Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:49

Prezidentin qızı Rue89.com-u məhkəməyə verib


Lola Kərimova
Lola Kərimova
Özbək prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyeva Fransanın Rue89.com internet saytını məhkəməyə verir.

Özbəkistanın UNESCO-dakı səfiri qismində Parisdə yaşayan Kərimova-Tillyeva hesab edir ki, Rue89.com-da dərc olunan yazılarda atası İ. Kərimov və onun özü təhqir olunur.

AzadlıqRadiosunun özbək xidməti ilə söhbətində Rue89.com-un jurnalisti Avqustin Skalbert deyir ki, Kərimovun qızının məhkəmə iddiasına səbəb onun yazdığı 3 məqalədir. Bu yazılarda İ. Kərimov «diktator» adlandırılır, onun qızının Fransadakı xeyriyyə fəaliyyəti isə tənqid olunur.

A.Skalbert yazır ki, xeyriyyəçilik aksiyalarına sponsorluq etməklə Lola Kərimova-Tillyeva Özbəkistanın beynəlxalq imicini dəyişmək, insan haqlarının kobud şəkildə pozulması ilə tanınan bu totalitar ölkənin adını təmizə çıxarmaq istəyir. Skalbert deyir:

«Onun Fransada qoşulduğu xeyriyyə tədbirlərində yoluxucu xəstəliklər, kasıbçılığa qarşı mübarizə ilə yanaşı, dünyada insan haqlarının qorunmasına da ianə toplanır. Bu məqsədlərə Fransada pul verən Kərimova-Tillyevanın diktator atası isə Özbəkistanda insan haqları ilə tamamilə əks istiqamətdə davranır».

AzadlıqRadiosunun «məhkəmədə yazdıqlarınızı sübut edə biləcəksiz» sualına Skalbert cavab verir:

«Elədir, bizim sübutumuz var ki, o, xeyriyyə tədbirində 20 dəqiqəlik çıxış üçün aktrisa Monika Beluççiyə 90 min avro pul verib».

Mərkəzi Parisdə yerləşən «Sərhədsiz Reportyorlar» təşkilatının əməkdaşı Jil Lorde Rue89.com-da dərc olunan yazılarla tanışdır. O deyir ki, KƏRİMOVUN DİKTATOR ADLANDIRILMASI TƏHQİR DEYİL:

Gülnarə Kərimova
«Özbəkistanda diktator rejimi barədə o qədər mediada yazılıb, o qədər siyasətçi belə bəyanat verib ki, onların hamısını məhkəməyə verməkdənsə, İslam Kərimovun tərcümeyi-halına baxsa, daha yaxşı olardı».

Kərimovun qızının iddiasına mayın 19-da Paris məhkəməsində baxılacaq.

Onun vəkilləri Kərimovların adına dəyən ləkəyə görə Rue89.com sahiblərindən 30 min avro (35 min manat) təzminat tələb edirlər.

Prezident İ. Kərimovun 2 qızı var. Hər ikisi Özbəkistanın rəsmi səfirləri qismində illərdi Avropada yaşayır və dəbdəbəli həyat tərzləri ilə tez-tez beynəlxalq medianın diqqətini cəlb edirlər.

Lolanın böyük bacısı Gülnarə Kərimova BMT-nin İnsan Haqları Komitəsində Özbəkistan təmsilçisi kimi Cenevrədə yaşayır. 2009-cu ildə «Foreign Policy» jurnalı atasının pullarını özünün şəxsi iqtisadı maraqlarına xərclədiyi üçün onu «İlin ən pis qız övladı» adlandırmışdı. Gülnarə Kərimovanın Avropada milyonlarla dəyəri olan mülklər aldığı bildirilir, onun özü isə İsveçrənin ən varlı qadınlarından biri hesab olunur.
XS
SM
MD
LG