Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:58

Konqres 35 rusiyalıya sanskiya nəzərdə tutan qanun layihəsinə baxacaq


Layihədə Vladimir Putinin yaxın çevrəsindəki 35 nəfərə sanksiyalar nəzərdə tutulur

ABŞ Nümayəndələr Palatasının Reqlament Komitəsi Rusiya müxalifətçisi Aleksey Navalnının komandasının insan haqlarının pozulması və korrupsiyada ittiham etdiyi 35 nəfərə qarşı sanksiyaların qəbulunu administrasiyaya tövsiyə edən qanun layihəsini bəyənib.

Bu barədə məlumatı Helsinki Komissiyasının üzvü, konqresmen Pol Massaro özünün Twitter hesabından yayıb.

Əgər hər iki partiyanın nümayəndələri tərəfindən təklif olunan qanun layihəsi Konqres tərəfindən də qəbul edilərsə, prezident Co Baydenin administrasiyası layihəyə daxil sanksiya siyahısını nəzərdən keçirəcək.

Ağ Ev bunu altı ay ərzində edə bilər.

Sanksiyaların tətbiq olunub-olunmaması məsələsi tamamilə prezidentin səlahiyyətinə daxildir.

Qanun layihəsindəki sanksiya siyahısında biznesmenlər Roman Abramoviçin Alişer Usmanovun, Oleq Derpaskanın, Rosneftin rəhbəri İqor Seçinin, Gazprom şirkətinin prezidenti Aleksey Millerin, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin, FTX-nin direktoru Aleksandr Bortnikovun, Rusiya televiziyası 1-cı kanalının sədri Konstantin Ernstin, habelə RT kanalının baş redaktoru Marqarita Simonyanın, Rusiya banklarının rəhbərləri İqor ŞuvalovAndrey Kostinin, Rosqvardiyanın komandanı Viktor Zolotovun və prezident Vladimir Putinin yaxın çevrəsinə daxil başqalarının adları var.

Mahiyyət etibarilə “Maqnitski Qlobal Aktına” bənzəyən qanun layihəsini Nümayəndələr Palatasına millət vəkilləri demokrat Tom Malinovski və respublikaçı Con Körtis təklif ediblər.

Texniki baxımdan söhbət ABŞ-ın müdafiə büdcəsinə düzəlişlərdən gedir.

Məsələn Şimal Axını 2 qaz kəmərinə sanksiyalar bu qanunun çərçivəsində hazırlanmışdı.

Bu ilin martında Avropa İttifaqı və ABŞ müxalifətçi Aleksey Navalnının təqibi və həbsi ilə bağlı Rusiyanın bir sıra vəzifəli rəsmilərinə sanksiyalar elan etmişdi.

XS
SM
MD
LG