Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Xaricdəki Azərbaycan müxalifəti


Xaricdə yaranan müxalifət partiyasına Rəsul Quliyev rəhbərlik edir
Xaricdə yaranan müxalifət partiyasına Rəsul Quliyev rəhbərlik edir

Xaricdə yaşayan azərbaycanlılardan bəhs edən «Azadlıq» radiosunun «Qlobus» verilişi xaricdəki Azərbaycan müxalifətindən söhbət açır. Avqust ayının 20-də İsveçrədə Azərbaycanın Demokratiya Yolu adlı siyasi partiya yaradıldı. Bu haqda «Azadlıq» radiosuna İsveçrədə yaşayan azərbaycanlı siyasi mühacir, yeni yaradılan partiyanın sədri Elçin Cəfərov məlumat verib. Partiyanın mərkəzi ofisi Amerikada yerləşir və partiyaya eks-spiker, hazırda Birləşmiş Ştatlarda yaşayan Rəsul Quliyev rəhbərlik edir. Elçin Cəfərov deyib ki, bu partiya artıq İsveçrədə rəsmi dövlət qeydiyyatından keçib. Onun sözlərinə görə, bu partiya beynəlxalq ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərəcək. Müxtəlif ölkələrdə partiyanın filiallarının yaradılması nəzərdə tutulub və bunlar həmin ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərəcəklər. Elçin Cəfərov: «Bizim Azərbaycanda siyasi fəaliyyət göstərmək imkanımız yoxdur. Azərbaycanda demokratiyanın yaranması və bizim kimi insanların Azərbaycana qayıtması üçün xaricdə demokratik siyasi partiyanın yaranmasına ehtiyac var idi».


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elşad Miraləm isə deyir ki, dövlət komitəsi xaricdə yaşayan azərbaycanlılara iqtidar-müxalifət prizmasından yanaşmır. Onun sözlərinə görə, demokratik cəmiyyətdə siyasi fikir ayrılığı təbiidir. Amma Azərbaycanın daxili ictimai-siyasi həyatıyla bağlı bütün məsələləri və mübahisələri Azərbaycanın daxilində həll eləmək lazımdır. Elşad Miraləm onu da deyir ki, komitə dəfələrlə xaricdə özünü Azərbaycan hakimiyyətinə müxalifətdə olduqlarını elan edən qüvvələrlə görüş və danışıqlar keçirmək təşəbbüsü ilə çıxış edib.


Xaricdə Azərbaycan məktəbliləri


«Qlobus» xaricdə yaşayan azərbaycanlı balacalar və onların valideynlərini də yada salır. Yay qurtarır və yeni dərs ili başlayır. Düzdür, müxtəlif ölkələrdə yeni dərs ili müxtəlif vaxtlara təsadüf edir. Çexiyada bu il yeni dərs ili sentyabrın 4-də olacaq. Praqada yaşayan 12 yaşlı Saday Nəzərovun anası Sara Nəzərova deyir ki, Çexiyadakı təhsil sistemindən çox razıdır. Valideynlər də məktəb həyatında fəal iştirak edir. Məsələn, dərslərdə uşaqların keçdiyi mövzuya uyğun ekskursiyalar təşkil edirlər. İstanbulda yaşayan 12 yaşlı Aydan Süleymanova isə deyir ki, Türkiyədə yeni dərs ili sentyabrın 18-də başlayacaq. Aydanın anası İlahiyyə Süleymanovanın sözlərinə görə, ötən il Türkiyə məktəblərində Avropa təhsil sistemi tətbiq edilib və qızının getdiyi məktəbdə təhsilin səviyyəsi ona qane edir.


XS
SM
MD
LG