Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:22

Keçmiş dustaqların təmtəraqlı dəfni narazılıq yaradıb


Krasnodarın Bakuskaya kəndində Vaqner muzdlularının dəfni
Krasnodarın Bakuskaya kəndində Vaqner muzdlularının dəfni

2015-ci ildə Roman Melnikovun Sibirin Zabaykalye regionundakı balaca Darasun kəndindən gedişi az adamı kədərləndirmişdi. Melnikov qarət zamanı kafenin müştərisini döyüb öldürdüyü üçün doqquz illik həbs cəzasına məhkum olunmuşdu.

Ancaq ötən ay Melnikovun cəsədi kəndə hərbi tabutda gətirilib. Ukraynadan gətirilən tabutun hərbi təmtəraqla dəfn edildiyini görən kənd sakinləri dəhşətə gəliblər. Hərbi qarovul qismən kənd administrasiyasının pulu ilə təşkil edilib.

"Nə baş verir? Sadəcə həbsdən çıxa bilməsi üçün müharibəyə gedən dustaq birdən-birə qəhrəman olur? Dostlarım və mən şokdayıq. Dünya həqiqətən də tərsinə durub",Nina adlı yerli sakin deyir. Təqib olunacağından ehtiyat edən qadın AzadlıqRadiosunun “Sibir.Realii” xidmətinə müsahibəsində soyadının çəkilməsini istəməyib.

Melnikov Ukraynada döyüşmək üçün Kremlə bağlı biznesmen Yevgeni Priqojinin Vaqner qrupuna cəlb edilən on minlərlə məhbusdan biridir. Priqojinin özü qarət maddəsi ilə doqquz il sovet həbsxanasında yatıb.

“Onun ‘qəhrəmanlıqlarını’ yaxşı xatırlayırıq”

Darasun Rusiyanın Çinlə sərhədində yerləşən kiçicik bir kənddir. Əhalisinin rəsmi sayı 6 min 500 nəfərdir. Ancaq sakinlər dövlət kolxozu və yerli zavodun bağlanmasından sonra kənddə bundan qat-qat az adamın yaşadığını deyirlər.

"Getməyənlər də Melnikov kimi eləcə içir və narkotik qəbul edir. Elə bilirsiniz o, davaya girəndə ayıq olub?”, – bir yerli sakin deyir.

Moskva müharibəyə başladığı 2022-ci ilin fevralından bəri Ukraynada cəmi 6 minədək adamın öldüyünü qəbul edib. Ancaq Darasun kimi yerlərdə belə hərbi dəfnlərin keçirilməsi bu rəqəmin qat-qat böyük olduğunu göstərir. Qərb təhlilçiləri Rusiyanın hərbi itkilərinin ölən və yaralananlarla birlikdə ümumilikdə 200 min nəfər olduğunu deyirlər.

"Biz burada onun “qəhrəmanlıqlarını” yaxşı xatırlayırıq. Qarətlər, oğurluq… O hətta birlikdə yaşadığı qıza hücum edib onu az qala boğmuşdu. Onu dəfələrlə cinayət törətdiyi üçün nəhayət həbsxanaya göndərdilər. Sonra da buraxıblar? Buraxıblar ki, qızı boğub qurtara bilsin? Bu da sizə bizim ədalətimiz”, – başqa bir sakin deyir.

“O bizi qorumağa gedib”

Melnikovun dəfni bacısı Olqa Melnikovanın xahişi ilə keçirilib. Qardaşını “qəhrəman” hesab etdiyini deyən Melnikova AzadlıqRadiosuna onun fevralın 3-də Ukraynada öldürüldüyünü bildirib.

"Biz çox ünsiyyət saxlamırdıq. Onun buraxılmaq üçün döyüşməyə razılıq verdiyini bilmirdim. Onun çox vaxtı da qalmamışdı. Ancaq hesab edirəm ki, yaxşı hərəkət edib. Bilmirəm niyə digərləri bununla razı deyil. O bizi qorumağa gedib. Başqa ölkədə vuruşub ki, onlar bizə hücum etməsinlər. Düşünmürəm ki, onlar Zabaykalyeyə gəlib çıxardılar, ancaq bəlkə Moskvaya gedərdilər”, – Melnikova deyib.

Əvvəlcə Melnikova dəfnin kənd klubunda keçirilməsini istəyib.

"Qohumları bizdən xahiş etdilər ki, klubda onlara yer verək. Ancaq oranın öz proqramı var – uşaq qrupları və sairə”, – kənd rəhbəri Valentina Çeremnıx deyir.

Çeremnıx bunun əvəzində dəfnin bayırda keçirilməsini təklif edib.

"Darasunun bir çox şərəfli sakinlərinin dəfni bayırda, xüsusi təmtəraqsız keçirilib. Bizim üçün bu normaldır”, – o söyləyir.

Ancaq Melnikova üçün bu kifayət etməyib.

"Kənd rəhbəri bunu deyəndə mən sosial media və mediaya yazmağa başladım. Bir televiziya kanalı cavab verdi. Onların qaldırdığı səs-küy qubernatora və daha yuxarılara gedib çatdı. Axırda mərasim üçün klubu mənə verdilər”, – o bildirir.

Bacısı narazı qalıb

Darasundan 12 kilometr aşağıda əhalisi 5 min nəfərdən az olan Makkaveyevo adlı qonşu kənd var. Ötən ayın sonlarında iki yerli sakinin hərbi tabutu dəfn üçün kəndə gətirilib. Dmitri FilippovSergei Slepuxin adlı bu şəxslərin hər ikisi keçmiş məhbusdur.

Filippovun bibisi Nadejda Filippova dəfnin təşkili ilə məşğul olmaq üçün ta Kursk bölgəsindəki evindən gəlib. O bu iki nəfərə Vaqner qrupunda xidmət etdikləri üçün adi hərbçilər kimi münasibət göstərilməməsindən narazıdır.

"Yerli hərbi komissarlıq və Müdafiə Nazirliyi dəfnlə bağlı heç nə etmək istəmirdilər. Bilirəm ki, Kurskda hərbi komissarlıq Vaqner döyüşçüləri üçün dəfn xərclərinin bir hissəsini ödəyir. O zaman niyə burada elə deyil?”, – o deyir.

“O azyaşlı kimi həbs edilmişdi”

Darasun kimi Makkaveyevoda da yerli sakinlər Filippov və Slepuxinə rəğbət bəsləmirlər. Filippov bir neçə qarət törətdiyi və evdə düzəldilmiş təhlükəli spirtli içki satdığı üçün həbs edilmişdi. Slepuxinsə ən azı altı qarət və iki soyğunçuluq cinayətinə görə tutulmuşdu.

"O azyaşlı kimi həbs edilmişdi. Pis qrupa düşmüşdü. Ancaq sonradan döyüşməyə getdi və hesab edirəm ki, günahını yudu”, – Slepuxinin bacısı Olqa Vançuqova deyir.

Nadejda Filippova da onunla razılaşır.

"Onlar səfeh gənclər kimi səs-küy saldılar, ancaq öz ölümləri ilə hər şeyi təmizlədilər”, – o deyir.

İki ailənin təkidindən sonra yerli məktəbdə keçmiş məhbuslar üçün məktəblilərin iştirakı ilə hərbi dəfn mərasimi keçirilib.

“Üstəlik, pulunu da biz ödəməli oluruq”

"Mənim uşaqlarım o məktəbə gedir. Bu necə nümunədir ki, biz …dustaqlar üçün belə təmtəraq nümayiş etdiririk? Əlbəttə, uşaqları bunu izləməyə məcbur etməyin və onları bunun – qarət, sərxoşluq, həbsxana, müharibənin - yaxşı bir həyat yolu olduğunu düşünməyə imkan verməyin əleyhinəyəm.

Biz də kənd rəhbərinə bunu dedik və əvvəlcə bizimlə tam razılaşdı. Ancaq nə olduğunu bilirsiniz”, – kənddə yaşayan bir qadın deyir.

Sakinlər məktəbdə keçirilən mərasimə yalnız ölənlərin qohumlarının gəldiyini deyirlər.

"Onlar hamıya şikayət elədilər, yerli hərbi komissara da həmçinin. O onlara hərbi qarovul və nitq söyləmək üçün bir general gətirdi. Tabutları əsgərlər daşıdı.

Bu dustaqların belə fəxri mərasimlə dəfn edilməsini görmək dəhşətdir. Üstəlik, pulunu da biz ödəməli oluruq. Məktəbə təmir lazımdır, yerli muzeyimiz uçub dağılır, amma yox, biz cəzalarını çəkmək əvəzinə müharibəyə qaçan dustaqlar üçün fəxri qarovullu dəfnlərə pul xərcləməliyik”,
– kənddə yaşayan başqa bir qadın deyir.

XS
SM
MD
LG