Görüşün təşkilatçısı olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiksə «Azadlıq» radiosuna açıqlamasına bildirmişdi ki, nazirlərin görüşü atəşkəsin tez-tez pozulması ilə bağlıdır. O, yaxın vaxtlarda atəşkəsin pozulması kimi məsələnin gündəlikdən çıxarılmasına çalışdığını da bildirmişdi. Amma təxminən iki ay öncə cənab Kasprşik yenə də «Azadlıq» radiosunun son aylarda atəşkəsin pozulması intensivləşibmi sualını belə cavablandırmışdı: «Mən Azərbaycan Müdafiə Nazirliyindən məlumat almamışam. Amma apardığım monitorinq əsasında deyə bilərəm ki, ilin əvvəli ilə müqayisədə atəşkəsin pozulması bir qədər azalıb».
Ancaq iki ay sonra Anjey Kasprşik atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər olduğunu və bunun onu hiddətləndirdiyini bildirir, tərəfləri danışıqlara dəvət edir. Görüş baş tutur. ATƏT təmsilçisi şərhi tərəflərin öhdəsinə buraxır. Azərbaycan tərəfisə bu haqda susmağa üstünlük verir. Yalnız bunu deyirlər ki, görüş tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kontekstində keçirilib.
Ekspertlər də «qarşılıqlı etimadın möhkəmləndirilməsi» kimi çoxmənalı və həm də ümumi ifadəyə diqqət yetirirlər. Siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, sülh sazişinin imzalanması təmas xəttində hərbi qüvvələrin geri çəkilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini gündəmə gətirə bilər. Nazirlərin görüşü də hələ 90-cı illərdə hazırlanmış qrafiki müzakirə etmək istəyilə bağlı ola bilər: «1994-95-ci illərdə hərbi qüvvələrin işğal zonasından mərhələli şəkildə çıxarılması, sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi ilə bağlı plan müəyyənləşdirilmişdi ».
Hərçənd ekspertlər iyirmi ilə yaxın münaqişə vəziyyətində olan tərəflərin yaxınlarda razılaşma əldə edəcəyinə də şübhəylə yanaşırlar. Baxmayaraq ki, vasitəçilər hələ də ilin sonuna kimi şans qaldığını düşünürlər. Hərçənd Rambuye danışıqlarının uğursuzluğundan sonra hətta xarici işlər nazirləri də bir araya gəlmək istəmirdilər. Vasitəçilərin regiona səfərlərindən sonra tərəflər danışıqları davam etdirməyə razılıq verdilər. Ekspertlərə görə, əslində, bütün bu görüşlər də sülhün mümkünlüyünün nümayişi sayıla bilər. Ərəstun Oruclu isə hesab edir ki, görüş Bakı və Yerevan arasında artan gərginliklə bağlıdır: «Çox güman ki, beynəlxalq təzyiq altında tərəflər müdafiə nazirlərinin görüşünə razılıq veriblər. Bu da atəşkəsin pozulmaması, hərbi əməliyyatların başlanmamasına təminat verir».