Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:02

COVID-19 beyinə necə təsir edir


COVID-19 testləri
COVID-19 testləri

Strasburq Universitetinin xəstəxanasında çalışan həkim Julie Helms bu il martın əvvəlində bir neçə gün dalbadal COVID-19 xəstələrində tənəffüs çətinliklərindən başqa əlamətlərin də olduğunu müşahidə edib. Həkimin sözlərinə görə, xəstələrin çoxunda nevroloji problemlər qeydə alınıb. O deyir ki, xəstələrin çoxunun cavan – 20, 30, 40 yaşlarında olması çox qorxunc mənzərə yaradıbmış. Hətta xəstələrdən birinin 18 yaşı var imiş.

BBC yazır ki, Helms və həmkarları "New England Journal of Medicine" nəşrində COVID-19-un nevroloji simptomlarını sənədləşdirən məqalə dərc etdiriblər. Sözügedən nevroloji əlamətlərin hamısı "ensefalopatiya" əlamətləri kimi göstərilib. Bu, beyin zədələrinə verilən ümumi addır. Uhanda çalışan həkimlərin bu əlamətləri hələ fevralda sezdikləri deyilir.

Xəstələrin 50 faizində nevroloji problemlər yaranıb

Hazırda dünyanın müxtəlif yerlərindən 300-dən çox araşdırma COVID-19 xəstələrində nevroloji dəyişikliklərin olduğunu təsdiq edir. Bura həm başağrısı, qulaq cingiltisi, iybilmə hissinin itirilməsi kimi yüngül əlamətlər, həm də nitq qabiliyyətinin itirilməsi, insult və qıcolma kimi ağır simptomlar daxildir. Daha öncə ilk vaxtlar, sadəcə, respirator xəstəlik olduğu düşünülən yeni koronavirusun böyrək, qaraciyər və ürək çatışmazlığı, hətta bədəndə istənilən orqanı zədələyə bildiyi aşkar edilmişdi.

"Hələlik, biz COVID-19-un yaratdığı ensefalopatiyanın digər viruslardan törəyən hallardan daha ağır olub-olmadığını bilmirik. Ancaq sizə deyə bilərəm ki, biz bu halları çox görürük.

Xəstəlik halları artdıqca, çox rast gəlinən əlamətlərdən başqa az rast gəlinən əlamətlər də görünməyə başlayacaq və biz onların hamısını eyni vaxtda görürük. Bu isə bizim yaşadığımız dövrdə heç birimizin görmədiyi bir şeydir", – Detroyt Henri Ford Fondundan nevroloq Elissa Fory deyir.

Dəqiq say bilinməsə də, Sars-CoV-2 diaqnozu qoyulmuş xəstələrin təqribən 50%-nin nevroloji problemlərinin meydana çıxdığı deyilir.

BBC-nin yazısında deyilir ki, bir tərəfdən, nəzarətdə olan xəstələrdə nevroloji əlamətlər həkimlərin gözündən qaça da bilər. Məsələn, xəstə qıcolmanı əsmədən, gözünü bir nöqtəyə zilləyərək də keçirə bilər, həkim də bunun əslində qıcolma olduğunu anlamaz. Digər tərəfdənsə, bu xəstəliyə yoluxan adamların çoxunda öskürək və qızdırma kimi əlamətlər olmadığından COVID-19 testindən keçirilmir. Nəticədə həkimlər belə xəstələrdə görünən nevroloji əlamətlərin bu xəstəliklə bağlı olduğunu bilmirlər.

Çaşqınlıq, oksigen doyumluğu

Baltimorda yerləşən Cons Hopkins Universitetinin Tibb fakültəsinin anesteziologiya professoru Robert Stevens xeyli sayda COVID-19 xəstəsində yeganə əlamətin çaşqınlıq olduğunu deyir. Onun sözlərinə görə, biz hazırda nevroloji xəstəlik formasında ikinci bir pandemiyanı da yaşayırıq.

Pandemiyanın başlanmasından bəri bu yeni xəstəliyin, sadəcə, adi soyuqdəymə yaradan virusun daha güclü forması olmadığı aydınlaşmağa başladı.

Yazıda deyilir ki, əksər virus pandemiyaları, o cümlədən qrip çox gənc və çox yaşlı insanları öldürür. Sars-CoV-2 isə, bir qayda olaraq, uşaqlarda çox yüngül simptomlar göstərir. Yeni koronavirusun kişilərə təsiri də balanslı deyil. Bütün dünyada intensiv tibbi nəzarətə götürülən insanların 70%-i kişilərdir. Halbuki, xəstəliyə yoluxanlar arasında kişilərlə qadınların sayı bərabərdir.

Məqalədə daha sonra göstərilir ki, bu xəstəliklə bağlı daha bir müəmma "xoşbəxt hipoksiya" halıdır. Bizim qanımızın oksigen doyğunluğu səviyyəsi normal vəziyyətdə 98% ətrafında olur. Bu göstərici 85%-dən aşağı olanda bayılma, koma, hətta ölüm baş verə bilər. Ancaq çox sayda COVID-19 xəstəsinin oksigen doyğunluğunun 70%, hətta 60%-dən aşağı olduğu hallarda belə tamamilə ayıq qaldığı qeydə alınıb. Onların koqnitiv bacarıqları da funksional qalıb.

XS
SM
MD
LG