Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Rusiyalılar Baxmut yaxınlığında ‘kiçik uğurlar’ qazanırlar


Xarkov vilayətində dağılmış bina
Xarkov vilayətində dağılmış bina

Ukrayna qüvvələri son bir gündə ölkənin şərqində və şimal-şərqində Rusiyanın hücumlarını dəf edir, qarşı tərəfə “ciddi ziyan” vurur. Məlumatı Ukrayna ordusu fevralın 14-də yayıb.

Bəyanata görə, Ukrayna əsgərləri “müdafiəni möhkəmləndirmək üçün əlavə tədbirlər görürlər”. Son bir sutkada Rusiyanın 32 havadan zərbə və iki raket zərbəsi gerçəkləşdirdiyi bildirilir.

Baxmut tərəfdə irəliləyiş

Britaniya kəşfiyyatının fevralın 14-də yaydığı hesabata görə, Rusiyanın Vaqner muzdlu qrupu son üç gündə Donbasdakı Baxmut şəhərinin şimal ətəyində, o cümlədən Krasna Hora kəndində “kiçik uğurlar qazanıb”.

Rusiya qüvvələri aylardır Baxmut daxil olmaqla strateji şəhərləri ələ keçirməyə çalışır. Baxmut fevralın 13-də ağır artilleriya atəşinə tutulub.

Baxmutun tutulması Rusiya qüvvələrinin Donetsk vilayətinə platsdardm əldə etməsi deməkdir.

“Rusiya görünür, Ukrayna qüvvələrinin 2022-ci il sentyabr-noyabr əldə etdiklərini geri qaytarmaq istəyir: onların məqsədinin Jerberets çayının qərbinə doğru irəliləmək olduğu görünür”, – nazirlik gündəlik bülletenində qeyd edir.

Təyyarə məsələsi müzakirə ediləcək

NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) də Rusiyanın yeni hücuma başlaması haqda Ukrayna rəsmilərinin dediklərini təsdiqləyib. O, fevralın 13-də Brüsseldə jurnalistlərə deyib ki, Rusiya Prezidenti Vladimir Putinin sülhə hazırlaşmasının “indiyədək heç bir əlaməti” görünməyib.

Stoltenberq Brüsseldə fevralın 14-də NATO müdafiə nazirlərinin görüşündə Ukraynaya təyyarə verilməsi məsələsinin də müzakirə olunacağını deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 13-də axşam müraciətində deyib ki, gün ərzində ordu komandirləri ilə görüşərək Donetsk və Luhansk vilayətlərinin müdafiəsini müzakirə edib.

“Silah, sursat təchizatına, əsgərlərimizin gücünə və sabitliyinə qatqısı olan hər şeyə daimi diqqət ayrılır”, – o söyləyib.

ABŞ rəsmilərinin xəbərdarlığı

“The Washington Post” qəzetinin mənbələrə istinadla yazdığına görə, ABŞ administrasiyası Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, müharibədə həlledici məqam başlayır və Ukrayna ordusu qərbdən böyük həcmdə hərbi yardım aldığı müddətdə cəbhədə mümkün qədər çox uğur qazanmalıdır.

Yanvarda Kiyevdə olmuş rəsmilər növbəti ayların kritik olacağı haqda Ukrayna hakimiyyətinə məlumat veriblər.

Qəzetin yazdığına görə, Ukraynaya “nə qədər çəkərsə, o qədər” dəstək vədlərinə baxmayaraq, ABŞ hakimiyyəti hesab edir ki, Kiyevə Qərbin son yardım paketi münaqişənin gedişatını dəyişməyə çox yaxşı şans yaradır. Belə ki, hazırda Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar Ukraynaya dəstəyi azaltmaq əhvalındadırlar. Avropadan Kiyevə silah təchizatının da indiki səviyyədə qalıb-qalmayacağı bəlli deyil.

“‘Nə qədər lazımdırsa, o qədər’ məsələsi münaqişənin miqyasına aiddir. Bunun yardımın həcminə dəxli yoxdur”, – qəzetin bir müsahibi deyib.

+++

Vaşinqtonda rəsmilər etiraf ediblər ki, “müharibə uzandıqca Ukraynaya daha müasir aviasiya verilə, yaxud azından başqa ölkələrin F-16 verməsinə yaşıl işıq yandırıla bilər”. Bu haqda “Financial Times” qəzet yazır.

Ukrayna Prezidenti Volodimir Zelenski qərb müttəfiqlərindən qırıcı təyyarələr istəsə də, ABŞ Prezidenti Co Bayden (Joe Biden) ölkəsinin Kiyevə F-16 göndərməyəcəyini deyib.

Döyüş sursatı və havadan müdafiə sistemləri

“Financial Times”ın yazdığına görə, Ukraynaya sursat və havadan müdafiə avadanlığının verilməsi məsələsi fevralın 14-də Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq.

Qəzet görüş hazırlıqlarından agah iki nəfərə istinadla qeyd edir ki, Brüsseldə qırıcı təyyarələrin verilməsi də götür-qoy ediləcək. Mənbələr onu da qeyd ediblər ki, təyyarələrin əldə olunması Kiyev üçün daha uzunmüddətli hədəfdir, sursat təchizatı indi daha təcili məsəlidir. Hazırda Rusiyanın yeni hücuma keçməsi fonunda bu, Ukrayna ordusu üçün çox vacibdir.

“Qırıcılar Rusiyanın hərbi hava qüvvələrinə qarşı inteqrasiya edilmiş havadan müdafiə sistemləri qədər effektli deyil, ola da bilməz”, – bir müsahib qəzetə söyləyib.

Silah şirkətləri ilə birbaşa təmaslar

Brüssel görüşündə Ukrayna ilə qərbin silah şirkətləri arasında daha birbaşa kontaktların qurulması da müzakirə oluna bilər.

Ukrayna qərb istehsalı tankları əldə etməyə başlayandan sonra fəal şəkildə qırıcı istəməyə başlayıb. Britaniyanın Baş naziri Rişi Sunak yazda ukraynalı pilotlara təlimə başlamağı vəd edib, müdafiə nazirinə Kiyevə döyüş təyyarələri göndrmək imkanını öyrənməyi tapşırıb.

Fransa Prezidenti Emmanuel Makron isə belə təyyarələrin göndərilməsi haqda suala cavabında deyib ki, “prinsipcə, heç nə istisna deyil”.

Slovakiya isə Ukraynaya MiG-29 qırıcıları verməyi nəzərdən keçirir.

Ukraynanın şərqi Baxmut şəhəri ətrafında qızğın döyüşlər gedir. “FT” yazır ki, ABŞ rəsmiləri şəhərin bu həftə Moskvanın əlinə keçəcəyinə inanırlar.

XS
SM
MD
LG