Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:18

Səməd Seyidov: «Bütün stəkanlar sınıb...»


Səməd Seyidov
Səməd Seyidov

-

Gözlə

No media source currently available

0:00 0:06:23 0:00
Direct-ə keçid

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın Avropa Şurasında altı aylıq sədrlik dövrünü dəyərləndirir:

– Azərbaycanın Avropa Şurasında altı aylıq sədrliyi daha çox vətəndaş cəmiyyətinə təzyiqlərin artması, bir neçə hüquq müdafiəçisinin həbsiylə yadda qaldı. Sizcə, Azərbaycan necə bir sədr oldu?

– Azərbaycanın sədrliyi sizin yadınızda nəylə qalıb, bilmirəm. Ancaq mənim üçün Avropa Şurası ilə Birgə İşçi Planın imzalanması, Azərbaycanın haqq sözünün Avropa Şurasının tribunasından çatdırılması, Dağlıq Qarabağ üzrə məruzəçinin təyin olunması, Azərbaycan-Avropa əlaqələrinin genişlənməsi istiqamətində dəyirmi masalar, Azərbaycanın Avropada rolunun, nüfuzunun və hörmətinin artmasıyla yadda qalıb. Hansısa prosesləri müşahidə, təhlil etmək istəyirsinizsə, bunu düzgün, obyektiv, hərtərəfli etmək lazımdır. Prosesin içindən hansısa məqamı çıxarıb təhlil edəndə, obyektivlikdən uzaqlaşmaq təhlükəsi böyüyür. Sualınıza cavab olaraq təkrarlayım ki, Azərbaycanın Avropa Şurasına sədrliyi çox yüksək səviyyədə təşkil olunub. Bunlar mənim deyil, Avropa Şurası rəsmilərinin sözləridir. Stenoqramları götürüb oxuya bilərsiniz. Sədrlik funksiyaları növbəti ölkəyə təhvil veriləndə onlar qeyd ediblər ki, Azərbaycan 6 ay müddətində böyük işlər görüb. Öhdəliklərimizə sadiqik, əksəriyyətini yerinə yetirmişik. Təzyiqlər, hansısa subyektiv fikirlər hamıda ola bilər, o cümlədən də sizdə.

– Bu, şəxsi fikrim deyil. Avropa Şurasının baş katibi Thorbjørn Jagland da yazırdı ki...

– (sualı yarımçıq kəsir) Mən də şəxsi fikrimi demirəm. Mən də sizə Jagland-ın sitatını, AŞPA prezidenti Anne Brasseur -in fikirlərini deyirəm. Təkrar edirəm, siz stəkana baxaraq onun axıradək dolu olmamasını qeyd edirsiniz. Ancaq mən sizə deyirəm ki, stəkanın böyük hissəsi suyla dolub.

– Yəni razı deyilsiniz ki, ölkədə insan haqları sahəsində böhran yaranıb?

– Müsahibə alırsınızsa, icazə verin fikrimi deyim. Bütün problemlərin bir günə, bir gecəyə həllini istəmək düzgün yanaşma deyil. Bir ətrafa baxın. Ətrafda bütün stəkanlar sınıb, dağılıb, camaat susuz, yeməksiz qalıb. Meyitlər küçələrdədir, müharibələr gedir. Bu nöqteyi-nəzərdən Azərbaycanda proseslər çox yüksək səviyyədədir. Bir də deyirəm, problemləri təhlil edəndə tam obyektiv yanaşmaq, səbirli olmaq lazımdır. Bu gün Azərbaycanın gördüyü işlər tək özü üçün deyil, Avropa üçün də çox vacibdir, çünki sabitliyi qoruyub saxlaya bilmişik. Sabitliklə yanaşı, inkişafı təmin edə bilmişik. Bununla yanaşı, demokratiya, insan haqları, qanunun aliliyindən bir addım da geri çəkilməmişik. Əksinə, bu istiqamətdə AŞ, digər beynəlxalq qurumlarla işi təşkil etmişik. Müxtəlif təşkilatların, şəxslərin tənqidlərinə gəlincə, bir ölkə deyin ki, onlarla bağlı bəyanat olmayıb. İstər Avropa Şurasının, istər Avropa Birliyinin üzvü olsun, ya da başqa ölkələr. Hər bir ölkədə hansısa proses gedəndə, bəyanat vermək rəsmilərin işidir. Avropa Şurasının isə mahiyyəti bundan ibarətdir. Bunu əldə bayraq edib Azərbaycana təzyiq göstərmək düzgün olmazdı.

– Yəni siz təhlükəsizliyin, sabitliyin qorunub saxlanması fonunda insan haqlarının pozulması fikirləri ilə razı deyilsiniz? Jagland yazırdı ki, insan haqları sahəsində bıçaq sümüyə dirənib. Tənqidlər beynəlxalq QHT-lərdən Avropa Şurasının rəhbərliyi səviyyəsinə qalxıb, Anne Brasseur, Jagland tərəfindən səsləndirilib.

– Avropa Şurasının, başqa beynəlxalq təşkilatların rəhbərliyi ətrafda gedən proseslərə ciddi münasibət göstərsəydi, sizi əmin edirəm ki, Ukraynadakı hadisələr baş verməzdi. Gürcüstandakı, Şərqi Avropadakı hadisələr olmazdı. Mənim üçün qəribə səslənir, məgər siz bu prosesləri görmürsünüz? Görmürsünüz ki, Avropanın ən böyük dövlətlərindən biri olan Ukrayna faktiki yox dərəcəsinə gətirilib, böyük təhlükədədir? Bəyəm görmürsünüz ki, Tbilisidən 35 km o tərəfə başqa ölkənin əsgərləri dayanıb? Bunları ya görə bilmirsiniz, ya görmək istəmirsiniz. Azərbaycan isə torpaqlarının işğal altında olmasına, qaçqın-köçkününün olmasına baxmayaraq, bu gün Avropanın təhlükəsizliyini təmin edən ölkəyə çevrilib. Bu gün mədəniyyət, idman, sabitlik haqda söhbət edir. Problemləri heç kim inkar etmir. Hər bir ölkədə problemlər var, onlara normal, təmkinlə yanaşmaq, həll etmək lazımdır. Hansısa rəhbərin, yaxud beynəlxalq təşkilatda icraçı şəxslərin istəyi ilə deyil bu məsələlər. Tarixi qanunauyğunluğu nəzərə almaq lazımdır. Birinci sualınıza qayıdıram: Azərbaycan Avropa Şurasında sədrlikdən öncə, sədrlik müddətində və sədrlikdən sonra da öz mövqeyində dayanacaq. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemini Avropa Şurası və ATƏT vasitəsilə dünya ictimaiyyətinə çatdıracağıq. Ermənilərin törətdiyi və planlaşdırdığı məsələləri açıq təqdim edəcəyik.

– Daha çox Ukraynadakı hadisələrdən, regionda durumun dəyişməsindən, münaqişələrin qızışmasından danışırsınız. Ağla bir müqayisə gəlir ki, o münaqişələrin güclənməsi fonunda ölkədə fundamental azadlıqların pozulması vüsət alıb. Belə bir paralel görürsünüzmü?

– Siz bilirsinizmi ki, Ukraynada neçə nəfər məhv olub?

– 4 mindən çox adam ölüb, ancaq sualım başqadır.

– Bilmirsinizsə deyim, BMT-nin məlumatına görə, 5 minə yaxın adamı qətlə yetiriblər. Siz nə danışırsınız? Bunu Azərbaycanla necə müqayisə edirsiniz? Bilirsiniz ki, Gürcüstanın torpaqlarının işğalı üzrə danışıqlar artıq yox səviyyəsindədir? Ancaq Azərbaycanda münaqişənin həlli üçün bütün tərəflər cəhdlər göstərirlər, dövlət başçıları görüşür, Minsk qrupunun həmsədrləri danışıqlar aparır. Müqayisə olunmayan məsələləri niyə müqayisə edirsiniz, anlamıram. Əlaqəsi olmayan məsələləri niyə calaşdırmaq istəyirsiniz? Bu gün regionda ən sabit və demokratik dəyərlərə sadiq uyğun ölkə Azərbaycandır. Dövlət başçısının, hökumətin, parlamentin bu istiqamətdə gördüyü işlər çox vacibdir. Bu, problemlərin olmaması anlamına gəlmir. Problem olmasaydı, Avropa Şurasıyla ikiillik işçi plan imzalamazdıq, öz səviyyəmizdə İşçi Qrup yaratmazdıq. Korrupsiyaya qarşı işlər görməzdik. Söhbət millətin, dövlətin maraqlarından gedir.

– Altıaylıq sədrlik dövründə onlarla fəal həbs olunub. Hakimiyyət təmsilçiləri həmin şəxslərin konkret cinayətlərlə tutulduğunu deyir. Beynəlxalq qurumlar hər bir həbsin siyasi motivli olduğunu bildirib. Avropa Məhkəməsinin ReAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı qərarında deyilir ki, bu siyasətçi hakimiyyəti tənqid etdiyinə görə həbs olunub. Yəni Avropa Məhkəməsi də həbsin siyasi motivli olduğunu deyir.

– Siz də belə düşünürsünüz? Sualınızda mövqe göstərirsiniz ki, bunlar siyasi motivli həbslərdir. Yoxdur belə məsələ. Biz ona görə də ölkə içində İşçi Qrupu yaratmışıq. Bu məsələləri təhlil edirik ki, beynəlxalq qurumlar bundan siyasi məqsədlərlə istifadə edib ölkəyə təzyiq göstərməsinlər. Heç kimə sirr deyil ki, müstəqil siyasət apardığına görə Azərbaycana qarşı müxtəlif təzyiqlər var. Təzyiqlərin bir növü insan haqlarından istifadədir. Opponentlərimiz də başa düşəcək – o qədər sadəlövh deyilik ki, bu məsələlərə sadə və səthi yanaşaq. Azərbaycanın imicini, beynəlxalq arenada yerini, rolunu çox gözəl başa düşürük. Çox vacib məsələlərdir. Ancaq tərəziyə qoyanda bir tərəfdə siz deyən məsələlərdirsə, o biri gözündə millətin gələcəyi, dövlətin müqəddəratı, müstəqillik, sabitlik durur. Bu kateqoriyalara kim cavab verəcək? Ukraynada sabitlik pozuldu, Avropa Şurası neylədi? Bir bəyanatdan başqa heç nə edə bilmədi. Bu məsələləri müzakirə edəndə bilməlisiniz ki, millətin maraqları ən ali məsələdir. Bu nöqteyi-nəzərdən təkrar edirəm, Azərbaycanda siyasi məhbus məsələsi ola bilməz. Çünki «siyasi məhbus» anlayışı yoxdur. Hansısa həbs zamanı problemlərin yaranmasına gəlincə, bu məsələlər araşdırılmalıdır və araşdırılır. İşçi qrup elə-belə yaradılmayıb ki. Məhz adını çəkdiyiniz cənab Jagland-ın və dövlət başçısının təşəbbüsü ilə yaradılıb.

– Səhhətində problemlər olan məhbuslarla bağlı İşçi Qrup səviyyəsində konkret işlər görülürmü?

– İşçi Qrupun bir prinsipi var – bəyanatlar üçün deyil, insan haqları problemlərini həll etmək, insanlara kömək göstərmək üçün işləyirik. İnsan haqları ilə bağlı bütün məsələləri müzakirə edə bilərik. Konkret hansı məsələlər, hansı istiqamətlər – bunlar qrup daxilində işçi şəkildə müzakirə olunur.

– Bayaqdan dövlətin maraqları və insan haqlarından danışırıq. Təxminən 1 il əvvəl ABŞ-ın Con Hopkins İnstitutunda çıxışınızda deyirdiniz ki, Azərbaycanı ABŞ-la yaxınlaşmaq cəhdlərinə görə regionda «sendviç kimi» əzirlər. Son vaxtlar Qərbdən, ABŞ-dan gələn bəyanatlar dərhal, böyük təpkiylə tənqid olunur. Nə baş verir?

– Heç nə. Tam səmimiyyət və məsuliyyətlə deyə bilərəm ki, bəyanatın hansı istiqamətdən, dövlətdən, təşkilatdan gəlməsinin bizim üçün fərqi yoxdur. Bütün dövlətlərlə strateji əməkdaşlıq, qonşuluq, dostluq siyasəti, yüksək səviyyədə iqtisadi əlaqələr tərəfdarıyıq. Bütün ölkələrlə münasibətlərimizi bu prinsiplər əsasında təşkil edirik. Bunların içində ən ali prinsip Azərbaycanın ali maraqlarıdır, bu maraqlara heç kim, heç zaman müdaxilə edə bilməz. Hansısa ölkə müdaxilə edib öz nüfuzunu başqa ölkələrdən fərqli olaraq ortaya qoymaq istəyirsə, bu, müsbət nəticə verməyəcək. Azərbaycanda ali hakimiyyət orqanı, mənbəyi – xalqdır. Xalqın maraqları birbaşa hakimiyyət tərəfindən ifadə olunur. Söhbət nə Amerikadan, nə Rusiyadan, nə Gürcüstandan, nə başqa ölkədən gedir. Azərbaycanın mövqeyi həm qonşuluqda, həm dünyada, həm Avropada normal münasibətlərin təşkil olunmasından ibarətdir. O münasibətlər həm Azərbaycana, həm də münasibətdə olan tərəflərə xeyir gətirməlidir. Kiminsə bu münasibətdə öz maraqlarını Azərbaycandan üstün tutması böyük bir yanlışdır. Bizim regiondakı ölkələrlə münasibətlərimiz başqa ölkələr üçün nümunə ola bilər. Buraya həm region ölkələri, həm də ABŞ-la əlaqələr daxildir. Ancaq onların heç birinin marağı Azərbaycandan üstün ola bilməz. Öncə millətimizin, sonra başqa ölkələrin maraqları gəlir.

– Azərbaycanın «çətin qonşuluq» faktorunu Qərbin tənqidləri qarşısında sipər çəkdiyini, bundan yararlanaraq insan haqlarını əzdiyini deyənlər də az deyil.

– Yəqin ki, müasir beynəlxalq münasibətləri böyük dəyişiklik gözləyir. «Çətin qonşuluq» anlayışı dünyanın hər yerində mövcuddur. Bizdə, Ermənistanı nəzərə almaqla, mənfi tərəflərini göstərməkdədir. Onların mövqeyi qeyri-konstruktiv, obyektivlikdən uzaqdır. Yaxın Şərqdə, Ukraynada, Gürcüstanda, digər yerlərdə vəziyyət o qədər də asan deyil, çətindir. Söhbət qonşuluqla yanaşı, başqa amillərdən getməlidir. O amillər içində, ən əsası, ölkələr içində öz nüfuzunu, yerini, mövqeyini göstərmək iqtidarında olmaqdır. Bu baxımdan Azərbaycan müstəqilliyinin ilk günlərindən dünya ölkələri içində öz rolunu, nüfuzunu, yerini möhkəmləndirib, möhkəmləndirir və bundan sonra da möhkəmləndirəcək.

XS
SM
MD
LG