Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:21

Əli Kərimli pasport ala bilmir


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Daxili İşlər Nazirliyini (DİN) ona vətəndaşlıq pasportu verməməkdə ittiham edir. Cənab Kərimlinin sözlərinə görə, vaxtı bitdiyindən bir aydır ki, Azərbaycanda xarici pasport kimi tanınan ümumvətəndaşlıq pasportunu dəyişməyə çalışır. Amma DİN-in Pasport İşi, Viza və Qeydiyyat İdarəsindən ona bildirirlər ki, 1994-cü ildə haqqında açılmış cinayət işinə xitam verilmədiyindən həmin pasportu ala bilməz.


1994-cü ildə Bakıda keçirilən nümayişlərin birində o zaman AXCP sədrinin müavini olan Əli Kərimli saxlanmış və polis onun üstündən partlayıcı maddə tapıldığını bildirmişdi. Cənab Kərimli 12 il əvvəl qanunsuz silah saxlama maddəsi ilə açılmış cinayət işinin indi xatırladılmasını özünə siyasi təzyiq vasitəsi hesab edir: «Avropa İnsan Haqları Məhkəməsi bu yaxınlarda 13 saylı Suraxanı Seçki Dairəsinin nəticələrinin ləğviylə bağlı müraciətimə baxacaq. Artıq mənə xəbər gəlib ki, iş icraata götürülüb. Tezliklə pasport ala bilməsəm, deməli, məhkəmə prosesinə qatıla bilməyəcəyəm».


Hüquqşünas olan Əli Kərimli hesab edir ki, 1994-cü ildə açılan cinayət işi Azərbaycan Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, beş il ərzində açıq qaldığı üçün əslində ona xitam verilməli idi.


Daxili İşlər Nazirliyi Pasport və Qeydiyyat Şöbəsindən isə bildirdilər ki, Əli Kərimli yaranmış problemlə bağlı nazirə rəsmi məktub ünvanlayıb ona pasport verilməməsinə yazılı cavab istəsin. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev də dedi ki, cənab Kərimlinin rəsmi müraciəti araşdırılacaq.


XS
SM
MD
LG