Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:40

Bu ölkənin yalnız müsəlman icması peyvəndi dəstəkləyir


Monteneqroda kilsə mərasimi, arxiv fotosu
Monteneqroda kilsə mərasimi, arxiv fotosu

Ötən il kilsənin iki keşişi öləndə də Serbiya Pravoslav Kilsəsi dini xidməti maskasız və ehtiyat tədbirləri olmadan keçirdiyinə görə tənqid edilmişdi

Monteneqronun baş kilsəsi hələ də vaksinlərə ehtiyatlı yanaşmasında israr edir. Baxmayaraq ki, ötən il kilsənin iki baş keşişi məhz COVID-19-dan dünyasını dəyişib.

AzadAvropa/AzadlıqRadiosu Adriatik sahillərində yerləşən, 620 min əhalisi olan ölkə üzrə vaksinasiyanın aşağı, ölümün isə yüksək olduğunu yazır. Əhalinin üçdə ikisi pravoslav xristianlardır.

Bu aydan pandemiyaya qarşı qaydalar sərtləşdirilib ki, bu da kilsə və məscidlərə girişə də təsirini göstərəcək. Amma yenə də Serbiya Pravoslav Kilsəsinin yerli qanadı dindarları vaksin vurdurmağa çağırmayıb.

Pravoslav Kilsəsi

“Ehtiyatlı olmalıyıq. Tibbin təyin etdiyini inkar etmirik, amma sadəcə ehtiyatlıyıq. Çünki siyasət, yaxud başqa bir maraq, kim bilir nə, hər fürsətdən yararlanmaq istəyir”, – Serbiya kilsəsinin Monteneqro üzrə metropolitanı II Coanikice deyib.

Bütün dünyada həkimlər və alimlər COVID-19-un yayılmasını önləmək üçün kütləvi vaksinasiyasını əsas yol sayırlar.

Ötən il kilsənin iki keşişi öləndə də Serbiya Pravoslav Kilsəsi dini xidməti maskasız və ehtiyat tədbirləri olmadan keçirdiyinə görə tənqid edilmişdi. Hətta eyni qaşıqdan içki içilməsi mərasimi belə gerçəkləşmişdi.

Coanikicedə ötən ilin noyabrında koronavirus aşkarlanıb, bu ilin mayında isə peyvənd olunub.

Cəmi 42 faiz

Vaksinə skeptik yanaşan, COVID-19-la bağlı konspirologiya nəzəriyyələrinə inanan regionda çox şey dəyişməyib.

Mayın əvvəlindən vaksinasiya başlayandan Monteneqro əhalisinin cəmi 42 faizi tam peyvəndlənib. Ölkədə hər 100 min nəfərə 374 ölüm düşür ki, bu da dünyada Peru, Bolqarıstan və Bosniya-Herseqovinadan sonra dördüncü yer deməkdir.

Ölkədə üç əsas inancdan yalnız birinin rəhbərləri vaksinasiyanı dəstəkləyir.

“Biz adamları həmişə elmin səsini eşitməyə, peyvənd olunmağa çağırırıq”, – Monteneqro İslam İcmasının başçısı Rifat Feyziç radionun Balkan xidmətinə deyib.

Bu qurum hətta Ramazan ayında belə müsəlmanları vaksin olunmağa səsləyib.

Ancaq ölkədə inanclar üzrə vaksinasiya göstəriciləri bəlli deyil.

Katolik Kilsəsi və baş nazir

Pravoslavlıq (72 faiz) və İslamdan (19 faiz) sonra Monteneqronun üçüncü dini icması sayılan Katolik Kilsəsi (3 faiz) də peyvəndə çağırış səsləndirməyib.

Yerli Katolik başçılar deyiblər ki, “dindarlar vicdan azadlığına uyğun olaraq peyvənd vurdura bilərlər”.

Monteneqro Avropanın yeganə ölkəsidir ki, baş naziri Zdravko Krivokapiç peyvənd vurdurmayıb.

Bir il öncə baş nazir birgə qaşıq ayininə qatılaraq deyib ki, “inancın varsa… ayində yoluxmazsan”.

Bir ay qabaq Krivokapiç anticism göstəricilərinin yüksək olduğunu, yalnız həkim tövsiyəsi ilə peyvənd vurduracağını söyləyib.

Dini icmalara və hökumətə inam

Yerli təşkilatlar dövlət rəsmilərinin dini mərasimdə iştirakını hüququn aliliyi və sağlam məntiqə qarşı birgə göstəri adlandırıb.

Ancaq noyabrda “Defacto Agency” adlı yerli sorğu mərkəzinin keçirdiyi sorğuya görə, monteneqroluların dini icmalara inamı 60 faiz civarındadır. Ondan sonra ordu və polis gəlir. Hökumətə inam isə cəmi 41 faiz idi.

Parlamentin təhsil və elm komitəsinin üzvü Bozena Celusiç dini liderlərin səhiyyə böhranına yanaşmasını tənqid edib.

“İndi əsas məsələ dini qurumların indiki məqamda, həyatla ölüm arasında seçim getdiyi vaxtda təmiz vicdanının olmasıdır. Çünki pandemiyanı məhv etmək üçün gücün böyük hissəsi onlara aiddir”, – deputat radioya deyib.

Monteneqroda artıq dekabrın 1-dən restoranlara, mədəniyyət, idman və dini tədbirlərə giriş üçün COVID sertifikatı tələb olunmağa başlanıb. Bu sənəd sahibinin ya tam peyvənd olunmasını, ya son 180 gün ərzində COVID-19 keçirməsini, ya da virus testinin mənfi olmasını göstərir.

XS
SM
MD
LG