Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

Jurnalist Seymur Həzi Kürdəxanı təcridxanasında [Video]


Seymur Həzi 2 aylıq həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

-

Avqustun 29-da Azərbaycan polisi hakimiyyəti tənqid edən növbəti şəxsi həbs edib. Bu dəfə prezident və onun yaxın ətrafı haqda rəsmi məlumatlardan fərqli xəbərlərilə tanınan «Azərbaycan saatı» proqramının aparıcısı, «Azadlıq» qəzetinin redaktoru Seymur Həzi saxlanılıb. Hadisəni yaxından izləyən müxbirlərimizin verdiyi bütün xəbərlər bu yazıda yerləşdirilib. Ən son xəbərlər mətnin əvvəlindədir.

SEYMUR HƏZİ KÜRDƏXANI TƏCRİDXANASINDA

Seymur Həzi avqustun 31-də Abşeron polis İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosuna Seymur Həzinin atası məlumat verib.

“Biz az əvəl Abşeron polisinə getmişdik, Seymura yemək aparmışdıq. Dedilər ki onu artıq Kürdəxanı təcridxanasına aparıblar. İndi yoldayıq ora gedirik”.

Seymur Həzini avqustun 29-da Abşeron polisi saxlayıb. O “xuliqanlıq”da ittiham olunur.

Seymur Həzi Ceyranbatan qəsəbəsində evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfərin ona yaxınlaşıb və facebooka yazdığıqlarına niyə cavab vermədiyini soruşub və daha sonra onu vurmağa başlayıb. Bu zaman o özünü qorumaq məqsədi ilə əlindəki butulka ilə həmin şəxsi vurub. Daha sonra isə polislər onu saxlayıb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

2 AYLIQ HƏBS

Avqustun 30-da Abşeron rayon Məhkəməsi «Azadlıq» qəzetinin şərhçisi, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Seymur Həzi haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib.

RƏSMİ MƏLUMATb

«Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozub, vətəndaşa zor tətbiq edib».

Abşeron rayon polis şöbəsi və prokurorluğu belə bir məlumat yayıb.

Məlumatda deyilir ki, «avqustun 29-da saat 12:30 radələrində Seymur Həziyev əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyüb, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifətinə vurub».

Rəsmi məlumatda Məhərrəm Həsənovun xəsarət aldığı deyilir.

SEYMUR HƏZİ NİYƏ SAXLANIB

Vəkil Elton Quliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, polisdə deyiblər ki, jurnalist Ceyranbatanda bir nəfəri vurduğu üçün saxlanılıb:

«Seymur Həzi də bildirib ki, tanımadığı bir nəfər ona yaxınlaşıb, deyib ki, niyə sənin «facebook» səhifənə yazdıqlarıma cavab vermirsən. Elə bundan sonra da Seymur Həziyə zərbələr endirməyə başlayıb. Seymur da özünü müdafiə etmək və həmin şəxsin əlindən çıxmaq üçün əlindəki şüşə qabla onu vurub. Bundan sonra polislər onu saxlayıb Abşeron polisinə aparıblar. Polislər onunla nəzakətlə davranıblar. Bu saata qədər Seymurun saxlanma şəraitinə heç bir iradı yoxdur. Bir şey lazım olub-olmadığını soruşdum, dedi dostlara deyin möhkəm olsunlar, onsuz da həbsimi gözləyirdim».

Elton Quliyevin dediyinə görə, Seymur Həzi barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi avqustun 30-da keçiriləcək.

ÜÇ İLDƏN YEDDİ İLƏDƏK...

Avqustun 29-da «Azərbaycan saatı» proqramının aparıcısı, «Azadlıq» qəzetinin redaktoru Seymur Həzini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Elton Quliyev məlumat verib.

«Mənə zəng elədi, bircə onu dedi ki, Abşeron polisi məni saxlayıb. Başqa bir söz deyə bilmədi».

Hələki Abşeron polisindən jurnalistin hansı səbəbdən saxlanması barədə məlumat almaq mümkün olmayıb.

Seymur Həziyə qarşı cinayət məcəlləsinin «xuliqanlıq» maddəsinin 3-cü bəndi ilə cinayət işi açılıb. («221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə»). Jurnalist hazırda Abşeron Polis İdarəsindədir.

Bu ittihama görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Hələki jurnalistə belə bir ittihamın irəli sürülməsinin səbəbləri bəlli deyil.

«BAŞIMA MASKA KEÇİRDİLƏR»

Seymur Həzi yazılarına görə bir neçə dəfə təhdid və zorakılığa məruz qalıb.

Onun özünün mediaya verdiyi məlumata görə, ilk dəfə 2005-ci ildə oğurlanıb, 2 saat zirzəmidə ayağından asılı saxlanılıb.

Daha sonra 2010-cu ilin mayında saxlanılıb. Həmin vaxt döyülən jurnalistə İlham Əliyevdən yazmamaq tövsiyə olunub.

Növbəti dəfə 2011-ci il martın 26-a keçən gecə oğurlanaraq işgəncələrə məruz qalıb.

RATİ-də keçirilən mətbuat konfransında Seymur Həzi dediklərindən:

«6 nəfər maskalı məni döyə-döyə mindirdilər mikroavtobusa. İçəridə vurdular, başıma maska keçirdilər. Təxminən 20-25 dəqiqə yol gəldik, bir evə gətirdilər, ev təzə tikilmiş evə oxşayırdı. Orda maskamı götürdülər. Rusdilli, idman cüssəli idi hamısı. Orda məni palçıqda sürüdülər, videoya çəkdilər, yəqin kiməsə göstərəcəkdilər. Sonra gətirib bir yerdə küçədə tulladılar, başımda maska, əlim bir qat «skoçla» bağlı. Ayıldım gördüm bir bina var, yaxınlaşdım. Oğlandan soruşdum ki, bura haradır, dedi bura Binəqədidir».

«Azərbaycan saatı» proqramının aparıcısı kimi o, bir ilə yaxın Ankarada yaşayıb. 2013-cü ilin mayında Azərbaycana gələn jurnalist həmin vaxt mülkigeyimlilər tərəfindən izləndiyini bildirib.

Seymur Həzi 1982-ci ildə Beyləqan rayon Dünyamalılar kəndində anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə İnstitutunda aspirantıdır. 2000-ci ildən AXCP-nin üzvüdür. İndiyə qədər barəsində 10-a yaxın məhkəmə qərarı olub.

İndiyə qədər ona qarşı olan zorakılıqların heç birinin üstü açılmayıb.

XS
SM
MD
LG