Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:19

Zaxarova Qarabağda beynəlxalq missiya təklifindən danışıb


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova

Ermənistan hökumətinin Qarabağda beynəlxalq missiya barədə istəyinin həyata keçməsi üçün hər iki tərəfin, həm Azərbaycanın, həm də Ermənistanın razılığı olmalıdır.

Bunu martın 23-də keçirdiyi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:

"Hər hansı yeni missiyanın yerləşdirilməsi üçün həm Yerevanın, həm də Bakının razılığı tələb olunur. Mən buğun bunu görmürəm. Yəni hər iki tərəfin razılığını nəzərdə tuturam”.

Zaxarova xatılrladıb ki, tərəflər iki il yarım bundan əvvəl Qarabağda Rusiya sülhməramlı missiyası haqqında sənədi imzalayıblar:

"Üç ölkə liderinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən Qarabağda Rusiyanın sülhməramlı missiyası yerləşdirilib. Bizim sülhməramlılarımız regionda stabilliyin təminatı və eskalasiyanın qarşısının alınması üçün ardıcıl səylər göstərirlər”.

Rusiya XİN-in nümayəndəsi Yerevan və Bakını üçtərəfli bəyanatların sözsüz icra edilməsinə çağırıb:

"Çox şey tərəflərin qalmaqda olan fikir ayrılıqlarının tənzimlənməsinə və çözümün axtarışına siyasi iradəsi və real məramından asılıdır. Çox mühümdür ki, onlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi verən bütün üçtərəfli razılaşmalara yayınmadan riayət etsinlər”.

“Düşmən ritorikanın yüksəlməsi”

Zaxarova bildirib ki, regionda düşmən ritorikanın yüksəlməsi və Qarabağda insidentlərin artması Moskvanı narahat edir:

“Bizi həqiqətən də düşmən ritorikanın yüksəlməsi və Dağlıq Qarabağda insidentlərin artması, tərəflərin Laçın dəhlizi ətrafında kompromis axtarışına hazır olmaması narahat edir”.

Rusiya XİN-in nümayəndəsi bildirib ki, Moskva sülh prosesinə sadiq qalır. O tərəfləri təmkin nümayiş etdirməyə çağırıb:

“Biz tərəfləri öz bəyanatlarında, hərəkətlərində təmkinli olmağa, nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimaiyyətin, parlamentarilərin görüşləri də daxil Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının bütün aspektləri üzrə danışıqların bərpasına çağırırıq”.

Mariya Zaxarova Aİ-nin Ermənistandakı missiyası barədə də fikir söyləyib:

“Biz münaqişənin tənzimlənməsində Qərbin iştirakının verdiyi əlavə dəyəri görmürük. Axı bunlar özünü nədəsə göstərməli idi. Biz axı onların öz fəaliyyəti ilə gətirdiyi uğurları görmürük, bunlar sadəcə olaraq yoxdur”.

Paşinyan: 'Sülh sazişi olacaq'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG