rəsmi dəvətini indiyədək almış olmalıydı.

Ötən cümə, iyunun 21-də İlham Əliyev Brüsselə səfəri zamanı deyib ki, beynəlxalq müşahidəçiləri dəvət edəcək:

«Prezident seçkilərinə gəlincə, hələ vaxta çox var. Çünki seçki kampaniyası hələ başlanmayıb. Azərbaycan sizdən, Avropa qurumlarından beynəlxalq müşahidəçilər dəvət edəcək. Bütün namizədlərə proqramlarını və özlərini xalqa təqdim etmək üçün şərait yaradılacaq. Əminəm ki, Azərbaycan xalqının iradəsi seçkinin nəticələrində əks olunacaq və Azərbaycan hökuməti bunun üçün hər şeyi edəcək».

Jose Manuel Barroso və İlham Əliyev
Jose Manuel Barroso və İlham Əliyev
Brüssel görüşündə İlham Əliyevdən öncə Avropa Komissiyasının rəhbəri cənab Barroso söz alıb. O, DTİHB-nin seçkiləri müşahidə etməyə dəvət olunacağına AB-nin ümid bəslədiyini aydın şəkildə bildirib.

DTİHB MİSSİYASI BAKIDA OLUB

Mülki Cəmiyyət Forumu bildirir ki, hökumət hələ DTİHB-yə dəvətnamə göndərməsə də, qurum oktyabr seçkilərində müşahidəçilik fəaliyyətinə hazırlaşmaq üçün «seçkiöncəsi durumu dəyərləndirmək missiyası»nı iyunda Azərbaycana göndərə bilib. Bundan ötrü rəsmi dəvətə ehtiyac yox idi və Azərbaycan hakimiyyətinin missiyanı qəbul etməsi yetərli sayılırdı.

Brüssel səfəri ərəfəsində Azərbaycanın müxalifət qrupları «Demokratik Qüvvələrin Milli Şurası»nı yaradıblar. Şura seçkiyə vahid namizəd verməlidir. Koalisiya ölkədə demokratiya qurmaq üçün bütün dinc vasitələrdən yararlanacağını deyir və siyasi məhbusların buraxılmasına, söz azadlığına hörmət etməyə, seçki qanunvericiliyinin DTİHB-nin tövsiyələrinə uyğun dəyişdirilməsinə çağırır. Müxalifət müşahidəçilərin səs sayımı və səs sayının qeydiyyata alınmasını ciddi izləməsini və səsvermə zamanı beynəlxalq qurumların exit-poll keçirməsini istəyir.

DTİHB NARAHATLIĞA ƏSAS GÖRMÜR

DTİHB dəvətnamənin göndərilməməsinə görə narahatlığa əsas görmür və seçkiyə qədərki dörd ayı yetərli sayır. Qurumun sözçüsü Thomas Rymer AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, ATƏT üzvləri seçkiöncəsi dəvətləri müxtəlif zaman kəsimlərində yollayırlar:

«ATƏT-in 57 üzvü DTİHB-ni seçkilərin izləməsinə çağırmaq öhdəliyi götürüb və Azərbaycan da keçmişdə belə davranıb. O üzdən, bu dəfə başqa cür davranacaqlarına inanmağa heç bir əsasım yoxdur».

Thomas Rhymer onu da bildirib ki, Azərbaycana seçkiöncəsi durumu qiymətləndirmə missiyası öz işini ötən həftə bitirib. Missiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edib, seçkinin təşkillatçı qurumları ilə görüşüb və DTİHB-nin həyata keçirəcəyi, – əgər keçirəcəksə, – müşahidə fəaliyyətinin növü barədə tövsiyə hazırlamaq üçün lazımi informasiya toplayıb. Thomas Rhymer hazırda həmin informasiya və ortaya çıxan tövsiyələri əks etdirən hesabat üzərində iş getdiyini bildirib.

«PROSES YUBADILIR Kİ, SEÇKİÖNCƏSİ AKTİVLƏŞMƏ OLMASIN»

Arxiv foto
Arxiv foto
Xatırladaq ki, ATƏT müşahidəçilərinin seçkiyə çağırılmayacağı ehtimalı bu ilin martında – Azərbaycan ATƏT-dən qurumun Bakı ofisinin statusunun endirilməsini istəyəndən sonra ortaya çıxıb. Bundan sonra bəzi yerli müşahidəçilər məqsədin həm də beynəlxalq müşahidəçiliyi önləmək olmasından da narahatlığını dilə gətirib.

Dəvətnamənin göndərilməsi yubanırmı? Yubanırsa, səbəb nədir? Bunun səbəbini nə MSK-dan nə də XİN-dən öyrənə bildik.

MSK üzvü Akif Qurbanov bildirir ki, xarici müşahidəçilər səsvermə gününə 10 gün qalanadək MSK-ya müraciət etməlidir. Müraciət 5 gün müddətinə baxılıb, qeydiyyata alınır. Ancaq onun fikrincə, medianın seçkiöncəsi durumu, sərbəst toplaşma azadlığının, siyasi azadlıqların necə qorunması üzrə beynəlxalq qurumların araşdırma aparmasının vaxtıdır. Qurbanov MSK-nın müstəqil qurum olmadığını, yalnız Prezident Administrasiyasının hər hansı addım atacağı halda ona uyğun tədbir görəcəyini vurğulayır. MSK üzvü hakimiyyətin Avropa qurumları ilə açıq qarşıdurmaya gedəcəyinə də inanmır:

Akif Qurbanov
Akif Qurbanov
«Maksimum səviyyədə çalışılır ki, bu prosesdə ləngimələr, yubatmalar olsun ki, seçkiyə hələ start verilməmişdən fəallıq olmasın. Seçkiöncəsi mühitin şəffaflığı, tərəflərə bərabər imkanların təmin olunması baxımından beynəlxalq qurumların müsbət rəy verəcəyi gözlənilmir. Elə o üzdən proses qabaqcadan mümkün qədər uzadılır ki, seçkiöncəsi mənfi fikirlər beynəlxalq səviyyədə dilə gətirilməsin».

ATƏT NƏLƏRİ TÖVSİYƏ EDİR?

ATƏT, adətən, seçkidən əvvəl iki aralıq hesabatı, seçkidən bir gün sonra ilkin dəyərləndirməsini və bir neçə ay sonra yekun hesabatını açıqlayır. Beynəlxalq qurumlar Azərbaycanda bircə dəfə də olsun azad və ədalətli seçki keçirilmədiyini dəfələrlə vurğulayıb. 2010-cu ilin parlament seçkilərinə dair DTİHB-nin yekun hesabatında deyilirdi ki, seçkilərdə mənalı və rəqabətli seçki üçün lazımi şərait yaradılmayıb. Sərbəst toplaşma, ifadə azadlığı məhdudlaşdırılıb. Namizədlərin qeydiyyatı prosesi qüsurlu, siyasi mühit məhdud, media balanssız və qərəzli olub.

Ümumilikdə, bu seçki ATƏT-in demokratik seçki öhdəliklərindən bir çoxuna və Azərbaycanın yerli qanunvericiliyinin mühüm elementlərinə uyğun gəlməyib.

2008-ci il prezident seçkisinin texniki baxımdan bəzi beynəlxalq standartlara uyğun gəldiyi vurğulansa da, bütövlükdə seçki prosesinin ATƏT öhdəliklərindən kənar qaldığı bildirilirdi.

DTİHB-nin Azərbaycana seçki tövsiyələri, əsasən, bu məsələləri əhatə edir – namizədlərin qeydə alınması prosesinin təkmilləşdirilməsi; seçki komissiyalarının tərkibcə dəyişdirilməsi; Seçki Məcəlləsinə dəyişiklik edilməsi; seçki kampaniyası zamanı dinc toplaşmaq və ifadə azadlıqlarına hörmət olunması; jurnalistlərə təzyiq edilməməsi; səsvermə, səslərin sayılması və nəticələrin tədqiq olunması prosesinin təkmilləşdirilməsi; bir nəfərin bir neçə dəfə səs verməsinin ciddi araşdırılması, bunu edənlərin, bu prosesə qatılan seçki komissiyası üzvlərinin qanunla cəzalandırılması; kampaniya zamanı mediada namizədlərə bərabər efir vaxtı ayrılması, İctimai TV-nin müstəqilliyinin gücləndirilməsi və s.
XS
SM
MD
LG