Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Türkiyəni Avropanın müdafiə sisteminə qəbul edəcəklərmi?


Avropa İttifaqı özünün 46 layihədən ibarət strukturlaşdırılmış əməkdalıq hərbi bloku – PESCO-ya ittifaqa üzv olmayan ABŞ, Kanada və Norveçi də dəvət etdikdən sonra Türkiyə də dəstəyə qoşulmaq istəyini bildirib.

Avropa məsələlərindən bəhs edən müstəqil Euractiv portalı yazır ki, Avropa İttifaqı NATO ilə əməkdaşlığın gücləndirilməsi məqsədini güdən layihəni bu ay üçüncü ölkələr üçün də açıq elan edib.

Bu da xəbər verilir ki, Brüssel qeyri-ittifaq ölkələrinin müdafiə layihələrinə qoşulması üçün siyasi, hüquqi və “mahiyyəti etibarilə” şərtlər hazırlayıb.

Bu plana əsasən ittifaq üzvü olmayan ölkənin layihələrdə iştirakı üçün siyasi şərt onun “əhəmiyyətli əlavə dəyər” gətirməsi və Avropa İttifaqınlın təməli olan dəyərləri bölüşməsidir.

Bir çox diplomatlar razılaşırlar ki, bu şərt Rusiya və Çin kimi ölkələrin üzvlüyünü mümkünsüz edir, amma Ankaranın da son illərdə Brüssellə ixtilafları elə bu dəyərlərə görə yaranıb.

Bununla belə, Türkiyə layihədə iştirak üçün rəsmi müraciət təqdim edib.

Bunu Niderland sözçülərindən biri təsdiqləyib:

“Türkiyə bu hərbi hərəkilik layihəsində iştirak istəyini bildirib. Layihənin koordinatoru kimi biz Şura tərəfindən aparılan müraciət prosesini diqqətlə izləyirik”.

Türkiyə “mənsiz olmayacaq” deyir

Bununla belə, hələ ötən noyabrda Ankaraya xəbərdarlıq edilmişdi ki, o layihədə iştirakdan əvvəl özünün Yunanıstan və Kiprlə mübahisəsini həll etməlidir.

Türkiyə rəsmiləri isə xəbərdarlıq ediblər ki, “PESCO özünə yanlış yol seçərək yeni parçalanma xətləri yaradarsa, nə uğur qazana, nə də transatlantik təhlükəsizliyinə töhfə verə biləcək”.

Avropa İttifaqının xarici işlər sözçüsü Peter Stano Euractiv saytına deyib ki, bu layihənin koordinatoru olan Niderland Türkiyənin müraciətinə də başqa müraciətlər kimi eyni prinsiplər əsasında baxacaq.

Stano deyib ki, bu ittifaqdaxili proses hazırda gedir.

O əlavə edib ki, hər hansı qeyri-ittifaq ölkəsinin layihəyə qoşulmasını bütün layihə üzvləri yekdilliklə qəbul etməlidirlər.

“Troya atı”

Amma sözçü Türkiyənin, haqqında danışılan siyasi prinsiplərə uyğunluğu məsələsinə toxunmayıb.

Hazırda PESCO alyansında 24 ölkə iştirak edir.

Rəsmilər xəbərdarlıq edirlər ki, PESCO üzvü olan Yunanıstan və Kipr layihədə Türkiyənin iştirakına “Troya atı” kimi baxacaq və bu üzvlüyün əleyhinə çaxacaq.

Kipr NATO üzvü deyil və onun şimal alyansı ilə təhlükəsizlik razılaşması da yoxdur. Belə bir razılaşma olmadan NATO özünün məxfi sənədlərini paylaşmır. Kiprlə belə razılaşmanın əldə olunmasına vaxtilə Türkiyə veto qoyub.

İndi gözlənilən budur ki, Kiprin Türkiyədən əvəz çıxmaq üçün əlinə məqam düşüb.

Buna görə də Türkiyənin PESCO-da iştirakı diplomatlar arasında fikir ixtilafı yarada bilər.

Tanklar üçün yeni yol və körpülər

Avrtopa İttifaqının hərbi hərəkilik layihəsi qoşunların Avropa boyunca çevik hərəkət etdirilməsi məqsədilə yaradılıb. NATO bu məsələyə Rusiya ilə münaqişə təqdirində həlledici faktor kimi baxır.

Bu layihənin təşəbbüsçüsü olan ölkələr ittifaq üzvləri arasında daha sıx hərbi bağlılığı və yaxud “Avropa ordusunun” yaradılmasını istəyənlərdir.

NATO Avropadakı fəaliyyəti zamanı Avropa İttifaqının 27 üzvünün müxtəlif və bəzən ziddiyyətli qanunvericiliyi ilə üzləşməli olur.

Amma indi Avropa İttifaqının belə bir layihəyə başlaması o deməkdir ki, ittifaq üzvü olan ölkələr Amerika qoşunlarının çevik hərəkəti üçün yol və körpülərin tikintisinə vəsait ayırırlar.

Mövcud yol və körpülər bir çox hallarda ağır texnikanın, əsasən də tankların hərəkəti üçün yararsızdır.

Avropa da sülhməramlı olmaq istəyir

Avropa İttifaqının liderləri belə bir hərbi paktın yaradılması qərarına Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra gəliblər.

Hərbi pakt NATO-nun hərbi mobilliyini artıracaq hərbi hərəkiliyi gücləndirmək üçün 2028-ci ilədək 1.7 milyard avro ayrılmasını planlaşdırır. NATO-nun 30 üzvünün əksəriyyəti Avropa İttifaqının üzvləridir.

“Avropa ordusu” hazırda mövcud olmasa da, ittifaqın hərbi qüdrətini üzv ölkələrin müdafiə sistemləri təşkil edir.

Bundan başqa Avropa İttifaqı blokun bütün dünya boyunca müxtəlif ölkələrə hərbi dəstək verməsi üçün mart ayında 5 milyard avroluq büdcəni təsdiq edib.

Bu plan Avropa Sülh Vəsaiti Fondu adlanır və Avropa İttifaqına dünya boyunca müxtəlif münaqişələrdə sülhməramlı əməliyyatlar həyata keçirmək imkanı verməlidir.

Ən münasib olmayan vaxt

Euractiv saytı yazır ki, ötən mart ayında Avropa İttifaqı ölkələri Türkiyəyə daha yaxşı iqtisadi əlaqələr, vizasız gediş-gəliş rejimi, habelə bu ölkənin ərazisində olan 3.5 milyon Suriya qaçqını üçün yeni milyardlar vəd ediblər.

Almaniya Beynəlxalq Təhükəsizlik İnstitutundan İlke Toygür Euractiv saytına deyib ki, Türkiyənin PESCO-da iştirakı Avropanın təhlükəsizliyi üçün çox faydalı olardı:

“Lakin Aralıq dənizi hövzəsində Türkiyə və Yunanıstan, Türkiyə və Kipr arasında gərginlik, habelə Türkiyənin demokratiya sahəsində geriləməsi nəzərə alınarsa, indi əməkdaşlıq üçün heç də ən münasib vaxt hesab olunmaya bilər”.

Bəzi şərhçilər isə bildirirlər ki, NATO-nun və eləcə də Avropa İttifaqının qarşıdan gələn sammitlərində Türkiyənin gündəlikdə olması qaçılmazdır.

XS
SM
MD
LG