Azərbaycan xəbərləri
Daha 29 şəxs Cəlilabadda xəstəxanaya yerləşdirilib
Daha 29 şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin fevralın 26-da günün ikinci yarısı yaydıqları birgə məlumatda bildirilir: «Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün (fevralın 26-da) həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır».
Açıqlamada o da xatırladılıb ki, dünən, fevralın 25-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilmişdi: «Hazırda ümumilikdə 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir».
İrandan qayıdanların səhhəti ilə bağlı rəsmi açıqlama
Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərlə bağlı bu gün, fevralın 26-da növbəti açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib: «Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-nın vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir. İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə, artıq məlumat verdiyimiz kimi, müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib».
Açıqlamada yazılıb ki, sözügedən xəstəxananın məlumatına görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərin hərarəti normadan bir qədər yüksəkdir: «Səhhətlərində ciddi problem aşkarlanmayıb. Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir...».
Bu açıqlamada İrandan gələn və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı ilə bağlı bilgi verilmir. Qurumların fevralın 25-də verdiyi açıqlamada onların sayı 23 göstərilmişdi. Amma yerli saytların məlumatına görə, İrandan qayıdan əlavə bəzi başqa şəxslər də xəstəxanaya yerləşdirilib. Amma bu məlumat, hələlik, rəsmən təsdiqlənməyib.
Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirilib
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olmuş 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə bu gün, fevralın 25-də axşam saatlarında Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir: «İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək».
Açıqlamada daha sonra oxuyuruq: «Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir…».
Cəlilabad rayonu Azərbaycanın İranla sərhədində yerləşir.
4 İran vətəndaşı da xəstəxanaya yerləşdirilib
Bu gün, fevralın 25-də Kliniki Tibbi Mərkəzin (KTN) Yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında belə bildirilir.
Məlumata görə, həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır: «19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. KTN-dən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran vətəndaşlarıdır».
Verilən məlumata görə, onlardan 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb, digər 3 nəfərdə zökəm əlamətləri var və həkim müşahidələri davam edir.
+++
Dünən, fevralin 24-ü axşam saatlarında iki nəfər də koronavirus şübhəsi ilə Bakıdakı xüsusi tibb məntəqəsinə yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.
Bu şəxslər biri Quba, digəri Xaçmaz rayon sakinləri olan Azərbaycan vətəndaşlarıdır.
«Onların hər ikisi İrandan qayıdan şəxslərdir. Amma İranda adıçəkilən virusun yayıldığı ərazilərdə olmayıblar. Hazırda vəziyyətləri normaldır. Karantin müddəti davam etdiyi üçün xəstəxanada saxlanılacaqlar»,- nazirlikdən bildiriblər.
Rəsmilər İranla sərhəddə
Bu gün, fevralın 24-də Azərbaycanın bir sıra rəsmi şəxsləri İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən «Astara» və «Biləsuvar» buraxılış məntəqələrinə səfər ediblər.
Onlar Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssislər olublar.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, səfər çərçivəsində son vaxtlar İranda müşahidə olunan koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.
Verilən məlumata görə, müzakirələr zamanı fevralın 24-nə kimi xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla, gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Habelə, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
İki şəxs...
Fevralın 24-də Kliniki Tibbi Mərkəzin (KTM) Yoluxucu xəstəliklər şöbəsinə iki nəfər yerləşdirilib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Məlumatda vurğulanır ki, onların biri İran, o biri isə Azərbaycan vətəndaşıdır. Qeyd edildiyinə görə, onlar İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər:
«Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir».
Xatırlatma
Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.6 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.
Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.
Bütün xəbərləri izləyin
Jurnalistin işi ona 8 il cəza kəsən məhkəməyə qaytarıldı

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimov haqqında cinayət işi ona 8 il cəza kəsən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Aprelin 10-da apellyasiya məhkəməsi buna qərar verib.
Bakı Apellyasiya Məhkəməsində jurnalistin özü və vəkili aşağı instansiya məhkəməsində iclas protokollarının saxtalaşdırılmasından şikayətlənib. Vəkil Nemət Kərimli deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesin audioyazısıyla protokollarda yazılanları müqayisə edəndə çoxsaylı təhrif və ziddiyyətlər olduğu görünür. Müdafiəçi bununla bağlı qeydlərini diqqətə yetirib:
“Xahiş edirəm, bu iş apellyasiya məhkəməsinin baxışından çıxarılsın və məsələnin araşdırılıb qərar verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin”.
Jurnalist T.Kərimovun fikrincə, onunla bağlı məhkəmə prosesində yaşananlar protokollarda qəsdən saxtalaşdırılmış şəkildə əks olunub: “Bilə-bilə saxtalaşdırıblar...”.
Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib. Protokollara qeydlərlə əlaqədar cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Xatırlatma
T.Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 8 il həbs cəzası kəsilib. Üstəlik, əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyəti ilə məşğul olmaq yasaqlanıb.
T.Kərimovla birlikdə mühakimə edilən reportyor İstək Totiyevaya isə şərti cəza verilib.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsiylə - saytdan materialın silinməsi üçün Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib, sonda min manat almaqda təqsirli biliniblər.
T.Kərimov bunu yalan sayır, F.Ələkbərovdan pul tələb edib almadığını deyir. O etiraz aksiyalarını, vətəndaş hüquqlarının pozulması hallarını, özəlliklə polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayır. Jurnalist işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini də məhkəmədə dilə gətirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Son ilyarımda Azərbaycanda 30-dan çox jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.
Jurnalistlər ittihamları qurama sayır və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Rəsmilərsə ölkədə siyasi motivli həbslərin olmadığını, onların konkret cinayətlərə görə cəzalandırıldıqlarını iddia edirlər.
Azərbaycanda inflyasiya artır, amma...

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci ilin martında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin analoji dövrünə nisbətən 5.9 faiz artıb.
Bu rəqəm qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz təşkil edib.
Martda istehlak qiymətləri əvvəlki aya nisbətən 0.6 faiz yüksəlib.
Müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda reallıqda inflyasiya daha yüksəkdir.
AXCP fəalına 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Quliyevə 30 sutka inzibati həbs verilib.
Bu barədə AzadlıqRadiosuna aprelin 9-da AXCP-dən bildirilib.
AXCP-nin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
8 aprel
AXCP fəalının yeri bilinmir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Elnur Quliyevin yeri bilinmir. Partiyadan onun saxlandığı güman edilir.
AXCP sədri Əli Kərimli bildirib ki, E.Quliyev onun kütləvi tədbirlər zamanı ictimai əsaslarla mühafizəsində iştirak edən gənclərdəndir. Onun vurğulamasına görə, E.Quliyev bu gün, aprelin 8-i səhər onlara gəlməli idi: "Mühafizəçim Kənan Basqal həbs olunduğundan səhər saat 10-da Almaniya səfiri ilə görüşə gedərkən məni o müşayiət edəcəkdi. Elnur bəy təqribən saat 9:15-də artıq metronun "28 May" stansiyasından çıxmışdı və oradan bizim evə piyada gələcəkdi. Ancaq bir azdan Elnur Quliyevə zəng çatmadı... Əminliklə demək olar ki, Elnur Quliyevi də rejim oğurlayıb".
Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan ikisi Ə.Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov terroru maliyyələşdirmə və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Ə.Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar da ittihamları qəbul etmirlər.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tanımayacaq?

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər. Bu barədə prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında bəhs edib. O, bunla bağlı fikirləri Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən səsləndirib: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir".
Onun deməsinə görə, bu mövqe elan edilib: "Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarı bizə şamil edilə bilməz, çünki biz səsvermə hüququndan məhrum olmuşuq. Biz o hakimlərin seçilməsində səs verməmişik".
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandıran Azərbaycan nümayəndə heyətinin açıqlamasına görə, baş verənlər ölkələrinin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsidir.
Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə stop qoyulduğunu açıqlayıb. Bu il isə Azərbaycandan AŞPA-ya nümayəndə heyəti göndərilməyib.
AŞPA təmsilçiləri Azərbaycanın son addımlarını əməkdaşlığa ziyan sayaraq tənqid ediblər.
Azərbaycan AİHM-ə ən çox şikayətlər göndərən ölkələrdən sayılır. Şikayətlər, əsasən, mülkiyyət və siyasi hüquqların pozulması ilə bağlıdır.
Hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev şərti cəza alıb.
Bu gün, aprelin 7-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 284.1-ci (Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi) maddəsi ilə təqsirli bilinərək 2 il dövlət, habelə yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il həbs olunub. Amma ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə uyğun 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.
Hərbi ekspert məhkəmə zalından azadlığa buraxılıb. Hələlik, hökmə onun ayrılıqda münasibətini öyrənmək mümkün olmayıb.
25 noyabr
Hərbi ekspert həbs edilib
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert həbs edilib.
Bu barədə bu gün, noyabrın 25-də Baş Prokurorluq məlumat yayıb.
Vurğulandığına görə, işğaldan azad olunan ərazilərə mediaturda iştirak etmiş Ədalət Verdiyevin Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiya yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirdiyinə dair şübhələr yaranıb: "Şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, öz qulluq səlahiyyətlərindən istifadə etməklə dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə... zərər vurmasına əsaslı şübhələr müəyyən edilib".
Ə.Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin maddələrlə şəxsə 7 ilə qədər həbs cəzası verilə bilər.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. Azərbaycan ərazilərinin 20 faizinə qədər hissəsinə nəzarəti itirsə də, 2020-ci ildə 44 günlük savaş və ötən il birgünlük hərbi əməliyyatlarla bütün ölkə ərazisində suverenliyini bərpa edib.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır.
Hacı Vəliyev haqqında həbs qərarı qüvvədə saxlanıb

Bu gün, aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə "Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında verilən həbs qərarı qüvvədə saxlanıb.
Bu barədə həmin birlikdən məlumat verilib.
"Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib", - qurumun açıqlamasında vurğulanır.
"Gənc Qazilər" Birliyinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
1 aprel
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib
Aprelin 1-də Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və H.Vəliyev barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
H.Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi deyilir. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
+++
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıb. Bu barədə məlumatı onun yaxınları verib.
Məlumatlara görə, onu martın 31-də gecə saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.
Onun saxlanması ilə bağlı deyilənləri yerli saytlara Daxili İşlər Nazirliyindən (DİN) də təsdiqləyiblər. Vurğulandığına görə, H.Vəliyev barəsində bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə cinayət işi mövcud olub.
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb, sərbəst buraxıldığı bildirilmişdi.
Gənc Qazilər Birliyi 2021-ci ildə "Qarabağ qaziləri" İctimai Birliyinin nəzdində yaradılıb.
Britaniya vətəndaşlarına Azərbaycanın cənub-qərbinə getməməyi tövsiyə edir

Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib. Bununla bağlı Britaniya hökumətinin saytında məlumat dərc olunub.
"Ermənistanla sərhəd bağlıdır. FCDO Azərbaycan ilə Ermənistan arasındakı gərginliklər səbəbindən Ermənistanla sərhədin 5 kilometrindən yaxın ərazilərə səyahət etməməyi tövsiyə edir", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu tövsiyə 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələri - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarını əhatə edir. Səyahət xəbərdarlığı Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədinə aid deyil.
Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına, hələlik, Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
Hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir

Azərbaycanda bir hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir.
Hərbi Prokurorluqdan yerli saytlara verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Musazadənin partlayış nəticəsində ölməsi faktı əsasında müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib.
Məlumata görə, fakt üzrə Füzuli hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.
Hadisənin baş vermə tarixi açıqlanmır. Rəsmi açıqlamaya, hələlik, hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Minaya düşənlər var

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bir əməkdaşının aprelin 6-da minaya düşdüyü bildirilir.
AZƏRTAC-ın məlumatına görə, hadisə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verib.
ANAMA-dan bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir".
İki gün əvvəl, aprelin 5-də isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində üç nəfərin yaralandığı açıqlanmışdı. Onlardan birinin ata, digərlərinin isə onun uşaqları olduğu deyilirdi.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, onlar Bərdə rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Olaylara, hələlik, zərərçəkən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr (2020) sazişindən sonra ölkənin 70 vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar.
Yerevan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan həmin sazişdən sonra işğaldan azad edilən bəzi rayonların mina xəritələrini Azərbaycanda tutulan bir sıra hərbçilərinin qaytarılması əvəzində Bakıya təqdim edib. Sonradan Azərbaycan bu xəritələrin yetərli olmadığını bildirdi. Ermənistan baş naziri Nikol Paşinyan da buna cavab olaraq əllərində olan xəritələri təqdim etdiklərini vurğuladı.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.
Kənd Təsərrüfatı Nazirliyində ev dustağı olanlar var

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı ev dustaqlığı qərarı verilib.
Bu barədə aprelin 3-də Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov rüşvət almaqda şübhəli sayılırlar. Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb: "Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Barələrində... Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib".
Hələlik, ittihamlara sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Bu ittihamlar təsdiqini taparsa, şəxslərə 12 ilə qədər həbs cəzası verilə bilər.
Azər Qasımlının həbs müddəti 2 ay uzadıldı

Bu gün, aprelin 3-də Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Yasamal rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmə A.Qasımlının həbs-qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.
21 yanvar
Azər Qasımlının apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə aid verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, şikayət təmin edilməyib.
Vəkil qeyd edib ki, A.Qasımlı prosesdə heç bir cinayətin törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirib: "Azər bəy öz həbsini qanunsuz adlandırıb".
A.Qasımlının yoldaşı Samirə Qasımlı da bildirib ki, məhkəmədən heç bir gözləntisi yox idi: "Biz bilirik ki, hakimiyyət Azər Qasımlını nə üçün tutub və tutubsa, onu həmən buraxmayacaq. Sadəcə vəkilin tövsiyəsi ilə növbəti instansiyalardan keçmək üçün bu prosedurlardan keçmək lazımdır. Biz bu hüquqi prosedurlardan keçirik, amma bilirik ki, qərar hüquqi müstəvidə deyil, siyasi səviyyədə qəbul olunur".
Hələlik, bu açıqlamalara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yanvarın 15-də Yasamal rayon Məhkəməsində A.Qasımlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmamışdı.
A.Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O özünü təqsirli bilmir və həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
17 yanvar
Azər Qasımlının xanımı polisdə ifadə verib
Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bu gün, yanvarın 17-də Yasamal rayon Polis İdarəsində ifadə verib.
Bu barədə onun özü məlumat açıqlayıb.
S.Qasımlı qeyd edib ki, o, həyat yoldaşına açılmış cinayət işi üzrə dindirilib: "Mən müstəntiqə bildirdim ki, iş qondarmadır və siyasi sifarişdir. Dindirmə zamanı bir neçə suala cavab verdim, digərlərinə isə yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququmdan yararlanaraq cavab verməkdən imtina etdim".
Əli Kərimlinin sürücüsü 30 sutka həbs edilib

Aprelin 1-də Nərimanov rayon Məhkəməsində AXCP üzvü Zaur Rzalı inzibati qaydada 30 sutka həbs edilib.
AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb.
Partiyadan onun şərləndiyi bildirilir.
Hələlik, AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
"Repressiya maşınına legitim hədəf"
AXCP-dən daha öncə verilən məlumata görə, Z.Rzalı sədr Əli Kərimliyə könüllü sürücülük edir: "AXCP Binəqədi rayon şöbəsinin üzvü Zaur Rzalı Nərimanov rayonu ərazisində avtoyuma məntəqələrinin birində avtomobilini yuduzduran zaman üç mülkigeyimli şəxs tərəfindən saxlanıb".
AXCP sədri Ə.Kərimli isə bildirib ki, o, bu gün, aprelin 1-də Z.Rzalı ilə həbsdə olan jurnalistlərin məhkəməsinə getməli idi. Ə.Kərimlinin vurğulamasına görə, hakimiyyət onun ətrafındakı adamları "repressiya maşınına legitim hədəf" kimi təqdim edir.
Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü (onlardan ikisi AXCP sədrinin mühafizəçiləridir) həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub

Martın 31-də Azərbaycan prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı əsnasında iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub: "Hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb".
Bu telefon danışığı son günlər Azərbaycanın cənub qonşusu ilə ABŞ arasında gərginliyin artması fonunda gerçəkləşib.
ABŞ prezidenti Donald Tramp İranı yeni sanksiyalar, tariflər, hərbi addımlarla hədələyib. Buna İran prezidentinin ölkəsinin sürətlə genişlənən nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqlardan imtina etməsi səbəb olub.
"Görək nəsə edə biləcəyikmi. Alınmasa, durum pis olacaq", – Tramp martın 30-da Floridadan Vaşinqtona uçarkən jurnalistlərə deyib.
Bundan əvvəl nüvə proqramına görə Vaşinqton Tehrana bir sıra sanksiyalar tətbiq edib.
Xatırlatma
İran-Azərbaycan münasibətlərində indi bir elə gərginlik müşahidə edilmir. Amma bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Son illər Azərbaycanda uşaq və ana ölümü artıb

Sabirabad rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son 10 gün ərzində iki döl və bir körpə tələf olub.
Bu barədə martın 31-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hər üç ananın müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətlərinin stabil olduğu bildirilir. Rəsmi qurumlar məsələ ilə bağlı araşdırma aparır.
Son illər Azərbaycanda həm ana, həm də uşaq ölümündə artım olduğu bildirilir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə (2024 hələ açıqlanmayıb) 2395 beş yaşına qədər uşaq vəfat edib. 2022-ci ildə bu rəqəm 1256 olub. Ana ölümü də müvafiq qaydada 18-dən 33-ə yüksəlib.
Bəzi ekspertlər reallıqda həmin rəqəmlərin rəsmi göstəricidən daha yüksək olduğunu düşünürlər.
Həkimlər mənfi artımı onlara gec müraciətlə, ailə planlaşdırılmasının düzgün aparılmaması və risk faktorlarının nəzərə alınmaması ilə izah edirlər.
Amma bəzi ekspertlərə görə, bu, bir çox ailələrin maddi durumlarının getdikcə pisləşməsi və ölkədə səhiyyənin durumu ilə bağlıdır.
31 mart olaylarından 107 il keçir
107 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 2-nə kimi daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda minlərlə insanı qətlə yetirdiyi bildirilir.
Azərbaycan tarixçilərinin yazmasına görə, həmin vaxt Bakıda memarlıq abidəsi "İsmailiyyə" binası yandırılıb.
Yerli əhaliyə qarşı hücumların Şamaxı, Quba və daha bir sıra bölgələrdə də davam etdiyi yazılır.
Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri "bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi" kimi təqdim etmişdi.
Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) də ona xüsusi diqqət yetirib. AXC Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.
Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib (kütləvi qətllərin daha çox həmin gün törədildiyi deyilir).
AXC Rusiyanın işğalı nəticəsində ləğv edildikdən sonra Azərbaycanda sovet hakimiyyəti illərində (1920-1991) bu tarix qeyd olunmayıb.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən (1991) bir qədər sonra, 1998-ci ildə bu hadisələrlə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr "soyqırımı" kimi dəyərləndirilir.